Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığı müzakirə olunub

Türkiyədə keçirilən Türk dünyası xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

Görüşdə Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub.

Bu ərəfədə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva başda olmaqla bir qrup sahibkar xanım Şimali Kipr Türk Respublikasında səfərdə olub. Səfər çərçivəsində AQSİA nümayəndə heyəti bu ölkənin prezidenti Ersin Tatarla və bir sıra dövlət adamları ilə görüşüblər. Bundan başqa işgüzar səfər zamanı  AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva ilə Kipr Girişimçi Kadınlar Dərnəyinin  (GİKAD) rəhbəri İçim Çağıner Kavuklu  əməkdaşlıq memorandumu imzalayıblar. AQSİA rəhbəri Səkinə Babayeva Azərtac İnformasiya Agentliyinə bildirib ki, İmzalanan memorandum iki ölkənin qadın sahibkarları arasında əlaqələri genişləndirəcək,  birgə layihələrin həyata keçirilməsinə təkan verərək qadın sahibkarların şəbəkələşməsinə böyük töhfə verəcək: "Bu həm ölkəmizdə, həm də qardaş Şimali Kipr Respublikasında qadın sahibkarlığının inkişafına dəstək verəcək faktor rolunda çıxış edir."
 
Tədbirlər zamanı AQSİA sədri Səkinə Babayeva və üzvlər tərəfindən iştirakçılara Qarabağı, Şuşanı və Xarıbülbülü əks etdirən hədiyyələr, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri, azərbaycanlı professor Aygün Attarın 44 günlük müharibə ilə bağlı ərsəyə gətirdiyi, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Önsözünü yazdığı “Qarabağın Zəfəri” adlı kitabı hədiyyə edilmişdi. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamı ilə “Şuşa İli” çərçivəsində keçiriləcək olan "Qarabağ İncilərinin Avropa Sədası" layihəsinin təqdim olunacağı Qlobal Sahibkarlıq həftəsində, "Üfüqdə Yeni Fürsətlər : Qadın Sahibkarlara Yaşıl İşıq" konfransını təbliğ edərək, Şuşa ilinin milli-mənəvi və etnik cəhətdən əhəmiyyətindən danışılıb, Azərbaycan tarixində Şuşanın xüsusi yeri olduğunu vurğulanıb.  Daha sonra Səkinə xanım Şimali Kipr Türk Cümhuriyyəti prezidentinin xanımı Sibel Tatar başda olmaqla, GİKAD sədri İçim Kavuklu və Kiprli sahibkar qadınları 25-27 noyabrda Azərbaycanda keçiriləcək Şuşa layihəsinin və Üfüqdə Fürsətlər konfransının bağlanış mərasiminə dəvət edib.

Səfər çərçivəsində həmçinin, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin  nümayəndəsi Nigar Ağakişiyeva “Ananın yaylığı” adlı layihəni tədbir iştirakçılarına  təqdim  etdi.
AQSİA üzvlərinin bu ölkəyə səfəri Cənab prezidentimiz İlham Əliyevin  Şimali Kipr Respublikasının prezidenti Ersin Tatarı qəbul etdiyi ərəfəyə təsadüf etməsi isə qadın sahibkarlar üçün həm ikiqat məsuliyyət, həm də qürurdur.