İran bu xain hücuma görə cavab verməlidir

Xəbər verildiyi kimi, bu  gün ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. İlkin məlumata görə, insident zamanı səfirliyimizin mühafizə xidmətinin rəisi qətlə yetirilib. Bundan başqa, səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanmışdır. Onların vəziyyətinin  qənaətbəxş olduğu bildirilir.

Şübhəsiz, diplomatik korpusumuza edilən hücum birmənalı şəkildə terror aktıdır. Belə ki, diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasında qeyd olunduğu kimi, diplomatik nümayəndəliyi hər cür hücumlardan qorumaq  dövlətin xüsusi öhdəliyidir. Lakin göründüyü qədər bunu ölkə olaraq İrandan gözləmək sadəlövlükdür. 35 milyondan çox soydaşımızı diskriminasiya siyasətinə məruz qoyaraq onların doğma ana dilini, azadlığını əlindən alan, haqlı etiraza dar ağacı, şiddət, qorxu ilə cavab verən rəsmi Tehran  üçün səfirliyimizin təhlükəsizliyini təmin etmək  o qədərmi çətin idi?  Haqlı sualdır və bu terrora görə bütün məsuliyyət İranın üzərindədir. Görünən odur ki, bu, təsadüf sayıla bilməz. Terrorçuluğu lənətləyən, lakin əslində terrora qucaq açan bir ölkənin bu hadisə ilə bağlı istintaqının da ədalətli ola biləcəyi inandırıcı deyil. Çünki bu ölkənin mehriban qonşusu, dostu,  dini, məzhəbi bir olan Azərbaycan yox, fəaliyyəti ilə İslam dünyasını təhqir edən Ermənistandır! 
İran səfirliyimizə qarşı təşkil olunan  bu xain hücuma görə cavab verməlidir! 

Rəşad Mahmudov,
Milli Məclisin deputatı