“Mançester Siti” “Çelsi”nin ulduzunun razılığını aldı

“Çelsi”nin futbolçusu Mateo Kovaçiç İngiltərədə klubunu dəyişə bilər.

İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Mançester Siti” onun xidmətində maraqlıdır. Hətta tərəflər müqaviləni razılaşdırıblar.

“Şəhərlilər” keçid üçün “Çelsi”ni razı salmalıdırlar. London klubunun satışa qarşı olmadığı bildirilir.

Qeyd edək ki, 2019-cu ildən “Çelsi”də çıxış edən xorvatiyalı yarımmüdafiəçi keçən mövsüm İngiltərə Premyer Liqasında 27 oyun keçirib, 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt”a görə, 29 yaşlı xorvatın dəyəri 40 milyon avrodur.