İltizam Yusifov: "Energetika siyasətində qarşıya qoyulan prioritetlər uğurla icra olunur"

Azərbaycanın enerji potensialı dünya üçün stimuldur. Neft və qazla yanaşı elektrik enerjisinin istehsalı və ixracı baxımından atılan addımlar artıq öz müsbət bəhrəsini verməkdədir.

Bunu Sabahinfo.az-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, həyata keçirilən uğurlu siyasət Avropanın enerji xəritəsində Azərbaycanın rolunu artırıb. Enerji təhlükəsizliyinin milli təhlükəsizliyin mühüm həlqəsi olduğunu qeyd edən deputat deyib: “Bu baxımdan enerji təhlükəsizliyi dünya ölkələrinin prioritet sahələrindən biridir. Azərbaycanda həyata keçirilən düzgün enerji siyasəti nəticəsində bu sahə üzrə ciddi uğurlar əldə olunmaqdadır. Bir zamanlar öz daxili tələbatımızı ödəməyə çətinlik çəkirdik. İdxal ixracı üstələyirdi. Elektrik enerjisi tələbatının ödənilməsində xarici bazardan asılı idik. Aradan keçən müddət ərzində bu sahədə həyata keçirilən işlər, daxili potensialdan düzgün və səmərəli istifadə statistikanın mənfidən müsbətə dəyişməsinə gətirib çıxardı. Artıq Azərbaycan nəinki elektrik enerjisinə olan tələbatını ödəyir, eyni zamanda, qonşu ölkələrə elektrik enerjisini ixrac edir. Dörd qonşu ölkəyə idxal edilən enerjinin statistikasında olan artım da bunu deməyə əsas verir ki, yaxın vaxtlarda bu coğrafiya daha da genişlənəcək, Azərbaycan neft-qazla yanaşı elektrik enerjisinin Avropa və digər dövlətlərə ixracında da önəmli rol oynayacaq”.

İşğaldan azad olunan ərazilərdə elektrik enerjisinin istehsalı üçün böyük potensial olduğunu vurğulayan İltizam Yusifov bildirib: “Aradan keçən müddət ərzində bu yöndə həyata keçirilən işlər onu deməyə əsas verir ki, bu ərazilərdə olan potensialımızdan səmərəli istifadə olunur və bütün bunlar ixrac imkanlarımızı da artıracaq. Prezident İlham Əliyevin energetika sahəsinin potensialının tam realizəsi ilə bağlı qarşıya qoyduğu hədəflər uğurla icra olunur. Bu hədəflər bir sıra mühüm prioritetlərin reallaşmasına hesablanıb. İlk öncə resursların müəyyən edilməsi, mövcud ənənəvi və alternativ enerji istehsalı imkanlarından tam istifadə məsələsi dayanır. Statistik göstəricilərə əsasən ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün bərpaolunan enerji mənbələrinin potensialı 27 min meqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Bu baxımdan təkcə 2022-ci ildə elektrik enerjisinin istehsalı baxımından açılışı həyata keçirilən obyektlər və ən əsası Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi önəmli hadisədir. 230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcək. Energetika sahəsində dövlətimizin başçısının qarşıya qoyduğu növbəti prioritet məsələ daxili enerji tələbatının tam və təhlükəsiz şəkildə təmin olunması, elektrik enerjisi sisteminin modernləşdirilməsidir. Digər məsələ isə Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi mövqelərini möhkəmləndirməsi, alıcı arealının genişləndirilməsi və beləliklə, iqtisadi və siyasi tərəfdaşlar coğrafiyasını genişləndirməkdir ki, bütün bu istiqamətlər üzrə işlər kompleks şəkildə həyata keçirilir”.

Deputat onu da bildirib ki, Azərbaycanda energetika sahəsi üzrə çox gözəl investisiya iqlimi var. Artıq bir sıra nüfuzlu şirkətlər bu imkanlardan yararlanır. Qaradağ Günəş Elektrik Stansiyasının inşasını “Masdar” şirkəti həyata keçirir. Bu şirkət bir sıra ölkələrdə böyük həcmli layihələr reallaşdırıb. Birləşmiş Ərəb Əmirliklərini təmsil edən şirkət iki ölkə arasında energetika sahəsində əməkdaşlığın təməlini qoyur. Bizim Birləşmiş Ərəb Əmirlikləri ilə ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var. Bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa start verilir.

“Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir. Müasir infrastruktur mövcuddur - həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələrimiz mövcuddur. Bütün bu amillərin vəhdəti ölkəmiz üçün çox gözəl bir imkanlar yaradır”, - deyə İltizam Yusifov fikirlərini sonlandırıb.