"Komitə uşaqpulu məsələsini dövlət qarşısında qaldırıbmı?" - Sabir Rüstəmxanlı

"Azərbaycan ailələrinin çox böyük problemləri var ki, geniş müzakirə olunmalıdır. Onlardan biri ailələrin tez dağılmasıdır. Bizdə möhkəm ailə institutu olub, təəssüf ki, indi bu zəifləyir. Abort, qızların ana olmamaq istəməməsi problemdir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı”n müzakirəsi zamanı deyib.

"Bilmək istərdim ki, komitə ailələrin qorunması məsələsinə kömək edən uşaqpulu məsələsini dövlət qarşısında qaldırıbmı? Bu məsələ bir neçə dəfə Milli Məclisdə də müzakirə olunub", - deyə deputat bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, qanunvericilikdə çoxuşaqlı ailələrin sayı məsələsinə baxmaq, uşağın sayını aşağı endirmək olar:

"Ünvanlı yardımların daha əlçatan olması ilə bağlı məsələlər də həll edilə bilər”, - komitə sədri vurğulayıb.