Könül Nurullayeva: “Aliment Fondunun yaradılması uşağın saxlanmasında yaranan çətinlikləri aradan qaldıracaq”

“Ombudsmanın illik hesabatında uşağın saxlanılması üçün məhkəmə tərəfindən təyin edilən alimentin dövlət tərəfindən ödənilməsi və sonradan borcludan məcburi qaydada alınması üzrə mexanizmin (Aliment Fondunun) yaradılması ilə bağlı təklifin yer alması müsbət haldır. Alimentin ödənilməsi ilə bağlı gecikmələrin olmasını, bu baxımdan uşağın saxlanılmasında müəyyən çətinliklərin yaşanmasını nəzərə aldıqda Aliment Fondunun yaradılması çox uğurlu hal hesab olunar.” Milli Məclisin deputatı Könül Nurullayeva İnsan hüquqları üzrə müvəkkilin illik məruzəsinə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, uşağın saxlanılması xərcləri ilə yanaşı, atalığın müəyyən edilməsi üçün lazım olan vəsaitin də Aliment Fondunun hesabından tutulması ilə bağlı təklifin nəzərə alınması bu sahədə yaranmış problemləri də aradan qaldırar.

K.Nurullayeva hesabatda əhalinin həssas qruplarının, o cümlədən şəhid ailələrinin, müharibə veteranlarının, ahılların, pensiya yaşına çatmaqda olan vətəndaşların, aztəminatlı və çoxuşaqlı ailələrin rifah halı, məşğulluq vəziyyəti və işsizlik hallarının həlli istiqamətində atılan addımlara da münasibıt bildirib. Qeyd edib ki, Ombudsman institutunun bu sahədə həyata keçirdiyi vacib işləri digər dövlət institutları ilə birgə davam etdirməsinə böyük ehtiyac duyulur.

Məruzədə insan haqları sahəsində milli fəaliyyət proqramının hazırlanıb qəbul edilməsi, əqli mülkiyyət sahəsində ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə qərarlarının icrasının çevikliyi və obyektivliyinin artırılması məqsədi ilə icra qurumları ilə aidiyyəti dövlət orqanları arasında koordinasiyanın təşkili, sosial adaptasiya mərkəzlərinin sayının artırılması və digər məsələlərlə bağlı dəyərli təkliflər də yer alıb: “Eyni zamanda dövlət qulluqçularının hüquqi statusunu, dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsində rolunu nəzərə alaraq, vəkillik peşəsinə qəbul zamanı dövlət qulluğunda hüquqşünas ixtisası üzrə ən azı 10 il nümunəvi və fasiləsiz fəaliyyət göstərmiş şəxslərin yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, yalnız şifahi müsahibədən keçməklə vəkil olmasına imkan yaradılması üçün qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təklif verilib. Bu şəxslərlə yanaşı, hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslərin yazılı test vermədən və icbari təhsilə cəlb olunmadan, yalnız şifahi müsahibədən keçməklə vəkil olmasına imkan yaradılması ilə bağlı təklifin nəzərdə tutulması da yaxşı olardı.”

Məruzədə cəza çəkməkdən azad edilmiş şəxslərin sosiallaşması məqsədilə regionlar da əhatə olunmaqla sosial adaptasiya mərkəzlərinin sayının artırılmasına dair də təkliflər var. K.Nurullayeva bildirib ki, məhkum edilmiş şəxslərin təhsilə cəlb edilməsi ilə bağlı mexanizmin yaradılması haqqında təklifin nəzərə alınması da humanist addım olardı.