İdman ölkəsi kimi uğurlarımızın davamı

Azərbaycan bu gün regional məsələlərin müzakirə edildiyi, beynəlxalq tədbirlərin keçirildiyi mərkəz olmaqla yanaşı idman ölkəsi kimi də mövqelərini möhkəmləndirir. Milli komandamızın Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatında qalib gəlməsi idman ölkəsi kimi qazandığımız uğurların davamıdır.

Dövlətimizin başçısı komandamızın üzvlərini Slovakiyada möhtəşəm qələbədən sonra qəbul etdi. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, ölkəmizdə idmanın inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılıb. Ancaq minifutbol idman növü, nisbətən yeni idman növü olduğuna görə bu sahədəki nailiyyətləri məhz komanda özü qazanıb. Burada isə təbii ki, komanda ruhu və vətənpərvərlik hissi əsas rol oynayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat vurğulayıb ki, dövlətimizin başçının nitqində gənclərə və idmançılara ünvanlanan ən vacib mesajlardan biri də “əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar” tezisi idi. Milli komandamız böyük uğur əldə edərək bayrağımızı növbəti dəfə qaliblər sırasında ucaltdı. Biz bütün uğurlarımıza həm də Vətən naminə, dövlətçilik və milli maraqlar naminə imza atırıq. Çünki əldə olunan bütün uğurlar nəticə etibarı ilə Azərbaycanın qazandığı beynəlxalq statusu daha da möhkəmləndirir. Təbii ki, bu qələbə gənc nəsil, gənc idmançılarımız üçün yeni stimul və yeni hədəflərdir.

“Azərbaycan həm də beynəlxalq idman yarışlarına uğurlu ev sahibliyini davam etdirir. Bakı növbəti dəfə dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula 1-ə ev sahibliyi etdi, Formula 1-i keçirməklə Azərbaycan ən yüksək səviyyəli turnirləri nümunəvi təşkil etməyə qadir olduğunu bir daha təsdiqlədi.

Bakı Formula 1 yarışlarına 2016-cı ildən ev sahibliyi edir. 2016-cı ildə Formula 1 təqvimindəki ilk çıxışından etibarən, yarışın Bakı mərhələsi qısa müddətdə ən dinamik nəticələr təqdim edərək geniş tamaşaçı kütləsi və pilotların sevimlisinə çevrilib. Hər il olduğu kimi, bu il də təşkilatçılıq ən yüksək səviyyədə idi. Dünyanın nüfuzlu KİV-nin paytaxt Bakıdan hazırladığı reportajlardan da aydın görünürdü ki, mötəbər yarış 6-cı dəfə Bakı küçələrində öz azarkeşlərinə möhtəşəm həyəcan yaşadıb. Builki yarışlar həm də canlı tamaşaçıları ilə diqqət çəkdi. Çünki pandemiya səbəbindən ötən il Formula 1 tamaşaçısız təşkil olunmuşdu. Yarım milyarda yaxın tamaşaçı auditoriyası olan Formula 1 bu göstərici ilə tamaşaçı sayının çoxluğuna görə futboldan sonra ikincidir. Ona görə belə mötəbər avtomobil yarışının Azərbaycanda keçirilməsi olduqca vacibdir. Bu, həm də Azərbaycanın dünyaya təqdimatıdır. Ölkəmizin nüfuzunun artması və təbliğat baxımından Formula 1 önəmli idman yarışıdır. Ev sahibliyi nəticəsində Azərbaycanın həm beynəlxalq nüfuzu artır, həm də idman ölkəsi kimi mövqeləri möhkəmlənir. 2018-ci ildə baş tutmuş Azərbaycan Qran-Pri yarışlarını ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib. Bu göstərici 2019-cu ildə 10 faiz artaraq 90.2 milyon nəfər təşkil edib”, - deyə Könül Nurullayeva qeyd edib.

Deputat bildirib ki, eyni zamanda, Formula 1 turistlərin də diqqətini ölkəmizə cəlb edir. Bu il də gözlənildiyi kimi, Bakıya rekord sayda beynəlxalq tamaşaçı gəldi. Təkcə Formula 1 ilə bağlı azarkeşlər, həm komandaların özləri, həm də yarışın bütün işçiləri daxil olmaqla Bakıya 10 mindən çox turist səfər edib. Üstəlik, bu il böyük konsertlərin təşkil olunmamasını nəzərə alsaq, bu, kifayət qədər böyük rəqəmdir. Ümumiyyətlə, Azərbaycanda keçirilən birinci Formula 1 Qran-Pri yarışlarından sonra ölkəyə kütləvi turist axını başlayıb. Görünən budur ki, ölkəmizdə avtoidman başda olmaqla idmana maraq yüksək səviyyədədir.