Deputatlarımız İraqda səfərdədirlər

Azərbaycan Asiya Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Əminə Ağazadə və Milli Məclisin İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov noyabrın 8-dən İraq Respublikasının Bağdad şəhərində səfərdədirlər.

Millət vəkilləri Asiya Parlament Assambleyasının Siyasi işlər üzrə daimi komitəsinin iclasında iştirak edirlər. Nümayəndə heyətinin rəhbəri Əmınə Ağazadə APA-nın Siyasi məsələlər daimi komitəsinin iclasında Asiya regionunda gedən proseslərə birbaşa təsir göstərən qətnamə layihələrinin müzakirə ediləcəyini bildirib.

 Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri Azərbaycanın Asiya regionunda həmrəylik, əməkdaşlıq və parlament diplomatiyasının inkişafına töhfə vermək məqsədi ilə 2024-2025-ci illər üçün Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini rəsmən təqdim etdiyini xatırladaraq, APA üzvləri tərəfindən ölkəmizə dəstəyin verilməsinə ümid etdiyini vurğulayıb.

Eyni zamanda deputat Əminə Ağazadə Komitə iclasında müzakirə olunan İsrail-Fələstin münaqişəsi zonasında baş verən son hadisələrdən dərin narahatlığını bildirərək, təcili olaraq gərginliyin azaldılmasına və bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı çağırış edib.