Heydər Əliyev və ordu quruculuğu

Hər bir müstəqil dövlətin müstəqilliyini, ərazi bütövlüyünü, xalqının təhlükəsizliyini, bir sözlə dövlətin özünü onun ordusu qoruyur. Ulu Öndərin dediyi ki, ordu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günüdür. Əslində 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix - 9 oktyabr tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilmişdi. Silahlı Qüvvələri Günü kimi 26 iyun tarixinin seçilməsi Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması ideyasına sadiq qalan və əvvəlki dövlət rəhbərliyindən fərqli olaraq bu varislik ideyanın möhkəmləndirilməsinin və qorunmasının xalqımız üçün mənəvi, siyasi-hüquqi əhəmiyyətini dərindən dərk edən dahi Heydər Əliyevməhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə Müsəlman Korpusunun adının dəyişdirildiyi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırıldığı tarixin - 26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsi barədə fərman vermişdir.

Ordumuzun yaranma və inkişaf tarixinə nəzər salsaq bilirik ki, Çar Rusiyası dövründə azərbaycanlılar hərbi xidmətə çağırılmırdı. Bunun səbəbi aydındır - Çar hökuməti onların hərb sənətinin sirlərinə yiyələnməsini istəmirdi, orduda xidmət edən azərbaycanlıların silahı rus müstəmləkəçilərinə qarşı çevirə biləcəyindən qorxurdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qeyd etdiyimiz kimi Əlahiddə Azərbaycan Korpusunun, həmçinin Hərbi Nazirliyin yaradılması, ilk dəfə səfərbərliyin elan edilməsi Azərbaycan Ordusunun yaradılması istiqamətində atılmış addımlar olsa da Cumhuriyyətin süqutu ilə bu işlər yarımçıq qaldı. Sovet dövründə azərbaycanlı gənclər hərbi xidmətə çağırılsalar da, onlar əsasən döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, köməkçi batalyonlarda xidmət edirdilər. Məqsəd yenə aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən kadrların yetişdirilməsinə imkan verməmək. Bununla da Azərbaycanda ordu quruculuğu prosesi dayandı.

Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə rəhbərliyə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə ordu quruculuğu prosesinə başlanıldı. Müasir Azərbaycan Ordusunun qurucusu Ulu Öndər Heydər Əliyevdir. Onun xalqımız qarşısındakı tarixi xidmətlərindən biri də məhz Azərbaycan Ordusunun memarı olmasıdır. Azərbaycanın yenidən müstəqillik qazanacağına və bu zaman hərbi kadrlara ehtiyac duyacağına əmin olan Ümummilli Lider sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ölkəmizdə milli hərbi kadr hazırlığı, hərb sənətiningüclənməsi, hərbi kadrların hazırlanması, zəngin hərb tarixinin öyrənilməsi, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi məsələlərini hər zaman diqqət mərkəzində saxlamışdır. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırıldı, bu istiqamətdə əməli-təşkilati işlərə rəvac verildi, Azərbaycanda gənclərin hərbi xidmətə hazırlanmasına yeni tələblər irəli sürüldü. Sovet dövründə Heydər Əliyevin milli zəmində hərbi-təşkilati işinin çox mühüm istiqamətini milli zabit kadrlarının hazırlanması təşkil edirdi ki, onun da zirvəsi Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbiməktəbin açılması olmuşdur.

Ümummilli lider müstəqil Azərbaycana rəhbərliyi dövründə də kifayət qədər qısa bir zamanda Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real silahlı qüvvələri formalaşdırmış, Azərbaycan Ordusunu dövlət müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirmişdir. Ulu Öndərin 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərmanı isə hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesini yeni inkişaf mərhələsinə yüksəltmişdir.

Ulu Öndərin rəhbərliyi dövründə ordu quruculuğunda atılmış mühüm addımlardan biri də bu sahədə ölkəmizin xarici dövlətlər və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığının fromalaşdırılması olmuşdur. Başda dost və qardaş ölkələr Türkiyə, Pakistan olmaqla bir çox dövlətlərlə hərbi sahədə strateji əməkdaşlıq haqqında sazişlər imzalanmış, xüsusilə NATO ilə sıx və səmərəli əməkdaşlıqSilahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb olmuşdur. 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulmuşdur. Azərbaycan hərbçiləri NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yeniliklərə yiyələnmiş və NATO standartlarına uyğunlaşdırılan Azərbaycan Ordusu modern orduya çevrilmişdir.

Azərbaycan Ordusunun inkişafı, modernləşdirilməsi, döyüş qabliyyətinin artırılmasıcənab Prezident İlham Əliyevin rəhbərliyi illərində də uğurla davam etdirilmiş, ümumiyyətlə ordu quruculuğu dövlət quruculuğunun prioriet istiqamətinə çevrilmişdi. Son illər ərzindəSilahlı Qüvvələrin maddi-texniki təchizatı yenilənmiş,müasir infrastruktur yaradılmış, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Cənab Prezidentin rəhbərliyi illərində xüsusilə müdafiə sənayesi sahəsindəki inkişaf ayrıca qeyd edilməlidir. Azərbaycanda son illərdə formalaşan və sürətlə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.Silah və hərbi texnikaların satın alınmasına dair hərbi sənaye sahəsində inkişaf etmişölkələrlə imzladağımız müqavilələr də həm hərbi sahədə əməkdaşlıq əlaqələrimizin genişləndirilməsi baxımından, həm də ordumuzun ən müasir texniki avadanlıqlarla təmin olunması baxımından olduqca əhəmiyyətli olmuşdur. Ordu quruculuğu sahəsindəki bu əzmkar fəaliyyət əlbəttə öz bəhrəsini vermiş və biz hələ 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun gücünü, qələbə əzmini bütün dünyaya göstərmiş, həmin vaxt artıq Qarabağ Zəfərimizin yaxınlaşdığını hiss etmişdik.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmən üzərində tarixi qələbə və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər isə Azərbaycan ordusunun müvəffəqiyyət zirvəsini təşkil edir. Düşmənin kapitulyasiya aktına imza atmağa məcbur olmasıordumuzun gücü hesabına əldə olunmuş nəticədir.ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri başda olmaqla hərbi analitiklər Vətən Müharibəsində Azərbaycan Ordsu tərəfindən istifadə olunan döyüş taktikasını dünya hərb tarixində yenilik hesab etməklə onun öyrənilməsinin vacibliyində həmfikirdirlər. Budur Azərbaycan ordusunun gücü, qüdrəti! Bu qüdrətli ordunu təşkil edən isə əlbəttə vətənpərvər Azərbaycan əsgərləridir.Müzəffər Ali Baş Komandanın dəfələrlə fəxrlə vurğuladığı kimi İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb.Dövlət də öz növbəsində hər zaman, xüsusilə Vətən müharibəsindən sonra Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və sağlamlığını qurban vermiş müharibə veteranlarına diqqət və qayğını ən yüksək səviyyədə həyata keçirir. Onların sağlamlığının bərpası, maddi təminatlarının yaxşılaşdırılması, mənzillə, avtomobillə təmin olunmaları, məşğulluq səviyyələrinin yüksəldilməsi cənab Prezident başda olmaqla hər bir dövlət məmurunun diqqət mərkəzində olan ən mühüm məsələlərdəndir. Müharibənin bitməsindən dərhal sonra cənab Prezidentin təşəbbüsü iləMilli Məclis tərəfindən “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişikliklər edilərək Vətən müharibəsi iştirakçılarının təltif edilməsi üçün yeni orden və medalların təsis edilməsi də dövlətimizin müharibə iştirakçılarına verdiyi böyük dəyərin sübutudur.

Tarixi Zəfərdən sonra bizim ordu quruculuğu sahəsində fəaliyyətimiz daha da intensivləşmişdir. Qələbəni qoruyub saxlamaq zərurəti, erməni faşizminin təzahürlərinin hələ də zaman-zaman özünü göstərməsi, müasir dünyada baş verən hadisələr, dövlətlərin hərbi büdcələrini artırmaları, hərbi ittifaqlara qoşulmaq meyillərin güclənməsi, hərb sənayesinə diqqətin artırılması sübut edir ki, ölkələrin müstəqilliyini qorumları üçün yüksək texnologiyalara malik olan orduya ehtiyacları var.

İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılması, cənab Prezidentin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissələrinin yaradılması,Silahlı Qüvvələrin büdcə vəsaitinin artırılması, hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universitetinin yaradılması, ordunun ən müasir hərbi-texniki vasitələrlə təmin edilməsi, hərbçilərimizin mütəmadi olaraq beynəlxalq hərbi təlimlərdə iştirakı ordumuzun gücünə güc qatmışdır. Keçən ilin sentyabr ayında “Yaşasın, Azərbaycan-Pakistan-Türkiyə qardaşlığı!” şüarı ilə Bakıda ilk dəfə olaraq keçirilən Azərbaycan, Türkiyə, Pakistan xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş-2021” birgə beynəlxalq təliminin rolunu xüsusi vurğulamaq istərdim. Ümumiyyətlə hazırda hərbi sənayəsində inkişafa görə dünya liderlərindən birinə çevrilən qardaş Türkiyə ilə bu sahədə son zamanlardaartan əməkdaşlığımız ordumuzun inkişafı üçün ən əsas təkanverici qüvvələrdən birinə çevrilmişdir. Ordumuzun inkişafı isə dövlətimizin inkişafı deməkdir. Cənab Prezidentin hər zaman vurğuladığı kimi Azərbaycan güclü dövlətdir, çünki onun güclü ordusu var. Həqiqətən də ilk növbədə ölkənin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi ilə onun digər sahələrdə də inkişafını şərtləndirə bilərik.

Mən Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə başda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla bütün hərbçilərimizi və xalqımızı təbrik edirəm. Xalqımız əmin olsun ki, Silahlı Qüvvələrimiz əldə etdiyi Zəfəri daim qoruyub saxlayacaq, dövlətimizin ərazi bütövlüyünü hər zaman təmin edəcəkdir. Bizim əsas gücümüz və qüdrətimiz Ali Baş Komandanın vahid rəhbərliyi altında formalaşan dövlət-xalq-ordu birliyindədir, bu birlikdən güc alan hərbçilərimiz istənilən mübarizədə zəfər qazanmaq əzmindədirlər.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin

sədri Ziyafət Əsgərov