“Bravo” hipermarketinə edilmiş silahlı basqınla bağlı ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Sabahinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.
İttihamda deyilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketinə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib, onun mühafizəsini təşkil edən Rüfət Həşimov isə öldürülüb. Bundan başqa hücum zamanı külli miqdarda pul vəsaiti ələ keçirilib.
Toplanmış sübutlar əsasında 6 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Cinayəti icra etməkdə ittiham olunan Dəyanət Qüdrətova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd) 181.3.2 (sağlamlığa ağır zərər vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə) 229.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər maddələri, cinayətin törədilməsində köməkçilər - Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova həmin Məcəllənin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər maddələri, cinayətin törədilməsində köməkçi - Rövşən İsmayılova həmin Məcəllənin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək İsgəndərova isə qeyd olunan Məcəllənin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxslərdən Babək İsgəndərov və Rövşən İsmayılov azadlıqdadır. Onlar barəsində istintaq dövrü müddətində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslər verilmiş ittihama münasibətdə özlərini təqsirli bilməyiblər. Onlar oktyabrın 18-i keçiriləcək iclasda mahiyəti üzrə geniş ifadə verəcəklər.