İrandakı səfirliyimizə edilən hücum  Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik və bir terror aktıdır

Bu gün Azərbaycana münasibətdə beynəlxalq hüquq kobud şəkildə pozulub. Belə ki, səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.  Bu hücum həm yerli, həm də beynəlxalq hüquqa əsasən cinayət sayılır. Çünki İrandakı diplomatik missiyanın binası Azərbaycanın ərazisidir.

Məlum olduğu kimi, xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpusu və diplomatların təhlükəsizliyinin təmin olunması həmin ölkənin bilavasitə öhdəliyindədir. Səfirlik, konsulluq və başqa bu tip diplomatik nümayəndəliklərin fəaliyyəti 1961-ci il aprelin 18-də qəbul edilmiş “Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyası ilə tənzimlənir. Konvensiyanın 22-ci maddəsində yazılıb: "Nümayəndəliyin binaları toxunulmazdır. Qəbul edən dövlətin hakimiyyət orqanları nümayəndəlik rəhbərinin razılığı olmadan bu binalara daxil ola bilməzlər". Orada vurğulanıb ki, qəbul edən dövlət nümayəndəliyin binalarını hər hansı müdaxilədən və ya zədələnmədən qorumaq, nümayəndəliyin dincliyinin pozulmasının və ya onun ləyaqətinin təhqir edilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir. Bu maddəyə əsasən, diplomatik nümayəndəliyin binaları, onların avadanlığı və orada yerləşən digər əmlakı, habelə nümayəndəliyin nəqliyyat vasitələri axtarışdan, rekvizisiyadan, həbsdən və icradan immunitetə ​​malikdir. Konvensiyanın 25-ci maddəsində isə göstərilib ki, qəbul edən dövlət diplomatik missiyanın funksiyalarını yerinə yetirməsi üçün bütün şəraiti yaratmalıdır. Beləliklə, Azərbaycanın İrandakı səfirliyinə edilən hücum  birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik və bir terror aktıdır.

Biz artıq uzun zamandır müşahidə edirik ki, Azərbaycanın tarixi zəfərindən sonra İran ölkəmizə qarşı münasibətlərdə açıq düşmənçilik mövqeyinə keçib. Ümumiyyətlə, Azərbaycanın ortaq tarixi keçmişə malik olduğu İranla münasibətləri heç zaman hamar yolla getməyib. Azərbaycan balanslaşdırılmış siyasət yeridən, bütün dünya ölkələri ilə normal münasibətlər saxlamağa can atan dövlət olsa da, bir sıra hallarda bəzi qonşu ölkələr dövlətimizə düşmən münasibətindən əl çəkmir.  İran da məqsədyönlü və açıq təxribatları davam edərək, eyni zamanda özünü "İslam dövləti", "müsəlman təəssübkeşi", Azərbaycanın "mehriban qonşusu" kimi təqdim etməyə çalışır.  Bu proses bu gün davam edir.  İran Azərbaycana qarşı təxribatçı siyasət yeridərək, terror aktının baş verməsinə gətirib çıxaracaq bir mərhələyə gəlib çatıb. Belə olduğu təqdirdə isə İranda baş vermiş terror hadisəsini törədən cinayətkarlar məsuliyyətə cəlb edilməli, qanun qarşısında cavab verməlidirlər. Əgər İran tərəfi bunu etməyi qadir olmasa, o zaman Azərbaycan cinayət qanununun ölkə ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsini müəyyən edən 12-ci maddəsinə əsasən, bu cinayətkarları məhkum etmək bizim haqqımızdır.

Anar Məmmədov,

Milli Məclisin deputatı