İki qardaş ölkə arasında yeni səhifənin başlanğıcı

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında yeni səhifənin, mərhələnin başlanğıcıdır. Həmçinin Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın ən yüksək səviyyəyə çıxarılması istiqamətində atılmış tarixi addımdır. Dövlətimizin başçısının Özbəkistana səfərinin mahiyyətini iki ölkə arasında imzalanan 20-dən çox sənədlər, ən əsası isə, strateji tərəfdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsini nəzərdə tutan Bəyannamənin imzalanması özündə ehtiva edir. Bu Bəyannamə iki dövlət arasında gələcək fəaliyyətin yol xəritəsi kimi qəbul edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.

Deputat qeyd edib ki, dövlət başçıları İlham Əliyev və Şövkət Mirziyoyev hökumət üzvlərinə əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika, investisiya fondunun yaradılması, sənaye, kənd təsərrüfatı, hərbi təhsil, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın sürətləndirilməsi barədə tapşırıq verdilər. Verilən tapşırıqların icrasına nəzarəti şəxsən ölkə başçılarının öz üzərlərinə götürməsi, heç şübhəsiz, çox yaxın zamanlarda müsbət nəticələrin olacağından xəbər verir.

Özbəkistan Mərkəzi Asiya regionunun, eyni zamanda, Türk dünyasının böyük, əhəmiyyətli dövlətidir. Özbəkistan mallarının Azərbaycan vasitəsilə dünya bazarına çıxması, hər iki dövlətə iqtisadi dividentlər gətirəcək, həmçinin gələcəkdə digər türk cümhuriyyətlərinin inteqrasiyasını sürətləndirəcək. Razılaşmalar sırasında media sahəsində birgə əməkdaşlığın nəzərdə tutulması Azərbaycan həqiqətlərinin Özbəkistanda, ümumiyyətlə Mərkəzi Asiya regionunda yayılmasını təmin edəcək.

“Dövlətlərarası münasibətlərin hansı səviyyədə olmasının kökündə şəxsiyyət amilinin dayanması aksiomadır. Bu baxımdan Prezident İlham Əliyevin Özbəkistanda qarşılanması, keçirdiyi rəsmi və qeyri-rəsmi görüşlərdəki səmimilik xüsusi diqqət çəkirdi. Müstəqilliyin ilk illərində Azərbaycanda AXC-Müsavat cütlüyünün hakimiyyəti zamanı məhz təsadüfi siyasətbazların fəaliyyəti nəticəsində Özbəkistanda da daxil olmaqla, bəzi dövlətlərlə münasibətlərimiz tamamilə pozulmuşdu. Buna baxmayaraq, Ümummilli Lider hakimiyyətə gələndən sonra çox böyük çətinliklərlə münasibətləri normallaşdırdı. Həm sovet dövründə, həm də müstəqillik illərində iki xalq arasında dostluq-qardaşlıq münasibətlərini formalaşdırdığına görə böyük dövlət adamı ulu öndər Heydər Əliyevin xatirəsi Özbəkistanda əziz tutulur. Bundan əlavə, Özbəkistanda Heydər Əliyev Meydanının açılışı xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır”, - deyə N.Məhəməliyev vurğulayıb.

O əlavə edib ki, Prezident İlham Əliyevin “mən Özbəkistanı yenidən kəşf etdim” fikirlərini hər birimiz bölüşürük və fəxr edirik. Özbək xalqının Azərbaycan Prezidentinə, xalqına qarşı hörmətinin kökündə ortaq din, tarix, mədəniyyət, milli köklərdə bənzərliklə bərabər, 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə də dayanır. Azərbaycanın müasir dünyada öz gücünə torpaqlarını azad etmiş yeganə dövlət olaraq beynəlxalq nüfuzumuzun artması düşmənlərimizi kədərləndirir, dostlarımızda isə özünəinam hissinin yüksəlməsinə səbəb olur. Son zamanlar dünyada, ələlxüsus postsovet respublikalarında baş verən proseslər fonunda Türk dövlətlərinin birliyinə çox böyük ehtiyac duyulur, onların birləşməsi, yaxınlaşması isə gücümüzə güc qatır.