İsmayıllıda qazilərlə növbəti görüş keçirilib - Fotolar

10 fevral 2021-ci il tarixdə millət vəkili Novruzəli Aslanov və Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov növbəti dəfə Vətən müharibəsində yaralanan döyüşçüləri evlərində ziyarət ediblər.

Sabahinfo.az xəbər verir ki, görüşlər rayonun ən ucqar Qaraqaya, Zərnəva və Namazgah kəndlərində pandemiya qaydalarına uyğun olaraq həyata keçirilib. Qazilərimiz və ailə üzvləri ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla rayon rəhbərinə və Millət vəkilinə diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı və millət vəkili səmimi keçən görüşlərdə 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən ümdə arzusu olduğunu və bu arzunu həyata keçirən rəşadətli azərbaycan ordusunun hərbçilərinə minnətdarlıqlarını bildirərək illər ötsə də onların qəhrəman olaraq xatirələrdə daima qalacağını bildiriblər.

Əlavə olaraq qeyd edək ki, Zərnəva kəndində sakinlərlə də görüş keçirilib və sakinlərin qaldırdığı məsələlərlə əlaqədar yerli qurumlara yerindəcə müvafiq tapşırıqlar verilib.