İctimai-siyasi xadim Kamran Hüseynov anılıb

Milli Məclisin ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri, deputat Hicran xanım Hüseynova və deputat köməkçiləri ilə birlikdə Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, "Şöhrət" ordenli Kamran Hüseynovun doğum günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət olunub. Kamran Hüseynov Sumqayıt şəhərinin tikilib-qurulmasında həmçinin onun inkişafında müstəsna xidmətləri olan şəxsdir. Allah rəhmət eləsin.

Qeyd edək ki, Kamran Hüseynov 15 dekabr 1913-cü iidə Zəngəzur qəzasının Çərəli kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. Kamran Hüseynov 1938–1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940–1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil almışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirmişdir.

Kamran Hüseynov 1941–1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, 1944–1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945–1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1949–1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov 1952–1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953–1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.

Kamran Hüseynov 1958–1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961–1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləmişdir. Kamran Hüseynov 1968–1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. O, 1980–1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri işləmiş, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri idi.

O, 1967-ci ildə tarix elmləri doktoru elmi dərəcəsi almışdır.

O, uzun illər Azərbaycan Respublikası Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı kimi səmərəli fəaliyyət göstərmişdir.

Kamran Hüseynov Azərbaycan Respublikasının ali mükafatı — "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Kamran Əsəd oğlu Hüseynov 2006-cı il aprelin 20-də ömrünün 93-cü ilində vəfat etmişdir.