Hicran Hüseynova seçicilərinin müraciətini hökumət üzvlərinin diqqətinə çatdırdı

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Milli Məclisin iclasında çıxış edib. Qeyd edib kiölkəmiz nəinki regionun, dünyanın lider ölkələri sırasında olmaqla bərabər, Azərbaycan əksər regional və beynəlxalq layihələrin əsas tərəfdaşı və təşəbbüskarıdır: "Möhtərəm Prezidentimizin uğurlu dövlət idarəçiliyi, onun rəhbərliyi ilə aparılan sistemli islahatlar, göstərdiyi siyasi iradə hər bir vətəndaşın rifahının yüksədilməsinə yönəlmişdir. Xüsusilə vurğulamaq istərdim ki, ölkənin daxilində baş verən siyasi proseslər, sosial və idarəetmə sahəsində aparılan islahatlar həm əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, həm də dövlətimizin daha da gücləndirilməsinə öz mühüm və müsbət təsirini göstərir. Məhz bunun nəticəsidir ki, rəşadətli ordumuz 44 günlük Vətən Müharibəsidə erməni faşizmini məhv etməklə, Qarabağı işğaldan azad etdi, ərazi bütövlüyümüz təmin olundu. COVİD-19 pandemiyasının neqativ təsirlərini minimuma endirdi. Pandemiyanın bütün dünyada mənfi təsirləri fonunda Prezidentin rəhbərliyi ilə çevik iqtisadi siyasət həyata keçirilmiş, ölkə iqtisadiyyatı öz dayanıqlılığını qoruyub saxlaya bilmişdir. Dünya Bankının hesabatlarına görə 2020-ci ildə Azərbaycan 34-cü pillədən 28-ci pilləyə yüksəlmiş, növbəti dəfə dünyanın “ən islahatçı 10 ölkəsi” sırasına daxil olmuşdur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Hökuməti, başda Baş nazir cənab Əli Əsədov olmaqla, bütün nazirliklər və dövlət qurumları həm pandemiya, həmdə vətən müharibəsi zamanı operativ fəaliyyət göstərmişdir. Və bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapmışdır. Hesabat yüksək səviyyədə və peşəkarlıqla hazırlanıb. Münasibətim müsbətdir, səs verəcəyəm. Bununla yanaşı, bir neçə məsələyə toxunmaq istəyirəm".

H.Hüseynova hökumətin hesabatı ilə bağlı danışarkən bildirib ki, hesabatda gender bölgüsünün göstərilməsi müsbət haldır: "Çox yaxşı haldır ki, Hesabatın bəzi paraqraflarında görülən işlər və faydalanan insanların gender bölgüsü verilmişdir. Məsələn, ”Əhalinin həyat səviyyəsi və sosial siyasət” bölməsində biz bütün parametrlər üzrə gender bölgüsünü müşahidə edirik. Gender üzrə indikatorlarının göstərilməsi həmin sahələr üzrə aparılan tədbirlərin həm şəffaflığının, həm də unvanlılığının göstəricisidir. Eyni zamanda isə, nəticəyə əsaslanan büdcənin tərtibi mexanizminin daha da inkişaf etdirilməsi və genderə həssas büdcənin tətbiqi deməkdir. Gender büdcəsi vasitəsilə hökumət boşluqları təhlil etmək, məqsəd və hədəfləri müəyyən etmək və fiskal siyasətini bunun üzərindən qurmaq imkanları əldə edə bilər. Məşğul əhalinin 48,2%-i qadınların payına düşdüyü halda iqtisadi qeyri-fəal əhalinin 65,8 faizini qadınlar təşkil edir. İşsizliyə gəlincə, ölkə üzrə rəsmi işsizlik səviyyəsi 2019-cu ildə 4,9% olduğu halda, qadınlar arasında bu göstərici 5,7%-ə bərabərdir. Halbuki kişilər arasında rəsmi işsizlik səviyyəsi 4,3%-dir. Qadınların böyük bir hissəsi əmək bazarında aktiv iştirak edə bilmir. Bunun əsas səbəblərindən biri məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığıdır. Məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumtəhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş uşaqların 1-5 yaşlı uşaqların ümumi sayında xüsusi çəkisi 31,3 faizdir. Şəhər yerlərində bu rəqəm 44,1 faiz, kənd yerlərində isə 19,6 faiz təşkil edir. Doğrudur bu göstərici əvvəlki illərlə müqayisədə artmışdır. Lakin uşaq bağçalarının, eləcə də gün ərzi qayğı mərkəzlərinin az olması, bəzi rayon, qəsəbə və kəndlərdə heç olmaması qadınları işləmək imkanlarından məhrum edir. Bildiyiniz kimi, son zamanlar həm Prezident cənab İlham Əliyevin, həm də Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə tikilən bütün yaşayış şəhərciklərində uşaq bağçaları, məktəblər və digər sosial obyektlərin də istifadəyə verilməsi mühüm şərtlərdən biridir. Eyni zamanda, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində, Azərbaycan 2030: sosial inkişafa dair Milli Prioritetlər” də dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması və rəqabətli insan kapitalının yaradılması əsas məqsədlərdən biri kimi göstərilir. Bu müəssisələr həm də iri şirkətlər tətəfindən də açıla bilər. Bu, iş yerlərində əmək məhsuldarlığının artırılması (işçilərin övladları ilə bağlı qayğılarının azaldılması, ixtisaslı qadın işçilərin bilik və təcrübəsində fasiləsizliyin qorunması yolu ilə) və məşğulluqda gender bərabərliyinin qorunması baxımından əhəmiyyətli ola bilər".

Qadınların peşəkar mütəxəssis olaraq, əmək bazarında iştirakının artırılması məsələsinə toxunan H.Hüseynova məsələnin önəmli olduğunu diqqətə çatdırıb: "Müasir iş yerləri yüksək elmi, texnoloji bilik və bacarıqlar tələb edir. İqtisadi fəal qadınların hər 10-undan 6-sı tam orta təhsillə bazara daxil olur. Qadınlar arasında ixtisas təhsilinin zəifliyi əmək bazarında ümumi peşəkar kadr qıtlığının yaranmasına, uğurlu karyera qura bilməməsinə, məşğulluğun bütün sahələrində gender bərabərsizliyinə gətirib çıxarır. Buna görə də İlk peşə və orta ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması və bu sahədə əsas ehtiyacların öyrənilməsi, ayrı-ayrı rayonların sosial-iqtisadi inkişaf prioritetlərinə əsasən müəyyən edilməsi çox vacibdir. Məsələn hesabatda peşə təhsili və orta ixtisas təhsili haqqında görülən tədbirlər qeyd olunub. Lakin bu tədbirlərin nəticəsində nə qədər insanın faydalanması və işlə təmin olunması göstərilməyib. Əlbəttə ki, statistik göstəricilər mövcuddur, lakin hesabatda öz əksini tapması daha məqsədəmüvafiq olardı. Qadın məşğulluğunun və qadın sahibkarlığının inkişafını zəruri edən bir neçə amil mövcuddur. İlk növbədə qadınlar əhalinin yarısını təşkil edir və onların arasında məşğulluğun artırılması əhalinin sosial vəziyyətinin yaxşılaşmasına dəstək verə bilər. İkincisi, qadının iqtisadi cəhətdən asılı olmaması onu bir çox risklərdən və çətinliklərdən müdafiə edir. Üçüncüsü isə, ölkədə ömür uzunluğunun artır, buna görə də əhalinin ömür boyu təhsil alması və yeni peşəyə sahib olması getdikcə aktuallaşır".

H.Hüseynova 41 saylı Sumqayıt seçki dairəsi ərazisində yaşayan seçicilərin müraciətlərini səsləndirib: "Cənab Prezidentin Sumqayıt şəhərinin abadlaşdırılması, infrastrukturun yenilənməsi, yeni sənaye parkların, zavod və fabriklərin tikilməsi ilə bağlı həyata keçirdiyi layihələr buna bariz nümunədir. Ancaq bilirsiniz ki, inkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycanda məişət tullantılarının emalı, ətraf mühitə təsirinin öyrənilməsi və optimallaşdırılması, poliqon texnologiyasının tətbiqi, tullantıların texnoloji və ekoloji qiymətləndirilməsi, təkrar emalı, xammal kimi istifadə olunma potensialı olduqca aktual məsələdir. Məişət tullantıları bir tərəfdən insan sağlamlığına zərəri olmaqla yanaşı təbii mühiti çirkləndirir, amma eyni zamanda sənaye üçün də güclü xammal resursudur. Onu qeyd edim ki, Cənab Prezident 2008-ci ildə Balaxanı Məişət Tullantıları Zavodunun açılışındakı nitqində xüsusi olaraq İqtisadiyyat Nazirliyinə və digər aidiyyəti qurumlara tapşırmışdır ki, bir neçə yerdə belə sənaye kompleksləri yaradılsın, o cümlədən – Sumqayıt şəhərində də. Sizdən xahiş edirəm ki, Sumqayıtın ekoloji probleminin və onun sakinlərinin sağlamlığı ilə bağlı təhlükəsizlik təminatını həll etmək üçün şəhərdə Məişət Tullantıları Zavodunun tikintisi xərclərini büdcə layihəsinə yaxud investisiya proqramlarına salınmasına köməklik göstərəsiniz. Bundan başqa, vətəndaşların çoxsaylı müraciətlərindən biri də bəzi qəsəbə və yaşayış məhəllələrində, xüsusilə də Corat qəsəbəsində küçə və yolların təmiri, sakinlərin içməli su ilə təmin edilməsidir".