Millət vəkilləri 2 aylıq körpənin həyatını xilas etdilər

Təxminən 2 ay bundan əvvəl (27.10.2022) Şirvanda 20 saylı orta məktəbdə şəhər sakinləri ilə səyyar görüşdə bir şəhər sakininin ah-naləsi, çıxılmaz vəziyyəti hamını kədərləndirdi. Ata 2 aylıq körpə oğlunun ürək qüsuru ilə doğulduğunu, onun təcili əməliyyata ehtiyacı olduğunu, lakin bahalı bir əməliyyat olması ilə yanaşı, əməliyyat riskinin böyük olması, həkimlərin bu əməliyyata qol qoymaması ilə yanaşı maddi durumunun buna imkan vermədiyini bildirdi. Əslində ailəyə rəsmi şəkildə uşağın heç bir şansının olmadığı da bildirilmişdi.

Ürək qüsuru ilə doğulmuş, həyatı risk altında olan 2 aylıq körpənin bütün məlumatlarını təcili olaraq tanınmış ürək- damar cərrahı Rəşad Mahmudova göndərdim. Rəşad müəllim əməliiyatın gecikdirildiyini, olduqca riskli olduğunu bildirsə də, balaca bir şans olduğu təqdirdə mütləq kömək edəcəyini bildirdi. Təhlükəli və çətin bir vəziyyət olsa da, ümid işığı oldu, əməliyyata qərar verildi.

2 aylıq Məhəmmədın əməliyyatı ən çətin və məsuliyyətli əməliyyatlardan biri oldu və müvəffəqiyyətlə bitdi.

Artıq hər şey geridə qaldı…

Əslində Rəşad Mahmudovun tanıtıma ehtiyacı yoxdur və mən öz şəxsimdə ona təşəkkür etmişəm. Lakin bir şeyə sevinirəm ki, millətimin belə oğulları var və bu millət üçün insanlıq hissi həmişə olduğu kimi bu gün də yüksək durumdadır. Əsas məsələ isə bir insana əl tutmaq, bir uşağın yaşamasında zərrə qədər də olsa yardımçı olmaqdır.

Əməliyyatda iştirak edən həkim komandasına təşəkkür edirəm. Balaça Məhəmmədə sağlam böyümək və Vətənimizə layiqli bir vətəndaş olmağı arzu edirəm.

İltizam Yusifov
Milli Məclisin deputatı