Media Qanunu: Yeni trendlər, yeni çağırışlar nələri dəyişdirir?

Azərbaycan mediası və jurnalistləri dünya standartlarına uyğunlaşmalı, yeni çağırışlara cavab verməlidir, Media haqda Qanun məhz bunu təmin etmək üçün hazırlanıb

“Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi bir müddətdir ki, media məkanında, bir neçə gündür isə parlamentdə müzakirə olunur. Layihə Milli Məclisə təqdim olunmamışdan qabaq qanun üzərində media ekspertlərinin iştirakı ilə işlənilib və jurnalistlərin bir sıra əsaslı təklifləri də nəzərə alınıb. Parlament müzakirəsi zamanı isə deputatlar qanunla bağlı rəylərini bildirib, bəziləri isə müəyyən təkiflər veriblər. Bu yazıda Media haqda Qanunun hazırki dövrdə nə dərəcədə aktual olduğu, belə bir qanuna nə dərəcədə ehtiyac duyulduğu, Qanunun müddəalarının media məkanında və jurnalistlərin fəaliyyətində nələrə səbəb olacağını haqda fikirlərimi bildirmək istəyirəm.

Həyat dəyişir, qanunlar da yeni şərtlərə uyğunlaşır

Əvvəla qeyd etmək istəyirəm ki, dövrün tələbləri ilə media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” yeni qanunun qəbul edilməsinə həqiqətən böyük ehtiyac var. Dövrün çağırışı, son illərdə texnologiyanın inanılmaz inkişafı, cəmiyyətimizdə və dünyada yeni şəraitin yaranması media məkanında vahid, mükəmməl, effektiv bir Qanuna ehtiyac duyulduğunu heç kim inkar edə bilməz.

1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi dəfələrlə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır. Keçən 20 ildən çox müddətdə çox şey dəyişib, media anlayışına yeni baxışlar yaranıb, sosial media adlı bir sektor yaranıb, televiziya sahəsində yeni bir sistem (internet TV-lər) və s. formalaşıb. Bundan əlavə keçən müddət KİV haqda Qanunun müasir tələblərə cavab vermədiyini, bir çox problemlərin yaranmasına səbəb olduğunu, medianın inkişafına artıq təkan verə bilmədyini əyani göstərdi.

Belə bir şəraitdə dünya təcrübəsinə əsaslanaraq, inkişaf etmiş ölkələrin media qanunvericiliyinə uyğun olaraq, ölkəmizdə də yeni Media Qanununun qəbul olunması şərtdir. Bütün sahələrdə olduğu kimi, media sahəsində də bir qayda, bir qanun olmalıdır, bu sahədə neqativ halların qarşısı alınmalıdır. Çünki son illərdə cəmiyyətin mənafelərinə, dövlətin maraqlarına təhlükə yaradan media orqanları çoxalıb. Bu sahədə boşluqlardan istifadə edən xarici dairələr, həmçinin yerli dələduzlar media platformasından öz məqsədləri üçün gen-bol istifadə edirlər.

Bütün dünyada məsuliyyətli media yalnız qanunların yaxşı işlədiyi şəraitdə inkişaf edir. Azərbaycanın yeni “Media haqqında” qanun layihəsi də həm jurnalistlərin özləri, həm də ictimaiyyət fəalları tərəfindən məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi qanun layihəsi kimi xarakterizə olunur. “Media haqqında” qanununu oxuduqda, qanunun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ açacağı şübhə doğurmur.

Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. Qanun həm də dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə xidmət edəcək. Yazıda yuxarıda dediklərimizi konkret maddələr əsasımnda əsaslandıracağıq.

Vahid jurnalist vəsiqəsi hansı imtiyazlar təmin edir?

Nəzərdə tutulan məsələlərdən biri də, bütün dünyada olduğu kimi, bizdə də Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunmasıdır. Bu, könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. İndi ortalıqda 50 mindən artıq saxta jurnalist vəsiqəsi ilə dolaşan var ki, bu da medianı gözdən salmaqla yanaşı, cəmiyyətə də problem yaradır, reketçiliyə, dezinformasiya yayılmasına şərait yaradır. Ona görə də, əsil jurnalistlərin ümumi bir reyestri olması məqsədəuyğun hesab edilir. Bir çox ölkələrdə, o cümlədən Türkiyədə bu sistem çoxdan fəaliyyət göstərir həm də effektli şəkildə. Reyestr və vahid vəsiqə əsil jurnalistlərə azad və peşəkar işləmək üçün böyük imkanlar açır, onlara bəzi imtiyazlar verir. Necəmi? Gəlin baxaq.

Maddə 71. Jurnalist vəsiqəsi verilmiş şəxslərin imtiyazları

71.1. Jurnalist vəsiqəsi verilmiş şəxslərin aşağıdakı imtiyazları vardır:

71.1.1. jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olmaq;

71.1.2. dövlət orqanları, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq;

71.1.3. əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin tədbirlərin keçirildiyi məkanlara bu Qanunun 72-ci maddəsinə uyğun olaraq akkreditasiya olunduğu halda daxil olmaq;

71.1.4. bu Qanunun 76.1.2–76.1.5-ci maddələrində nəzərdə tutulmuş güzəşt və imtiyazlardan yararlanmaq.

76.1.2–76.1.5-ci maddələrdə isə deyilir;

76.1. Media Reyestrinə daxil edilmiş şəxslər üçün aşağıdakı güzəşt və imtiyazlar müəyyənləşdirilə bilər:

76.1.1. media subyektlərinə dövlət orqanları tərəfindən rəsmi elan və sosial reklamların sifarişi;

76.1.2. media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı;

76.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təşkil edilən dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdə iştirakı;

76.1.4. maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə;

76.1.5. sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma.

Göründüyü kimi, Media Reyestrinə daxil edilən, vahid jurnalist vəsiqəsi daşıyan şəxs üçün mənfi heç nə yoxdur, əksinə xeyli faydalı məqamlar var.

Reyestrə daxil edilməyən jurnalstlər necə olacaq?

Reyestrin olması bir çox sahələrdə nizam və rahatlıq yaradacaq- media subyektlərinin sayının müəyyənləşdirilməsi, onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsi kimi çox sahədə faydalı olacaq.

Jurnalistlərinin məlumat bazasında qeyd olunması onların fəaliyyətinin daha səmərəli təşkilini və hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etmək, heç bir qanuni əsası olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və qeyd olunan statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısını almaqdır.

Lakin Media Reyestrinə daxil edilməyən jurnalistlərin də fəaliyyətinə heç bir maneə nəzərdə tutulmur. Vahid jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Qanunda təsbit olunan “jurnalist anlayışı” xidmət müqaviləsi əsasında işləyən jurnalistləri də əhatə edir. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər.

Qanun sosial şəbəkə “blogger”lərinin və bloq müəlliflərinin fəaliyyətini tənzimləmir. Onlar heç bir vahid vəsiqə almadan, əmək müqaviləsi olmadan, sərbəst şəkildə fəaliyyət göstərəcəklər. Üstəlik, media məkanında yaranacaq müsbət vəziyyət onların da işinə fayda verəcək. Bu şəxslərin peşəkar tələblərə cavab verənləri arzu etdikdə peşəkar mediada işləyə biləcək.

Jurnalistin fəaliyyətinə dövlət təminatı

Qanunla dövlət jurnalistin sərbəst və maneəsiz fəaliyyətinə təminat verir. Müvafiq maddəyə baxaq.

Maddə 6. Jurnalist fəaliyyətinin təminatı

6.1. Jurnalistlər müstəqillik, öz mənafelərini təmsil edən təşkilatlarda birləşmək, peşə borclarını yerinə yetirərkən şəxsi toxunulmazlıq, şərəf və ləyaqətlərini müdafiə etmək hüquqlarına malikdirlər.

6.2. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir.

6.3. Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi (şərh verilməsi) ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.

Jurnalistin dövlət orqanlarından informasiya əldə etmək hüququ heç bir halda məhdudlaşdırılmır. Əksinə, daha tez cavab verilməsi tələb olunur.

17.3. İnformasiya əldə edilməsi barədə yazılı sorğuya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.

Media subyekti üçün icazə tələb olunurmu?

Bir neçə şəxs tərəfindən Qanunun qəsdən səhv yozulması bəzi insanlarda çaşqınlıq yaratsa da, buna heç bir əsas yoxdur. Deyildiyinin əksinə olaraq, çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur. Bu da media azadlığının ən bariz nümunəsidir.

Çap mediası subyektlərinin fəaliyyətə başlamazdan əvvəl bu barədə məlumat verməsi isə, yeni bir prosedur deyil və bu qayda bütün dövrlərdə olub və bütün ölkələrdə də var. Aşkar görünür ki, dəyişiklik sadəcə adla bağlıdır. Mövcud və yeni məlumatların sistemləşdirilməsi və məlumatlar bazasının Media Reyestri adlandırılması nəzərdə tutulur.

Hazırda ölkədə 5 mindən artıq media vasitəsi aktiv fəaliyyət göstərir. Bu sahədə elə bir sistemsizlik, qarışıqlıq yaranıb ki, jurnalistlər özləri elə bəzi hallarda ayırd edə bilmirlər ki, hansı media orqanı hansıdır. Reyestr sadəcə məlumat toplama xarakterlidir və onların heç birindən müvafiq dövlət orqanında qeydiyyat tələb etmir.

Son vaxtlar geniş yayılmış və sayı sürətlə artan internet televiziyaların da lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.

Göründüyü kimi, media azadlığına zidd olan bircə məqam da yoxdur. Amma media azadlığını dövlət təminatı altına alan xeyli müddəa var.

Plagiatlığa son və ya müəllif hüququ necə tənzimlənəcək?

Yenin qanunla media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birlərindən material “oğurlamaq” vərdişləri aradan qalxacaq, informasiya uğrunda mübarizə və məqalə yaratmaq bacarıqlarının inkişafı sürətlənəcək.

Bununla bağlı Qanunla çox maraqlı və faydalı bənd var. 13-ci maddəyə görə, bir media orqanı başqasının hazırladığı materialı bütövlükdə götürüb yaya və ondan bəhrələnə bilməz. Yalnız üçdə bir hissəsini verə bilər, o da istinad etməklə. Başqasının materialını tam yayımlamaq və dərc etmək yalnız abunəlik və müqavilə əsasında mümkündür.

Maddə 13. İnformasiyadan istifadə edilməsi

13.1. Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.

13.2. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.

Göründüyü kimi, qanunun əsas prinsiplərindən biri də informasiya istehsalçısı və yayımçılarının müəlliflik hüquqlarının qorunması ilə bağlıdır. Qanun layihəsində mediada dərc olunan, yayımlanan informasiya və ya hər hansı material ilə bağlı konkret və dəqiq tələblərin müəyyən edilməsi jurnalist peşəkarlığının, sosial məsuliyyətinin artmasında mühüm əhəmiyyət kəsb edəcək. Bu, xüsusilə də onlayn media vasitələrinin “copy-paste” prinsipi əsasında çalışmasının qarşısını alacaq və jurnalistlərin məsuliyyətini artıracaq.

Hər hansı bir araşdırma, müsahibə, reportajı əziyyət, vaxt, enerji, vəsait xərcləyib hazırlayan media vasitəsindən hazır materialı götürüb yayıb müəllifdən daha çox bəhrələnmək ədalətli deyil. Qanun bu məsələdə konkret olaraq ədaləti bərqərar edir.

Ümumiyyətlə, bu layihə media fəaliyyətinin yeni trendlərə adekvat şəkildə müasirləşdirilməsi, əqli mülkiyyət və müəllif hüquqlarının qorunması, media və jurnalist adından sui-istifadə hallarının aradan qaldırılması baxımından yeni imkanlar açır.

Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcəkdir.

Göründüyü kimi, bəzi dairələrin ətrafında süni hay-küy qopardığı Media qanununun heç bir mənfi tərəfi yoxdur. Tam əksinə, qanun bu sahədə qayda-qanun yaratmaq, mövcud xaosun və anaxiyanın qarşısını almaq, informasiya məkanının təmizliyinin və jurnalistikanın inkişafının təmin edilməsini şərtləndirəcək.

Jurnalistlərin sosial müdafiəsində nələr dəyişəcək?

Meia sahəsindəki problemlərdən biri də jurnalistlərin bir çoxunun əmək və sosial hüququnun posulmasıdır. Belə ki, bir çox jurnalistlər əmək müqaviləsi olmadan işləyir ki, nəticədə onun pensiya kapitalı toplanmır, işçi kimi hüquqlarından istifadə edə bilmir. Qanun bu sahədə vəziyyəti kökündən dəyişəcək.

Media orqanları əməkdaşlarını rəsmi müqavilə əssında işə götürməli olacaqlar və onlara ölkə üzrə müəyyənləşdirilmiş minimum aylıq əməkhaqqından aşağı məbləğqdə maaş verə bilməyəcəklər. Hətta, Medianın İnkişafı Agentliyindən qrant və yardım almış media orqanlarına agentlik tövsiyyə, daha doğrusu tələb edir ki, əməkdaşlara orta aylıq əməkhaqqı məbləğində maaş verilməlidir.

Bundan başqa MEDİA-nın mütamadi olaraq təşkil etdiyi yazı müsabiqələrində əsil peşəkar jurnalistlər yaxşı pul mükafatı qazanırlar ki, bu da onların sosial vəziyyətinin yaxşılaşmasına töhfə verir.

Qanuna görə, jurnalistlər müxtəlif sosial güzəştlərdən, mükafatlardan, imtiyazlardan da istifadə edə biləcək ki, bu da onların daha rahat işləməsi üçün zəmin yaradacaq. Qanunun müvafiq bəndlərinə təkrar baxaq:

76.1.4. maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə;

76.1.5. sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma.

Göründüyü kimi, Media haqqında Qanun təkcə bu sahədə texniki tənzimləmələri nəzərə almır, həm də insan faktorundan çıxış edir, bu sahədə işləyənlərin sosial müdafiəsinin, sosial hüquqlarının təmin edilməsinə çağırır.

Sözardı

Son dövrlərdə mediadan şəxsi məqsədlər üçün istifadə, şərəf və ləyaqətin ləkələnməsi, insan hüquqlarının pozulması, şəxsi və işgüzar həyata müdaxilə, milli və dini zəmində qarşıdurma yaratmağa cəhdlər, anti-dövlət təbliğatı aparma hallarının sayı xeyli artıb.

Bu faktlar media qanunvericiliyi və ictimai qınaq kontekstindən nəzərdən keçirildikdə anarxiyaya və özbaşınalığa, insan hüquqlarının və qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbə altına qoyulmasına gətirib çıxardığı aydın görünür.

Faktiki olaraq, bir çox media vasitələlərində, xüsusən də onlayn media məkanında tərəfsizlik, peşəkarlıq, obyektivlik kimi prinsiplərin arxa plana keçirildiyi müşahidə edilir. Əvəzində sifarişli, qərəzli, reklam xarakterli və cəmiyyətin tələbatını ödəməyən materiallar çoxluq təşkil edir.

Bunları nəzərə aldıqda, qətiyyətlə demək mümkündür ki, dövlətin bu sahədə vətəndaşların hüququnu təmin etmək, ədaləti bərqərar etmək, həmçinin dünya standartlarında fəaliyyət göstərəcək peşəkar media orqanlarının formalaşması üçün optimal tənzimlənmə mexanizmi yaratma cəhdi təqdirəlayiqdir.

Konkret olaraq, ölkəmizdə söz və mətbuat azadlığı üçün bütün imkanlar var. Kim istəsə icazəsiz qəzet, jurnal, agentlik, internet saytı, hətta televiziyası aça bilir. İstənilən şəxsin hansısa yayım orqanında və ya sosial şəbəkələrdə fikrini ictimailəşdirmək imkanları var.

Dəyişən dünyada yeni terndlərin, yeni çağırışların yaranması ölkəmizdə də media, jurnalistika ilə bağlı sağlam mühit, rəqabətli şərait, inkişafa təkan verilməsini tələb edir. Parlamentdə qəbul olunacağı gözlənilən yeni media qanununun bu sahədə vəziyyəti fundamental olaraq dəyişəcəyinə ümid etmək olar.

 

Bəhruz Quliyev

“Səs Media” Qrupun rəhbəri