Məişət zorakılığının cəmiyyətə təsiri

Məişət zorakılığı bir sıra Şərq ölkələrində geniş yayılmış gender problemidir. Azərbaycanda da son illər bu sahədə problemlər artıb. Qeyd edək ki, məişət zorakılığı əsasən ailədə, yaxın qohumlar arasında və ya birgə yaşayışda yaranmış münasibətlər müstəvisində yaranır.

Bir sıra ölkələrdə məişət zorakılığı dedikdə ilk olaraq ağıla gələn kişilər tərəfindən qadınların döyülüb-təhqir olunması (fiziki -psixoloji zorakılıq), iradəsinə zidd olaraq seksual baxımdan istismarı (seksual zorakılıq), fiziki şiddət zamanı aldığı travmalar (tibbi-psixoloji zorakılıq) və maliyyə azlığının olması və ya maddi olaraq asılı saxlanması (iqtisadi zorakılıq) kimi hallardır.

Qeyd edək ki, bütün bu zorakılıqlar yaxın qohumlar tərəfindən törədilir. Belə ki, məişət zorakılığı və ya fiziki şiddət göstərməsi daha çox davranışla bağlı olan məsələdir. Məsələn, atanın uşaqların gözü önündə ananı döyməsi və yaxud da uşaqların gözü qarşısında valideynlərin mübahisə edərək, dalaşması, bir-birlərini təhqir etməsi kimi halları buna nümunə göstərmək olar.

Qeyd edək ki, bu cür hadisələrin iştirakçısı və şahidi olan uşaqlarda travmalar şüuraltı qalır və böyüdükdə, xüsusən oğlanlarda patriarxal dəyərə çevrilir. Məişət zorakılıqlarının yaranmasında da elə patriarxal dəyərlərin və nəyisə güc yolu ilə əldə etmək üçün zorakılıqlara əl atılması əsas səbəblərdən biridir.

Zorakılığı törədən şəxslə, zorakılığın qurbanına çevrilən şəxs arasında baş verən münaqişənin cinsi yönümündən, məsələyə münasibətindən, uşaqların olub-olmamasından asılı olmayaraq cəmiyyətə olduqca böyük mənfi təsirləri var. Çünki məişət zorakılığı baş verən ailələrdə olan problemlər nəinki o ailənin daxilindəki gərginliklə sərhədlənir, bu cür hadisələrin müntəzəm baş verməsi ətrafdakı insanları da narahat edir.

Bu sahədə uzun müddət araşdırma aparan xarici ekspertlərin qənaətinə görə, bəzən məişət zorakılığı hallarının davamlı olması o qədər baş verir ki, bu cür hadisələrin müntəzəmliyi, sanki ətrafdakı insanlarla bu cür münaqişələrin olmasının təbii qəbul edilməsi qənaət yaradır. Bəzən isə bu cür davranışlar ətrafda insanlara, xüsusən də həddi-buluğ yaşında olan və keçid dövrünü yaşayan uşaqlara da sirayət edir.

Qeyd edək ki, xəsarət yetirmə, qətl, zorlama, adam qaçırma, mülkiyyətə xələl yetirmə, hədə-qorxu gəlmə və s. kimi zorakılıq halları iki yad insan arasında baş verən zorakılıqlardır. Məişət zorakılıqların bu cür zorakılıqlardan fərqləndirən əsas səbəb isə odur ki, məişət zorakılığı iki yaxın münasibətdə olan və qohumlar arasında olan insanlar arasında baş verir. Başqa sözlə desək, məişət zorakılığı bərabər hüquqlu insanların münasibətlərində hüquqi bərabərliyin pozulması halıdır.

Məişət zorakılığını törədən şəxs hər hansı bu məişət funksiyasını yerinə yetirmək üçün fiziki şiddət üsulundan istifadə edir. Və bəzən kişilərdə belə bir təsəvvür olur ki, onlar kişi olduqlarına görə bu cür davranışlar göstərmək kimi hüquqları var.

Qeyd edək ki, məişət zorakılığında insidentlərini çox vaxt biri digəri ilə bağlı olur, keçmiş insident yeni bir insidentə səbəb olur. Zorakı şəxs bu davranışla qurban üzərində dominantlığını saxlamaq və öz maraqlarını həyata keçirməyə çalışır. Adətən fiziki və psixoloji zorakılıqlara da məruz qalır. Bütün zorakılıq növləri fiziki sübutlarla, yəni bədənə xəsarət ilə müşayiət olunmaya bilər. Bəzən də bədən xəsarətlərinə səbəb ola, sonradan ciddi, xroniki xəstəlik halları da ola bilən sağlamlığa qarşı törədilmiş ağır zədələnmələrlə nəticələnə bilər.

Fiziki zorakılığın olub-olmamasından asılı olmayaraq bütün hallar qurbanın psixologiyasına mənfi təsir göstərən və onun sosial aktiv fərd kimi fəaliyyətində, özgüvənində və öz dəyərinin anlamasında problemlərə yol açır. Başqa sözlə desək, ruhisağlamlığının böyük sarsıntılara səbəb olur.

Məişət zorakılıqlarının baş vermə formaları demək olar ki, oxşarlıq təşkil edir.

Hətta məişət zorakılıqlarının araşdıran xarici ekspertləri onu törədən -- şəxs tərəfindən istifadə edilən zorakılıq taktikalarının müharibə əsirlərinə qarşı törədilən taktikalarda eyni olduğunu bildirirlər.

Məişət zorakılığında işlədilən şiddət ona görə ciddi faciədir ki, burada zorakılığı qurbana ən yaxın şəxs törədir. Buna görə də məişət zorakılığı olduqca mürəkkəb prosesidir.

Məişət zorakılığının qurbanlarını daha çox qadınlar və uşaqlar təşkil edir və kişilər bu halda fiziki şiddətlər istifadə edirlər. Bəzən zorakı şəxsin “yüngülcə xəsarət adlandırdığı hərəkətlər, məsələn itələmək, şillə vurmaq və s. kimi davranışlar belə ən ağır zədənin, sinir sisteminin travmasına, dişlərin tökülməsinə və s. səbəb ola bilər. Yaxud da bu cür davranışlar gələcəkdə ortaya çıxacaq psixoloji problemlərinə gətirib çıxara bilir.

Qeyd edək ki, məişət zorakılığı baş verən ailələrə cəmiyyətdə münasibət də birmənalı olmur. Adətən bu cür ailələr problemli ailə, həmin ailələrdə böyüyən uşaqlar isə problemli ailələrin uşaqları kimi qəbul olunurlar.

Bəzən belə ailələrdə böyüyən uşaqlar məktəbdə, institutlarda, cəmiyyətdə istər ailə qurmaq istəyərkən də ayrı seçkiliyə məruz qalırlar.

Bir çox hallarda belə münasibətlər uşaqların ya intiharı, ya da cəmiyyətə qarşı aqressivləşməsinə gətirib çıxarır. Odur ki, bütün hallarda məişət zorakılığı halları cəmiyyət üçün ən ciddi problemli məsələ kimi qəbul olunur. Bu sahədə əhalinin maarifləndirilməsinin aparılması üçün müvafiq dövlət qurumları ilə vətəndaş cəmiyyətini təmsil edən təşkilatların daha geniş şəkildə əməkdaşlıq etməsi, birgə qabaqlayıcı tədbirlərin keçirilməsi zərurəti də günümüzün vacib reallıqlarındandır.

 

Fuad Hüseynzadə

 

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi çərçivəsində hazırlanıb.