"Hərbi Qənimətlər Parkı bizim milli qürurumuzun mənəvi qida aldığı bir məkandır"

“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı 44 günlük Vətən müharibəsinin hər günü xalqımızın və dövlətimizin şanlı tarixdir. Hərbi əməliyyatların davam etdiyi hər gün Azərbaycan Ordusu yalnız irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Möhtərəm dövlət başçımızın dediyi kimi, Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Belə də oldu. Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında bir Dəmir yumruq kimi birləşərək Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Son dərəcə qürurverici haldır ki, müharibə zamanı Azərbaycan Ordusunda bir nəfər olsun belə, fərari olmayıb. Hətta yaralı əsgər və zabitlərimiz də hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın və biz döyüş meydanına qayıdaraq, öz missiyamızı başa vuraq. Məhz bu fədakarlığın, şücaətin və rəşadətin nəticəsidir ki, Azərbaycan dövləti bu gün qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat Zəfər paradını Azərbaycanın haqlı və güclü mövqeyinin bütün dünyaya nümayişi kimi qiymətləndirərək, bu tədbirin tarixi hadisə olduğunu vurğulayıb: “Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradının mahiyyətini ən doğru səciyyələndirən cənab Ali Baş Komandan demişdir: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.” Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Həmçinin bu möhtəşəm tədbirdə yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də təmsil olunmuşdular. Qeyd olunmalıdır ki, Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi rəmzi məna daşımaqla böyük mənəvi və siyasi əhəmiyyət kəsb etdi. Məlum olduğu kimi Şuşanın işğaldan azad olunması Vətən müharibəsinin gedişində həlledici məqam idi. Azərbaycanın Vətən müharibəsində qalib gələcəyi istənilən halda qaçınılmaz olsa da, məhz Şuşanın azad olunması hərbi əməliyyatların Azərbaycan üçün ən əlverişli şərtlərlə başa çatmasını təmin etdi. Zəfər paradına gətirlmiş bayraqla Şuşanın bir parçası da Zəfər paradında iştirak etmiş oludu. Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi də paradda nümayiş olunmuşdur. Bu isə eyni zamanda həm Azərbaycanın həm hərbi gücünün, həm də haqlı olmasının nümayişi idi. Bununla da həm ermənilər, həm də onların bütün dünyada olan havadarları öz xəyanətkar siyasətləri nəticəsində yaşamalı olduqları aqibətin acısını hər zaman xatırlamalı olacaqlarına dair açıq-aydın mesaj aldılar.”

Daha sonra A.Naxçıvanlı qeyd edib ki, Bakıda keçirilmiş Zəfər paradı həm də Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələırinin daha bir nümayişi oldu: “Artıq qeyd olunduğu kimi, Zəfər paradında Azərbaycan hərbçiləri ilə yanaşı türk əsgər və zabitləri də iştirak etmişdilər. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə qəbul etmişdilər. Birmənalı olaraq demək lazımdır ki, Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın tarixi Qələbə qazanmasında önəmli rol oynadı. Türkiyə Prezidentinin hərbi əməliyyatların başlandığı ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çox xarici qüvvələrin bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Qələbə bayramı Türkiyədə də eynilə Azərbaycanda olduğu kimi qeyd olundu. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi, Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu. Artıq bütün dünya bildi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və bu qardaşlıq bundan sonra həm də strateji müttəfiqlik müstəvisinə daşınmaqla öz gücünü daha da artıracaq.”

Həmçinin deputat Hərbi Qənimətlər Parkının yaradılmasının siyasi-mənəvi əhəmiyyətini vurğulayaraq bunları deyib: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tarixi Qələbəmizin əbədiləşdirilməsi məqsədilə bir sıra mühüm qərarlar qəbul edib. İlk növbədə möhtərəm dövlət başçımız xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqların və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb. Həmçinin cənab Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub. Bu gün Hərbi Qənimətlər Parkını ziyarət edən hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görür, Azərbaycan xalqının iradəsinin şahidi olur. Hər kəs görür ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər. Bu gün düşmənin hərbi texnikasının müəyyən bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Qeyd etmək lazımdır ki, bu Parkın yaradılması həm də milli birliyimizin daha da möhkəmləndirilməsi işinə ən böyük töhfədir. Artıq bütün dünya bilir ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında ordumuzun qarşısında duruş gətirə bilməyən düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılmış “İskəndər M” raketinin qalıqları da var. Bu raketin qalıqları bizim necə bir azğın, vəhşiləşmiş düşmənlə döyüşdüyümüzün ən bariz sübutlarından biridir. Həmçinin parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya da yer almışdır. Birmənalı olaraq deyə bilərik ki, Hərbi Qənimətlər Parkı bizim milli qürurumuzun mənəvi qida aldığı bir məkandır.”