"Laçın şəhərinə qayıdışın başlaması xalqımız üçün yeni mərhələnin başlanğıcıdır"

 "Əlbəttə ki, Laçın şəhərinə qayıdışın başlaması möhtəşəm bir hadisədir. Bu, Azərbaycan xalqının tarixində iz salan bir prosesdir". Bu fikirləri saytımıza "Cəmiyyətin İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli bildirib.

Əhməd Abbasbəyli deyib ki, 30 ildən artıq öz elindın, yurdundan didərgin düşmüş həmin insanların həyatında müstəsna bir hadisədir: "Köçün baş tutması o regionda yaşayan bütün insanlar, ümumiyyətlə, xalqımız üçün yeni mərhələnin başlanğıcıdır. Digər tərəfdən bu, Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun, eyni zamanda rəhbərliyin verdiyi vədlərə sadiqliyinin göstəricisidir. Vətəndaşlarımızın işğaldan azad olunmuş torpaqlarda məskunlaşması, həmçinin o ərazilərdə başlanmış quruculuq-abadlıq işləri dünyaya bir mesajdır. Bu hadisələr 30 il ərzində işğalda olmuş ərazilərimiz bərbad hala salınmasını, dini və tarixi abidələrimizin dağıdılmasını, insanlığa və təbiətə göstərilən vandalizmi və özünü dünyaya "ən qədim xalq" kimi sırımağa çalışan bir toplumun əsl simasını göstərmək üçün müsbət bir haldır. Bu, iki xalqın mədəniyyətə, təbiətə, insanlara olan münasibətin göstəricisidir. Əslində, tarix baxımından çox qısa bir dövrdir. Bütün bunlar 30 il ərzində iki xalqı dünya qarşısında müqayisəsi üçün bir materialdır. 
Bu, həmin torpaqların əsl sahibinin kim olduğunu dünyaya göstərmək üçün əla nümunədir. Biz bunu sözdə deyil, əməldə göstərdik. Xüsusilə, son aylar Azərbaycanı sevməyən, qərəzli yanaşan insanlar niyə məcburi köçkünlərin azad olunmuş torpaqlara qayıtmadığını vurğulayırdılar. Laçına köçün başlanması onlara da tutarlı cavab oldu. Yəni, hər şey vaxtı çatanda lazım olan səviyyədə həll edilir və ediləcəkdir".