Hicran Hüseynovadan TƏKLİF

Hazırda qlobal problemlər, o cümlədən, ekoloji problemlər, istiləşmə, torpağın deqradasiyası qida istehsalında  bir sıra fəsadlar yaradır.  Bu isə əhalinin sağlamlığına, xüsusilə reproduktiv sağlamlığına, gələcək nəslin sağlam böyüməsinə və inkişafına mənfi təsir göstərir. 

Əhalinin qida məhsulları ilə etibarlı təminatı dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə edilmişdir. 

Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin yaradılması isə bu prosesi daha stimullaşdırdı.
     
Görülmüş tədbirlərin davamı olaraq, ölkədə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq üçün  müvafiq qanunun qəbul edilməsinə ehtiyac vardır. Bu baxımdan, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanun layihəsi peşəkarlıqla hazırlanmışdır. Əlbəttə ki, qida təhlükəsizliyi sahəsində dövlətin tənzimləməsinin  məqsədi istehlakçının hüquqlarının müdafiə edilməsidir. Ancaq eyni zamanda, düşünürəm ki, qanun layihəsində  sahibkarlığın inkişafı ilə bağlı bənd  təsbit olunduğu kimi,  istehsalçının hüquqlarını müdafiə  olunması məsələsi də öz əksini tapmalıdır.  Bu baxımdan  təklif edirəm ki, Qanunun 4-cü maddəsinin  4.1.1. istehsalçı sözü də əlavə edilsin. Tanınmış məhsulu saxta yolla və təhlükəli halda hazırlayırlar. Qanunsuz satışını təşkil edirlər. Bu isə əsl istehsalçıya ziyan vurur, nəticədə məhsul daha az satılır, istehlakçının həmin məhsulun keyfiyyətinə etibarı azalır.  Buna görə də istehsalçının hüquqlarının qorunması da öz həllini tapmalıdır.  Yəqin ki, bu məsələ üçüncü oxunuşa qədər nəzərə alınacaqdır. Qanun layihəsində həmçinin qida təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasına görə məsuliyyətin müəyyən olunması da nəzərdə tutulur. Fikrimcə qida təhlükəsizliyi məsələsi strateji olduğundan bu çox düzgün yanaşmadır.

Hicran Hüseynova,

Milli Meclisin deputatı