İsrail-Azərbaycan münasibətləri bütün sahələri demək ola ki əhatə edir  

Müstəqilliyin əldə olunmasından sonra Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla İsrail arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır və Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Ölkələrimiz arasında sıx, etibarlı və hər iki tərəf üçün faydalı əməkdaşlıq mövcuddur. İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır, dövlətlərarası, siyasi və hərbi-texniki tərəfdaşlıq isə ən yüksək səviyyədədir. Xalqlarımız ümumi tarixlə, dini əlaqələrlə, mədəniyyət və tolerantlıq ilə bir-birinə bağlıdırlar.

İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan vermişdir. 1996-cı ildə ATƏT-in Lissabon zirvə toplantısında Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident Heydər Əliyev münaqişənin Lissabonda irəli sürülən prinsiplər əsasında həll olunmasına tərəfdar olduğunu vurğulanmış və İsrail-Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılması qərara alınmışdır. Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu qeyd edən Heydər Əliyev yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirərək demişdir: "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır”.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan ilə İsrail arasında enerji, müdafiə, milli təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və s. sahədə sıx əməkdaşlıq var. Azərbaycanda çoxsayda İsrail şirkətləri fəaliyyət göstərir. Təbii ki, bu əlaqələr - iki ölkə arasındakı münasibətlər qarşılıqlı hörmətə və razılığa əsaslanır.

Cari ilin may ayının 30-da İsrail dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri bu əlaqələrin davamlığına söykənir. İki ölkə rəhbərinin birgə bəyanatı zamanı çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu səfərinin ölkələrimiz arasında dost münasibətlərin inkişafına stimul verəcəyini vurğulayaraq bildirmişdir: “İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq”.

İsrail və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq daim inkişaf edir və möhkəmlənir. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun məlumatına görə, 2017-ci ildə Azərbaycan İsraildən daha çox silah alan üçüncü ölkə olub. İsrail-Azərbaycan münasibətləri bütün sahələri demək ola ki əhatə edir. Həmçinin, İsrail Azərbaycanla kənd təsərrüfatı, innovasiyalar, kiber-texnologiyalar, "ağıllı" şəhərlər sahəsində daim güclənən əməkdaşlığını davam etdirmək niyyətindədir.

Ölkə başçısı cənab İlham Əliyev İsrail Prezidenti İsxak Hersoq ilə birlikdə mətbuata bəyanatında hazırda ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını vurğulayaraq demişdir: "Budəfəki rəsmi səfər çərçivəsində ikitərəfli münasibətlərimizin gündəliyindəki mühüm məsələləri nəzərdən keçirmək üçün daha çox imkanımız oldu. Şübhəsiz ki, bu il Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizi yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaradacaq".

Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafında yəhudi icmasının rolunu dəfələrlə qeyd edib. Azərbaycan dövlətinin başçısının vurğuladığı kimi, Azərbaycan və yəhudi xalqları əsrlər boyu sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıb, ölkələrimiz arasında bu dostluq və qardaşlıq münasibətləri bu gün də davam edir: “Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır”

Bir sözlə, İsrail dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin genişlənməsi istiqamətində parlaq səhifə  açacaq, hər iki dövlətə regional və beynəlxalq səviyyədə uğurlar gətirəcəkdir.

 

Rəşad Sadıqov

siyasi elmlər üzrə fəlsəfə doktoru,

ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri