İnkişaf üçün möhkəm təməl

“Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də ölkəmizə dövlət səfəri ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə kimi dəyərləndirilir. Bu səfərin gündəliyi zənginliyi ilə diqqətdə oldu. Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri əsas müzakirə mövzuna çevrildi. İmzalanan çoxsaylı sənədlər, Prezidentlərin təkbətək və geniş tərkibdə görüşlərində gündəmə gətirilən məsələlər də əlaqələrimizin gələcək inkişafı barədə aydın təsəvvür yaratdı. Belə ki, ticarət dövriyyəsinin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə vacib məsələlər kimi öndə saxlanıldı. Sənədlər arasında dövlət başçısı İlham Əliyevin və Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin imzaladığı “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni xüsusi qeyd etmək istərdik. Cənab İlham Əliyev “Bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir”, Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev “Ali Dövlətlərarası Şura ən yüksək etimad səviyyəsi və razılığa gəldiyimiz həmin strateji istiqamətlərin ən yüksək səviyyədə davamıdır” fikirləri ilə sənədin iki qardaş ölkənin gələcək münasibətlərinin inkişafında rolunu açıqladılar. Reallıq budur ki, iki ölkənin münasibətlərinin gələcək inkişafı üçün möhkəm təməl mövcuddur. Azərbaycan-Özbəkistan diplomatik münasibətlərinin 1995-ci ildə qurulmasına baxmayaraq Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələrin tarixi zəngindir. Qurulan dost münasibətlər Özbəkistan Prezidentinin “Biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib” fikirlərində aydın ifadəsini tapır.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Əliabbas Salahzadə qeyd edib ki, Şavkat Mirziyoyevin Prezident seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etməsi dostluğumuzun, qardaşlığımızın, xalqlarımız arasında əlaqələrin sıx tellərlə bağlı olmasının təqdimatıdır: “Özbəkistan Prezidentinin səfərinin gündəliyində işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanışlığın xüsusi yer alması diqqətdən kənarda qalmadı. Bu da dost, qardaş dəstəyinin göstəricilərindəndir. Bugünümüzün qürurverici hadisələrindəndir ki, işğaldan azad edilmiş ərazilərimizdə müasir tələblər səviyyəsində şəraitin yaradılması, Beynəlxalq Hava limanlarının fəaliyyəti qonaqlarımızın bu bölgələrimizdə qarşılanmasına, görülən işlərlə tanışlıqlarına geniş imkanlar yaradır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın qardaş Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Füzuli Beynəlxalq Hava Limanında qarşılaması hər birimizdə böyük qürur hissi yaratdı. 30 ilə yaxın dövrdə ermənilər tərəfindən tamamilə dağıdılan bu torpaqlarımızda cənab İlham Əliyevin tapşırığına uyğun olaraq hazırlanan Baş plan əsasında görülən işlərin miqyası özündə bütün məqamları ehtiva edir. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər, Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşdülər. Qonaqlar, həmçinin Füzulinin Baş planı ilə tanış oldular. Özbəkistan Prezidenti sakinlərlə görüşündə dövlət başçısı İlham Əliyev ilə Qarabağda olmaq arzusunu və bu gün istəyinə nail olmasından keçirdiyi xoş hissləri bölüşdü. Bu əminlik də ifadə olundu ki, Füzulidə tikilən məktəb səmimi dostluğumuzun gələcəyinə bir abidə olacaq.”

Deputat onu da əlavə edib ki, Özbəkistan Prezidentinin Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşaya səfəri, bu məkandan dünyaya türk birliyinin təqdimatı tariximizə mühüm səhifə kimi yazılacaq: “Azərbaycanın türk dünyasının birliyi, həmrəyliyi istiqamətində atdığı addımlar hər zaman davamlılığı ilə diqqətdə olub. Türkdilli dövlətlər arasında ikitərəfli əlaqələrin inkişafı öz növbəsində beynəlxalq təşkilatlarda əməkdaşlığın dərinləşməsində öz sözünü deyir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Özbəkistan Prezidentinin Azərbaycana səfəri bu birliyə böyük töhfə kimi də dəyərləndirilir. Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir.”

Əliabbas Salahzadə bir mühüm məqamı da diqqətə çatdırıb ki, dövlət başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq 26 avqust Laçın şəhəri günüdür: “2023-cü ildə Böyük Qayıdışın sevincini yaşayanlar arasında laçınlılar da var. Digər işğaldan azad edilmiş torpaqlarımız kimi Laçında da qısa müddətdə görülən işlər, soydaşlarımızın mərhələli şəkildə dogma yurd-yuvalarına qayıdışı qürurvericidir. Bu torpaqlarda nəzərdə tutulan, artıq ikisi istifadəyə verilən Beynəlxalq Hava Limanının üçüncüsü Laçın şəhərində tikilir. Bu hava limanı gələcəkdə regionun turizm potensialının tam inkişafına geniş imkanlar yaradacaq. Qarabağımız, Şərqi Zəngəzurumuz yenidən qurulur. Bütün işğaldan azad edilmiş ərazilərimiz cənnət məkana çevrilir.”