İltizam Yusifov: “Regionların milli gəlirdə payının artırılması təmin edilməlidir” - MÜSAHİBƏ

Milli Məclisin deputatı İltizam Yusifov SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsində deputatlıq fəaliyyəti, seçiciləri ilə gördüyü işlər, iqtisadiyyatımızın inkişafı, sənayenin daha da inkişaf etdirilməsində regionların payının artırılması yollarından danışıb.

- Hörmətli İltizam müəllim. “Əməkdar mühəndis” fəxri adı alan İltizam Yusifov özü barəsində nə deyə bilər?

-İltizam Yusifov Şirvan (keçmiş Əli-bayramlı) şəhərində doğulub. Orta məktəbi Şirvanda bitirib. Məlumat üçün deyim ki, 80-ci illərdə Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə istedadlı və yüksək qiymət almış abituriyentlərin Respublikamızda olmayan ixtisaslar üzrə SSRİ-nin mərkəzi şəhərlərində oxumağa getməsinə şərait yaradılmışdır. Mən də Moskva Energetika İnstitunda təhsil almışam. Moskvada Ali təhsilimi başa vurub “Milli kadr” kimi Azərbaycana qayıtmışam. İlk iş yerim isə Neftqazavtomat Elmi İstehsalat Birliyinin, indiki Müdafiyə Sənayesi Nazırliyinin Telemexanika zavodu olub. Bu müəssisəni işə salanlardan, ilk məhsulu istehsal edənlərdən biriyəm. O vaxt bu müəssisə əsasən elektronika və neft-maşınqayırması sənayesi məhsulları istehsal edirdi. Burada bir müddət çalışdıqdan sonra neftçıxarma sahəsində fəaliyyətimi davam etdirdim. Əsrin müqaviləsinin imzalanması ilə xarici investorların təmsil olunduğu birgə müəssisə və əməliyyat şirkətlərində mütəxəssis, sonradan isə rəhbər vəzifələrdə çalışmışam. Fəaliyyətimə verilən ən böyük qiymət cənab Prezidentin 2013-cü ildə imzaladığı fərmana uyğun olaraq “Əməkdar mühəndis” adı almağımdır. Eyni zamanda onu da bildirim ki, Texnika üzrə fəlsəfə doktoruyam, bir neçə patentin müəllifiyəm.

- Maraqlıdır İltizam Yusifovun hobbisi nədir?

-Oxumağı, mütaliə etməyi çox sevirəm. Boş zaman tapan kimi mütaliə edirəm, müəyyən axtarışlar edib, araşdırmalar aparıram. Eyni zamanda gərgin işdən sonra milli alətimiz, ecazkar səsi olan tarda ifa edirəm. Bütün Azərbaycan muğamlarını Dəstgah şəklində ifa edə bilirəm. Bu mənə mənəvi ruh verir və bütün yorğunluğum çıxır. Eyni zamanda tarixi filmlərə baxmağı xoşlayıram və bu janrdan olan filmlərini dəfələrlə izləsəm belə yenə baxıram. Hər dəfə də özüm üçün nəsə isə yeni bir şey tapa bilirəm.

- Necə oldu ki, millət vəkili olmaq yönündə qərar qəbul elədiniz?

-Mən əmək fəaliyyətim dövründə həm Şirvanda ,həm də ölkədə gedən ictimai-siyasi proseslərdə mümkün qədər iştirak etmişəm. Düşündüm ki, artıq mənim bilik və təcrübəm bu kimi işləri daha geniş formatda, ölkə səviyyədə həyata keçirməyə imkan verəcək. Buna görə də deputat olmaq yönündə qərar qəbul elədim.

- Hazırda Milli məclisin sizə yaratdığı imkanlardan nə dərəcədə istifadə edə bilrisiniz?

-Milli Məclisdə bizə geniş imkanlar yaradılıb. Deputatların öz fikirlərini və təkliflərini sərbəst şəkildə bildirməsi üçün MM sədri hörmətli Sahibə xanım Qafarova tərəfindən tam şərait yaradılıb. Yaradılan imkanlardan mümkün qədər istifadə edirəm. Həm seçicilərimin problemlərini dilə gətirirəm. Şirvan şəhərində həyata keçirilməsi lazım olan məsələləri aidiyyatı qurumlar qarşısında qaldırıram.

- İltizam Yusifov seçiciləri ilə iş mexanizmini necə qurub?

-Artıq bir ilə yaxındır ki, deputat kimi fəaliyyət göstərirəm. 2020-ci il dünyada gərgin bir il oldu. Belə ki, Pandemiya dünyada bütün sferalara təsir etdi. Lakin bu ildə çətin sinaq olmasına baxmayaraq 44 günlük Vətən müharibəni Ali Baş Komandan Cənab İlham Əliyevin başçılığı, Müzəffər Ordumuzun qətiyyəti ilə zəfərlə başa vurduq. Bu Qəbələ Azərbaycan tarixinə qızıl hərflərlə yazılan tarixdir. Bu tarixi yazan şəxs isə təbii ki, cənab Prezident İlham Əliyevdir. Qazanılan qələbə bizi daha yeni uğurlara səsləyir. İndi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, Böyük Qayıdış Planına uyğun olaraq işlərin həyata keçirilməsinə başlanılıb. Biz qısa zamanda həmin ərziləri cənnətə çevirəcəyik. Bəli bu Vətən Müharibəsində mənim də deputat olduğum Şirvan şəhərindən olan igid oğullarımız da iştirak edib. Onlar arasında müharibədə göstərdiyi şücaətlərə görə fərqlənən, şəhid və qazilərimiz də var. Hazırda biz plan üzrə şəhid ailələrinə baş çəkir, onların problemləri ilə maraqlanır və bu yöndə iş aparırıq. Eyni zamanda qazilərimizə də baş çəkirik. YAŞAT Fondu bu yöndə çox ciddi işlər görür. Belə bir Fondun yaradılması cəmiyyətdə xoş qarşılanıb. Qısa zamanda bu Fond öz öhdəsinə düşən vəzifələri artıqlaması ilə yerinə yetirir.

Mən deputat seçilən zaman seçicilərimə daim onların yanında olacağımı bildirmişəm. Bu fəaliyyətim dövründə hər zaman belə olub. Mütəmadi olaraq Şirvana gedirəm. Seçicilərimlə görüşüb onların problemlərinin həlli istiqamətində addımlar atmağa çalışıram. Seçicilər köməkçimlə çox sıx işləyirlər. Buna baxmayaraq, seçicilərim bütün şəxsi nömrələrimi bilirlər. Problemləri olanda çəkinmədən zəng edirlər. Müraciətlərinin həlli istiqamətində aidiyyatı qurumlarla və yerli icra strukturları ilə davamlı iş aparılır. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli İlqar Abbasovla da mütəmadi görüşümüz olur və ümumi problemləri birgə müzakirə edirik.

- Seçicilər ən çox hansı məsələlərlə bağlı müraciət edirlər?

Əsas müraciətlər məşğulluq, iş yerləri və sosial məsələlərlə bağlıdır. Bildiyiniz kimi Şirvan şənaye şəhəridir və Azərbaycanın 5 böyük sənaye şəhərindən biridir. Təəssüflər olsun ki, SSRİ dağıldıqdan sonra bu şəhərdə olan bir sıra sənaye sahələrinin fəaliyyəti dayandı. Şirvanda vətəndaşların pay torpaq sahələri yoxdur ki, onlar hansısa təsərrüfatla məşğul olsunlar. Bu baxımdan şirvanlıların əsas fəaliyyət istiqamətləri sənaye müəssisələridir. Gələcəkdə Şirvanda ənənəvi sayılan cihazqayırma, maşınqayırma və s. sənayenin digər sahələrini inkişaf etdirilməsi bu şəhərdə olan məşğulluq probleminin həllində önəmli rol oynaya bilər. Bununla yanaşı bilirsiniz ki, Azərbaycan neft-qaz sənayesinin yüksək inkişaf etdiyi ölkədir. Elə Şirvanda da 2 böyük neft yatağı istismar olunur. Lakin buna baxmayaraq neft-qaz maşınqayırması sənayesi demək olar ki sıradan çıxıb və bu sahədə məhsulları ölkəmiz kənardan alır. Bu yöndə bizim kifayət qədər təcrübəmiz və yerli mütəxəssislərimiz var. Hesab edirəm ki, Respublikada bu sahəyə diqqət yetirilməlidir və hətta Müdafiyə təyinatlı zavodlarda da bu məhsulların istehsalına nail olmaq olar.

P.S. müsahibə zamanı İltizam Yusifovun seçiciləri ilə onlayn görüş keçirdiyinin, seçicilərinin problemləri ilə maraqlandığının və onların həlli üçün aidiyyatı qurumlarla əlaqə yaratdığının şahidi olduq.

- Seçiciləri maraqlandıran daha hansı məsələləri sizi narahat edir?

- Bilirsiz, Şirvan əhalisinin intellekt səviyyəsi yüksək olan bir şəhərdir. Hər il təhsilin nəticələri bunu bir daha sübut edir. Ziyalı təbəqə üstünlük təşkil edir. Lakin bir məsələ insanları daha çox narahat edir. Bilirsiniz ki, bütün qurumlar və Nazirliklər öz idarəçiliyində regional mərkəzlərin formalaşmasını artıq həyata keçirirlər. Çox təəssüf ki, Şirvanın şəhərinin bir çox mühüm qurumlarını qonşu rayonlardakı regional mərkəzlərə tabe edilib. Məsələn Şirvan təhsil şöbəsini Salyana, Mədəniyyət sahəsini Sabirabada, FHN sahəsində Salyana və s. tabe ediblər. Şirvandan Sabirabada və Salyana getmək, Şirvandan Bakıya gəlməkdən daha çətindir. Və yaxud Şirvandan Bakıya müntəzəm nəqliyyat daha mükəmməl və intensivdir. Bu bilirsiz nəyə oxşayır? Təsəvvür edin ki, Sumqayıt təhsil şöbəsini aparıb Xizi təhsil şöbəsinə tabe ediblər.

Mən regional mərkəzlərin təşkili prosesində Şirvanını bir sənaye şəhəri kimi hansısa kənd təsərrüfatı rayonuna tabe edilməsinı məğbul hesab etmirəm. Yaxşı olardı ki, bu reqional mərkəzlər Şirvan şəhərində yerləşərdi. Lakin bu mərkəzlər artıq yaradılıb və hansı parametrlərlə yaradılması isə məntiqə uyğun deyil. Bu barədə Cənab Prezident İlham Əliyev AzTV-yə müsahibəsində bu qurumlara haqlı iradını da bildirdi. Mən hesab edirəm ki, Şirvan şəhər olaraq reqional mərkəzlərə yox, birbaşa Respublika tabeliyində olmalıdır. Bunu aidiyyatı qurumlar nəzərə almalıdırlar.

- Siz təhsildən danışdınız, Şirvanda təhsilin yüksək olmasını qeyd etdiniz. Milli məclisdə təhsillə bağlı geniş çıxışınız oldu. Bəs Şirvan şəhərdə təhsilin inkişafı ilə və digər sahələrlə bağlı təklifləriniz nədir?

- Şirvan təhsilə, elmə marağın yüksək olduğu bir şəhərdir. Şirvan şəhər olduğu üçün məktəblərdə davamiyyət daha yaxşıdır və bu da sonda nəticəyə müsbət təsir edir. Lakin Pandemiya zamanı şəhərdə internetin çox aşağı səviyyədə olması demək olar ki, insanları təhsilsiz qoydu. Bu gün kompakt yerləşən bir şəhərin demək olar ki, 30 % insanları internetlə təmin olunur. Bu çox aşağı göstəricidir. Bu barədə aidiyyatı qurumları məlumatlandırmışam və hesab edirəm ki, yaxın vaxtlarda bu sahədə köklü dönüş yaranacaqdır.

Şirvan şənaye şəhəri olduğu üçün burada həmişə Neft texnikumu, Sənaye texnikomu fəaliyyət göstərib. Radioelektronika, cihazqayırma, maşınqayırma, energetika və neft ixtisasları bu şəhər üçün xarakterik olub. 44 günlük vətən müharibəsində radioelektron qurgularının hansı rol oynadığını gördük. Bu sahələr bizdə olub. Müstəqillik illərində isə bu Humanitar sahə ilə əvəz olundu. Bunu düzgün yanaşma hesab etmirəm. Şirvanda texniki sahədə Tədris müəssisələrinin, müasir Texniki Peşə məktəblərinin, hətta Ali məktəb filiallarının açılması regionun inkişafına böyük təkan vermiş olardı.

Bundan əlavə Şirvan həm də idman ənənələri yüksək olan bir şəhərdir.

1978-ci ildə SSRİ-də keçirilən “Dəri top” futbol yarışlarında keçmiş Əli-Bayramlı (indiki Şirvan) şəhərinin “Xəzər” futbol komandası 13-14 yaş qrupunda SSRİ çempionu olub. Bu, o vaxt üçün də çox böyük bir nailiyyət idi. Əli-bayramlının (indiki Şirvan) “Energetik” Futbol komandası Azərbaycan çempionatında hər zaman öz füsünkar oyunu ilə diqqəti cəlb edirdi. Şirvandan “Neftçi” nin məşhur oyunçuları Səmədağa Şıxlarov, Tərlan Əhmədov və s. kimi Azərbaycan futboluna öz töhfələrini vermiş futbolçular çıxıb. Ancaq bu gün Şirvanda futbol ümumiyyətlə yoxdur, məşhur “Energetik” stadionu isə illərdir yararsız haldadır. Mən fürsətdən istifadə edib buradan AFFA rəhbərliyinə müraciət edirəm. Azərbaycanda futbolun inkişafı regionlardan keçir. Region komandalarının inkişafına diqqət yetirilməlidir. Eyni zamanda regionlarda olan futbol təsisatlarının yenidən qurulması və istifadəyə verilməsi vacibdir. İndi ölkə çempionatında sayseçmə region klubları var. Onlar da istənilən nəticəni vermir. Bütün komandaları Bakıya yığmaq da düzgün deyil. Şirvanla Bakı arasında 100 km , bir saatlıq məsafə var. Futbol bütün dünyada həm də biznesdir. Siz təsəvvür edin Şirvanda futbolun inkişaf etdirilməsi regionda olan rayonların iqtisadiyyatına necə böyük səmərə verə bilər. Bu üzdən AFFA rəhbərliyi Şirvan stadionunun təmiri, burada futbol məktəbinin inkişafı yönündə ciddi düşünməlidir və bu yöndə əməli addımlar atılmalıdır. Bu, Azərbaycan futbolunun inkişafina təkan və böyük töhvə vermiş olardı.

Futbolla yanaşı Şirvan həm də güləş ənənələri var. Rövşən Umudov Azərbaycan güləşində xüsusi yeri olan insandır və Şirvanın yetirməsidir. Şirvan Güləş məktəbinin də ənənələri qaytarılmalıdır.

- Siz bir müddət öncə Şirvan şəhərinin inkişafı ilə bağlı mühüm təkliflə çıxış etmişdiniz...

- Bildiyiniz kimi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında ölkə başçısının sərəncamı var. Bu sərəncamda regionların inkişafı xüsusi bənd kimi göstərilib. Regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resursların iqtisadi dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur. Ümumilikdə bu sənəd mühüm dövlət konsepsiyasıdır, bir çox dövlət orqanları qarşısında mühüm vəzifələr qoyur. Bu baxımdan bilirsiniz ki, Şirvan Azərbaycanın 5 böyük sənaye şəhərindən biridir. Şirvanın yeşləşdiyi cografi mövqe, onun ərazisinin yalnız Ələt qəsəbəsi istiqamətində böyüməsini və inkişaf etməsini mümküm edir. İnfrastruktur baxımından əlverişli ərazi, enerji mənbələri-su, neft-qaz, elektrik enerjisi istehsalı müəssisələri, logistika- dəmir yolu və avtomobil yolları qovşağı və ən əsası Bakı şəhərinə yaxın bir ərazi. Ələt İqtisadi Zonasından cəmi 30 km-liq yeni yol çəkməklə Şirvanla birbaşa əlaqəni qurmaq olar. Bu isə bizə nə verəcək?

Şirvan şəhərində sənaye müəssisələri var. Bu müəssisələrlə yanaşı Ələt iqtisadi zonasına qədər ərazidə Sənaye Zonasının yaradılması ilə iqtisadi aktivlik artırmış olardı. Bu ərazi kənd təsərrüfatı üçün elə də yararlı deyil və bu baxımdan onun kənd təsərrüfatı üçün deyil, ölkəmizin sənaye potensialını artırmaq üçün istifadə olunmalıdır. Şirvanın iqtisadi aktivliyinin artması, ona qonşu olan Sabirabad, Salyan və Hacıqabul rayonlarının iqtisadi aktivliyinin artması deməkdir. Şirvanda bütün sahələr üzrə, o cümlədən texniki, mühəndislik sahəsində də kadr potensialı çox yüksəkdir. Bu da çox mühüm bir amildir. Bundan əlavə bu ərazinin Ələt iqtisadi zonasi ilə inteqrasiyası həm iqtisadi cəhətdən, həm də Bakı şəhərinə yaxınlığı ilə gələcəkdə Bakının sənaye və sairə yükünü yüngülləşdirmək baxımından əlverişlidir. Bununla da Şirvan şəhəri gələcəkdə Azərbaycanın sənaye potensialını özündə birləşdirən bir iqtisadi rayon olmaqla yanaşı, Azərbaycan iqtisadiyyatına böyük töhvə vermiş olar. Biz Ölkəmizin sənaye qüdrətini artırmalıtyıq.

Ədil Ədilzadə