Hicran Hüseynova: “Gələcəkdə sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericiliyi dəyişmək lazım olacaq”

“Azərbaycanda qadın sahibkarlarla əməkdaşlıq edən, işləyən bir çox assosiasiyalar və təşkilatlar var. Onlarla mentorluq proqramı keçirlər. Ola bilsin ki, gələcəkdə sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericilikdə hansısa əlavə və dəyişiklik etmək lazım olacaq”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, sahibkarlığın qadın, kişi tərəfi yoxdur: “Azərbaycanda sahibkarlığın inkişafını görürük. Ancaq əlbəttə ki, biz çox istəyirik ki, qadın sahibkarların sayı daha da artsın. Ölkədə qadınların iqtisadi təşəbbüskarlığının artması, onların kiçik və orta sahibkarlıqda geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Əsas məqsəd qadınlarda özünəinam hissini artırmaq, həm öz icmasına, həm də cəmiyyətə töhfə verə bilməsinə şərait yaratmaqdır. Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad olunmasından sonra bu imkanlar daha da artıb”.