İqtisadi əməkdaşlıq türk dövlətlərinin gücünü daha da artıracaq

Noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü maraqlı məqamları ilə yadda qaldı. Yubiley görüşündə TDT-nin üzv dövlətləri, - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və müşahidəçi ölkələr olan Macarıstan və Türkmənistanın liderləri iştirak edib.

Öncə vurğulayaq ki, 44 günlük Vətən müharibəsindən sonra türk dövlətlərinin inteqrasiya prosesində Azərbaycan Türkiyə ilə birgə aparıcı rolu öz üzərinə götürüb və bir sıra yeni təşəbbüslərdə bulunub. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edib. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilib. Bu fakt türk dövlətlərinin daha sıx əməkdaşlığına stimul verir.

Astanadakı çıxışında dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Bu dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. 2024-cü ildə tamamlanması bu nəqliyyat dəhlizinin əhəmiyyətli dərəcədə imkanlar yaradacağını bildirib. Ermənistan hələ də Zəngəzur dəhlizinin açılmasına əngəl olmağa çalışır. Amma gec-tez reallıqlarla barışmalı olacaq.

Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, Azərbaycanın son illər Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Hazırda ölkələrimiz arasında birgə sərmayə fondlarının yaradılması prosesinə başlanıb. Azərbaycanın Türk dövlətləri ilə iqtisadi əlaqələrində nəqliyyat və logistika sahəsi aparıcı yerlərdən birini tutur. Bu gün Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan Türkiyə və Avropa bazarları istiqamətində yüklərin ən sərfəli daşınma marşrutları məhz Azərbaycandan keçir.

Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü zamanı müxtəlif məsələlərin, o cümlədən siyasi, hərbi, iqtisadi, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığımızın müzakirə edilməsi iki qardaş ölkə arasında əlaqələrin daha da güclənməsindən xəbər verir. Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi iki dövlət arasındakı strateji müttəfiqlik münasibətlərini yeni səviyyəyə çatdırıb. Eyni zamanda, 2017-ci ildə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Son illər ərzində cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə etdiyi çoxsaylı səfərlər, həmin ölkələrin rəhbərlərinin Azərbaycana səfərləri ölkələrimiz arasında əlaqələrin möhkəmləndiyinin bariz göstəricisidir.

Hazırda Türk Dövlətləri Birliyi çərçivəsində ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanlar yaranıb və Azərbaycan bu zəncirdə böyük əhəmiyyətə malikdir. Zəngəzur dəhlizinin, yaxud İrandan keçməsi planlaşdırılan yeni yolun açılması türk dövlətləri arasında əlaqələri daha da gücləndirəcək. Qardaş türk dövlətləri bir-biri ilə quru yol vasitəsilə birləşəcək və əlaqələr intensivləşəcək. Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirəcək.

Türk dövlətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında yaxından iştiak edirlər. Özbəkistan və Qazaxıstan hədiyyə olaraq Füzuli şəhərində orta məktəb və yaradıcılıq mərkəzi açıblar. Bu cür dostluq və qardaşlıq jesti ölkələrimiz və xalqlarımız arasındakı tarixi münasibətləri daha da dərinləşdirir. Ən əsası bu cür jestlər nəticə olaraq Türk dünyasının möhkəmlənməsinə xidmət edir.

Hesab edirəm ki, gələcəkdə türk dövlətləri dünya iqtisadiyyatının aparıcı qüvvəsi olacaq. Bunun üçün güclü potensial, tarixi, siyasi və iqtisadi şərait mövcuddur. Böyük türk ailəsinin formalaşması istiqamətində siyasi liderlərin gördüyü işlər, atdığı addımların strateji hədəfləri olduqca aydın və dəqiqdir. Ümid edirəm ki, digər türk dövlətləri də bu ailənin qorunub saxlanılması və güclənməsi üçün Azərbaycan və Türkiyə qədər prinsipiallıq nümayiş etdirəcəklər.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı