Könül Nurullayeva: “Ermənistanın Bakının təklif etdiyi konstruktiv təklifləri qəbul etməkdən başqa yolu yoxdur”

Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir. Ermənistan qısa vaxtda bölgədə davamlı sülhün təmin olunması istiqamətində real addımlar atmalıdır. Azərbaycan tərəfinin bir neçə gün əvvəl Ermənistana təqdim etdiyi baza prinsipləri də bölgədə dayanıqlı sülhün təmin olunmasına hesablanıb.

Faktiki müharibədən sonra bölgədə əməkdaşlıq üçün tarixi imkan yaranıb. Bakının təklif etdiyi 5 baza prinsipi iki dövlət arasında münasibətlərin normallaşmasını nəzərdə tutur. Bu təkliflər  əslində 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata, Brüssel sülh gündəliyinə, bir sözlə tam şəkildə beynəlxalq hüquqa əsaslanır. Ermənistan isə Bakının təqdim etdiyi prinsiplər ətrafında manipulyasiya etməklə məşğuldur. Belə ki, İrəvan israrla ATƏT-in Minsk Qrupunun həmsədrlərini danışıqlar masasına qaytarmağa çalışır. Halbuki Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir neçə gün əvvəl də bəyan edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini imzalanmaqdan ötrü üçüncü tərəfə ehtiyac yoxdur. Yəni, tərəflərin sülh sazişini birbaşa təmaslar çərçivəsində imzalaması mümkündür. Azərbaycan da əslində qardaş ölkə ilə eyni mövqeni bölüşür.

Lakin Ermənistan “Minsk üçlüyü”nü yenidən reabilitasiya etməklə vaxt udmağa çalışır. Paralel olaraq erməni rəsmiləri normallaşma prosesində guya maraqlı olduğunu göstərməyə çalışır. Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyanın Türkiyə ilə sərhədləri açmağa hazırolduqlarına dair açıqlaması da əslində imitasiya xarakteri daşıyır. Çünki Ankara açıq şəkildə mövqeyini ifadə edib-Ermənistanla normallaşma prosesində mütləq Azərbaycanın maraqları nəzərə alınacaq.  Ermənistan Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmədəm Türkiyə ilə sərhədlərin açılmasına nail ola bilməyəcək. Bu mənada İrəvanın Bakının təklif etdiyi konstruktiv təklifləri qəbul etməkdən başqa yolu qalmır. Ən əsası, Ermənistan rəsmiləri yaxşı dərk edir ki, sülh və əməkdaşlıq təklifi sonsuza qədər masada olmayacaq.