Mediasiya Şurası beynəlxalq təşkilatla müzakirə apardı

Mediasiya Şurasının İdarə Heyətinin Sədri Nadir Adilov, Şurasının işçi qruplarının rəhbərləri Anar İsayev və Esmira Hüseynova ilə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev arasında tanışlıq görüşü olub.

E-huquq.az-ın məlumatına görə, N. Adilov Mediasiya Şurasının fəaliyyəti, "Mediaisya haqqında" Azərbaycan Respublikasının Qanunu və Qanundan irəli gələn münasibətlərin tənzimlənməsi və tətbiqi barədə məlumat verib.

O qeyd edib ki, Mediasiya Şurasının üzvü olan mediatorlar əmək mübahisələrinin həlli üzrə ciddi nailiyyətlər əldə edib. Əmək münasibətləri zamanı meydana çıxan məsələlərdə beynəxalq təcrübənin öyrənilməsinin və eyni zamanda Beynəlxalq Əmək Təşkilatının bu sahədə gördüyü işlərdən faydalanmağın mühüm olduğunu diqqətə çatdırıb.

Yaşar Həmzəyev BƏT-in Azərbaycan hökuməti ilə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini qeyd edib, eyni zamanda ölkədə məşğulluğun təminatı istiqamətində aparılan siyasətin BƏT tərəfindən maraqla izlənildiyini bildirib.

Görüşdə, həmçinin həyata keçirilən layihələr və gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.