İsmayıllı rayon Ağbulaq kəndinə mavi yanacaq verildi

İsmayıllı rayon Ağbulaq kəndində mavi yanacağın verilməsi ilə bağlı açılış olub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin məsul işçiləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov ölkəmizdə, eləcə də rayonda həyata keçirilmiş layihələrdən və əhalinin mavi yanacağa olan təlabatının ödənilməsi sahəsində görülmüş işlərdən söhbət açıb. Əhalinin mavi yanacaqla təminatı üçün müasir standartlara uyğun infrastruktur qurulduğunu qeyd edən Rayon İcra Hakimiyyətinin başçısı, dövlət başçısının tapşırıqlarına əsasən bu istiqamətdə davamlı olaraq mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb və rayon əhalisinin 90 faizinin artıq mavi yanacaqla təmin olunduğunu vurğulayıb. Kənd sakinləri əlamətdar hadisə ilə əlaqədar sevinc hisslərini bölüşüblər. Onlara göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

Nahid Bağırov kənd sakinlərinin arzu və təkliflərini dinləyərək, onları narahat edən digər bir sıra problemlərin yaxın gələcəkdə aradan qaldırılması istiqamətində işlərin görüləcəyini qeyd edib.