Həzrəti Xədicə - İslamın yaranmasında həlledici rola sahib güclü qadın

"O, sözün əsl mənasında gözlə görünməyən sədləri aradan qaldırdı. Hətta müasir qadınlar belə onun 1400 il əvvəl əldə etdiklərinə nail olmağa can ata bilərlər".

Britaniyadakı Manchester şəhərində imam Əsəd Zaman, 6-cı əsrin Səudiyyə Ərəbistanında doğulan Həzrəti Xədicəni belə təsvir edir.

O, bir çox görkəmli zadəganların evlilik təklifini rədd edən, sərvət, güc və hörmət sahibi olan bir şəxsiyyət idi.

O, iki dəfə ailə qurdu. Onun birinci əri öldü və belə hesab olunur ki, o, ikinci həyat yoldaşından ayrılmağa qərar verdi.

Bundan sonra, o, bir daha nikaha girməyəcəyinə söz verdi... üçüncü və sonuncu həyat yoldaşı olacaq şəxslə tanış olana qədər.

Xədicə, həmin şəxsdə "nikaha dair fikrini dəyişdirməyə səbəb olan xüsusi keyfiyyətləri görə bildi", - Əsəd Zaman deyir.

Həmin dövr üçün qeyri-adi bir şəkildə, o öz seçimini edib, evlənmək təklifini dilə gətirdi.

O zaman Xədicə 40 yaşında idi, onun sıravi ailədən olan gələcək ərinin isə 25 yaşı var idi.

Ancaq bu yalnız bir sevgi hekayəsi deyil, bu, dünyanın ikinci ən böyük dininin başlanğıc nöqtəsidir.

Xədicənin yeni əri Məhəmməd peyğəmbər idi.

Tacir

dəvə karvanı

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Xədicənin dəvə karvanları Yaxın Şərq boyunca uzun məsafələri qət edərdi.

New York Universitetinin Qədim Yaxın Şərq tarixi professoru Robert Hoyland, Hz. Xədicənin kim olduğu barədə təfsilatlı bilik əldə etməyin çətin olduğunu deyir, çünki onun haqqında məlumatlar ölümündən illər sonra yazılıb.

Bununla birlikdə, əksər mənbələrdə o, "sərbəst ruh və çox güclü iradə sahibi" olan bir qadın kimi göstərilir, BBC-yə danışan Hoyland davam edir.

Məsələn, o, ailəsinin istəyinə uyğun olaraq, öz əmisi oğluna ərə getməkdən imtina etdi, çünki, həyat yoldaşını özü seçmək istəyirdi.

Xədicə ailə biznesini kommersiya imperiyasına çevirməyə nail olan tacirin qızı idi. Atası döyüşdə həlak olandan sonra o, işi öz əlinə aldı.

"O, şübhəsiz ki, dünyada özünə yol açmağa öyrəşmişdi," - BBC sənədli filminə müsahibə verən tarixçi və yazar Bettany Hughes deyir.

"Əslində, onu dünya tarixini dəyişdirəcək istiqamətə yönləndirən iti işgüzar zəkası idi."

Köməkçi

Bettany Hughes

ŞƏKLİN MƏNBƏYİ,DAVID LEVENSON/GETTY IMAGES

Şəklin alt yazısı,

Bettany Hughes deyir ki, Xədicə öz yolunu seçməyi adət etmişdir

Xədicə işlərini Məkkədən (Səudiyyə Ərəbistanı) aparırdı və Yaxın Şərqin ən iri şəhərləri arasında mal daşımaq üçün çox sayda karvanlara ehtiyacı var idi.

Bu karvanlar Yəmənin cənubundan Suriyanın şimalına qədər uzun məsafələri qət edirdi.

Xədicəyə məxsus sərvətin bir hissəsi ailəsindən miras qalsa da, onun özü də sanballı qazanc əldə etməyə nail oldu, İngiltərədəki Leeds Universitetinin İslam Tarixi üzrə dosenti Fozia Bora deyir.

Xədicə işçilərini işə özü götürməyi, işinə faydalı olacaq xüsusi bacarıqlı insanları özü seçməyi adət etmişdi.

Bir məqamda o, çox dürüst və zəhmətkeşliyi ilə tanınan bir şəxs haqqında eşidir və onu işə götürəndən sonra, karvanlarından birini onun sərəncamına buraxır.

Xədicə onun əzmkarlığına heyran idi və bir müddət sonra onun işindən razı qalaraq, yenidən evlənməyə qərar verdi.

Fozia Bora-ya əsasən, uşaqlıqda yetim qalaraq əmisi tərəfindən böyüdülən Məhəmmədin həyatında birdən-birə "daha çox sabitlik və iqtisadi rifah" yarandı.

Cütlük dünyaya dörd övlad gətirsə də, yalnız qız uşaqlarının sağ qaldığı güman olunur.

Bu ittifaqda bənzərsiz daha bir şey var idi: "Bu da nikahın monoqam olması idi," - London Müsəlman İnstitutunun professoru Rania Hafaz deyir.

Kişilərin əksəriyyətinin bir neçə arvadı olduğu bir dövrdə bu "sosioloji baxımdan əlamətdar hal idi. Çünki bu çoxarvadlı cəmiyyətdə yer alırdı."

İlk vəhy

Məkkə

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Xədicə və onun ailəsi Məkkə şəhərində yaşayıb

Hz. Məhəmməd də Xədicə kimi Qureyş qəbiləsinə mənsub olub. Bu qəbilənin yaşadığı bölgədə müxtəlif tanrılara ibadət edən ayrı-ayrı qruplar mövcud idi.

Ailə qurandan bir müddət sonra, Hz. Məhəmməd ibadət üçün Məkkə ətrafındakı dağlara çəkilərdi.

İslam dininə görə, Hz. Məhəmməd daha əvvəl Məryəmə İsa Məsihin anası olacağını elan edən mələk - Cəbrayıl vasitəsi ilə Allahdan vəhy aldı.

İslam dininə görə, Müsəlmanların müqəddəs kitabı Quran Məhəmmədə belə nazil olunub, ilk vəhyini alarkən, o nəyin baş verdiyini anlamadığı üçün çox qorxu keçiribmiş.

"Nəyi yaşadığını başa düşə bilmirdi. Tövhid anlayışı ilə böyümədiyi üçün ona istinad nöqtəsi çatışmırdı," - Fozia Bora belə hesab edir.

"O, bu hadisəyə görə, son dərəcə çaşqın və nigaran idi. Mənbələr vəhyin asan alınmadığını, bu təcrübənin fiziki cəhətdən sarsıdıcı təsirə malik olduğunu deyirlər. "

Quran

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Müsəlmanlar müqəddəs kəlamın Cəbrayıl tərəfindən vəhy olunduğuna inanır

Professor Hoyland deyir ki, Məhəmməd "hər şeydə güvənə biləcəyi tək insana" ürəyini açmağa qərar verdi.

Xədicə onu dinlədi və sakitləşdirdi. O, intuitiv olaraq bunun müsbət bir şey olduğunu anlarayaq, Məhəmmədə təsəlli verdi.

O, hətta xristianlığa yaxşı bələd olan qohumundan məsləhət istədi. Belə hesab olunur ki, Varaqa ibn Nöfəl Məhəmmədin vəhylərini Musanın aldığı vəhylərlə əlaqələndirib.

"O, əvvəlki ayələri bilirdi" deyə Bora izah edir, ona görə də "bu vəhylərin həqiqiliyinin bir növ təsdiqi idi".

"Bizə məlumdur ki, Qurani-Kərim vəhylərini almağa başlayanda Məhəmməd hətta özündən şübhə edirdi. Ancaq Xədicə onu peyğəmbər olduğuna inandırdı," - Harvard Universitetindən islamşünas Leila Ahmed deyir.

İlk müsəlman qadın idi

Fozia Bora

ŞƏKLİN MƏNBƏYİ,FOZIA BORA

Şəklin alt yazısı,

Fozia Bora: Bir tarixçi və müsəlman olaraq Xədicənin ilhamverici şəxsiyyət olduğunu görürəm

Bir çox alim hesab edir ki, Xədicə Məhəmmədin aldığı vəhyləri eşidən ilk şəxs olduğu üçün tarixdə ilk müsəlman və yeni dinə ilk iman gətirən şəxsdir.

"O, vəyhlərə inandı və onları qəbul etdi," - Foiza Bora qeyd edir.

"Zənnimcə, bu, Məhəmmədə Allahın sözünü yaymağa başlamağa inam verdi (...)".

Tarixçi Bettany Hughes deyir ki, bu mərhələdə Məhəmməd qəbilə ağsaqqallarına meydan oxudu və dini açıq təbliğ etmək qərarına gəldi: "Yalnız bir Tanrı var - Allah. Başqalarına ibadət etmək küfrdür."

Foiza Boraya görə, Hz. Məhəmməd İslamı təbliğ etməyə başladığı zaman, monoteizmə [yalnız tək Tanrının varlığına inam] qarşı çıxan Məkkə cəmiyyətinin bir çox üzvü tərəfindən qəbul olunmurdu.

"Lakin Xədicə ona," - Foia Bora əlavə edir, - "həmin vaxt ehtiyac duyduğu dəstəyi və müdafiəni verdi."

"Növbəti 10 il ərzində Xədicə ərini dəstəkləmək və yeni yaranan inancı maliyyələşdirmək üçün ailə əlaqələrini və bütün sərvətini istifadə etdi," - Hughes belə deyir.

O, politeizmə (çox Tanrının varlığına inam) inanan cəmiyyətdə tək Tanrının olduğunu təbliğ edirdi.

"Kədər ili"

Namaz qılan qadın

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

İslam tarixində bir sıra görkəmli qadın şəxsiyyət var

Xədicə ömrü boyunca ərini və İslamı dəstəkləmək üçün əlindən gələni edirdi. Lakin o, 619-cu ildə xəstələnəndən sonra vəfat edir. 25 illik evlilikdən sonra Məhəmmədin həyatında bir boşluq əmələ gəldi.

"Xədicənin ölümündən sonra o, əsla özünə gələ bilmədi," professor Hoyland belə deyir.

"Həmin dövrün mənbələrində diqqəti çəkən maraqlı məqam odur ki, Məhəmmədin ən yaxın dostları haqqında bəhs edilərkən, Əbu Bəkr və ya Ömər deyil, Xədicə haqqında danışılır".

Tarixçi Bettany Hughes deyir ki, müsəlmanlar hələ də Xədicənin vəfat etdiyi ili "Kədər ili" kimi yada salırlar.

Sonda Məhəmməd yenidən evlənir və bu dəfə onun bir neçə xanımı olur.

Xədicə haqqında bildiklərimizin çoxu Məhəmmədin həyatı ilə bağlı hekayələr, əfsanələr və kəlamları nəql edən hadislərə əsaslanır, Xədicə barədə uşaqlar üçün yazılan kitabın müəllifi, müsəlman alimi Fatima Barkatullah deyir.

Hədislər əvvəlcə Məhəmmədin ən yaxın silahdaşları tərəfindən söylənilən və daha sonra yazılan hekayələrdir.

Onları bizə çatdıranlardan biri də Məhəmmədin həyat yoldaşı, İslamın görkəmli şəxsiyyətlərindən biri kimi tanınan Aişədir.

"Şübhəsiz ki, peyğəmbər ona Xədicə barədə və peyğəmbər olduqdan əvvəl, vəhyləri alarkən baş verənlər haqqında danışıb," - Fatima Barkatullah deyir.

Onun sözlərinə görə, Aişə Məhəmmədin həyatının əvvəlki dövrlərini öz gözü ilə görməsə də, onun söylədiklərini "səmimi şəkildə digər müsəlmanlara çatdırmağı özünə borc bilirdi".

Rol modeli

Gənc müsəlmanlar

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Bir çox gənc müsəlman qadın üçün Xədicə bir örnək sayılır

Foiza Bora deyir ki, Xədicənin hekayəsini öyrənməklə, erkən müsəlman icmalarında qadınların evdə qalması barədə mifi aradan qaldırmaq olar.

Onun sözlərincə, Hz. Məhəmməd istəmirdi ki, Xədicə məşğul olmaq istədiyi şeylərdən imtina etsin. Belə ki, İslam o dövrün qadınlarına daha çox hüquq və əhəmiyyət vermiş oldu.

"Bir tarixçi və müsəlman olaraq, mənim üçün başqa qadınlar arasında Xədicə və eləcə də Fatimə (Məhəmmədlə Xədicənin qız övladlarından biri) ilə Aişə ilhamverici bir şəxsiyyətlərdir".

"Onlar ziyalı, siyasi cəhətdən fəal idilər və dinin yayılmasında, İslam cəmiyyətinin formalaşmasında böyük rol oynadılar."

"İnanclı və inanclı olmayan tələbələrimə bu qadınlar haqqında danışmaq," - alim əlavə edir, - "çox xoşuma gəlir".