"Milli prioritetlər proqramı cəmiyyətin rifahının artmasını təmin edəcək"

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" Proqramı ilə 2030-cu ilə qədər ölkəmizin inkişafı üçün əsas prioritetlər müəyyənləşib. Bu sənəd milli maraqlar və strateji planlamanın vəhdətidir. Milli Prioritetlər mühüm dövlət konsepsiyasıdır və bu konsepsiyanın reallaşması mühüm vəzifələr qoyur. Sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulur:

1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

“Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” prioriteti ölkəmizdə adambaşına düşən milli gəliri artırmaq, neft və qeyri-neft sektorunun paralel inkişafı, kiçik və orta sahibkarlığın inkişafı, xarici investorların cəlb olunması, əhalinin məşğulluğunun artırılmasını nəzərdə tutur. Eyni zamanda davamlı və yüksək iqtisadi artım,  daxili və xarici təsirlərə dayanıqlıq kimi məqsədlər təmin olunur.

“Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” prioriteti isə  cəmiyyətin bütün üzvlərinin sosial rifahının yaxşılaşmasına, gənclərin social müdafiəsinin güclənməsinə xidmət edəcək. Yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət, paytaxt və regionların tarazlı inkişafı təmin olunacaq.

“Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” prioriteti də nəticəyönümlü inkişafı təmin edəcək. Bu günü reallığıondan ibarətdir ki, rəqabət güclərini qorumaq üçün ölkələr və şirkətlər bütün formalarda innovasiyanın ön mövqelərində durmağa məcburdurlar. Azərbaycan da İKT sahəsində uğurlar qazanıb və bu sahənin inkişafına yönəlik proqramlar reallaşmaqdadır. Paralel olaraq, nəzərə alsaq ki, insan kapitalı müasir iqtisadiyyatın əsas lokomatividir, bu mənada Azırbaycanın qara qızılı insan kapitalına çevirmək strategiyası olduqca effektivdir. İnkişafa dair Milli Prioritetlər bu baxımdan mövcud baza üzərində inkişafı təmin edəcək. Bu prioritetin uğurla reallaşdırılması üçün XXI əsrin tələblərinə uyğun təhsil, yaradıcı və innovativ cəmiyyət, vətəndaşların sağlam həyat tərzi kimi məqsədlərə nail olunmalıdır.

“Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioriteti də Azərbaycanda təbii kapitalın qorunması, daha yaxşı istifadəsi, insanların ekoloji rifahının artırılması və iqtisadi artımı stimullaşdırmaqla şərtlənir. Ölkəmiz iqtisadiyyatın “yaşıl” formasına keçid prosesini sürətləndirən beynəlxalq proqramların fəal iştirakçısıdır. Bu prioritet daxilində strateji dövrdə yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanının  effektiv reallaşdırılmasına nail olunmalıdır.

“İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” prioriteti də vacib məqsdələri qayrşıya qoyur. İlk növbədə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətə reinteqrasiya təmin olunmalıdır. Ümumiyətlə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda yeni reallıqlar yaranıb. Bu səbəbdən Azərbaycan öz inkişafını bu reallıqlar fonunda davam etdirəcək. Bu mənada mili maraqlar, yeni reallıq və müasir dövr milli iqtisadiyyatımız üçün yeni strateji vəzifələr müəyyənləşdirir.

İlk növbədə 30 ilə yaxın davam edən münaqişənin tarixə qovuşması regionda təhlükəsizliyin təmin olunmasını şərtləndirir. Bu isə Cənubi Qafqaz regionunda qarşılıqlı-faydalı əməkdaşlığı dərinləşdirmək üçün yeni imkanlar deməkdir.

Tarixi ərazilərimizin azad olunması ilə ölkəmizin bütöv inkişafı üçün yeni sosial-iqtisadi əsaslar formalaşıb. Bu gün yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq üçün strateji planlamaya ehtiyac var. Bu mənada milli prioritetlər proqramı dövlətin daha da inkişafını, cəmiyyətin rifahının artmasını təmin edəcək.

Ümumiyyətlə, Azərbaycan hər zaman regionun aparıcı ölkəsi olub. Regionumuzla bağlı olan bütün qlobal layihələrin əsas təşəbbüskarı Azərbaycandır. Sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi bu gün Azərbaycanda inkişafın davamlılığı üçün bütün zəruri potensial mövcuddur. Yeni inkişaf mərhələsində ən önəmli məsələlərdən biri - Böyük Qayıdış sayəsində soydaşlarımızın öz tarixi torpaqlarında dayanıqlı məskunlaşması təmin ediləcək.

Təbii ki, dövlət yeni ərazilərdə əhalinin yüksək rihafının təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirəcək. Regionların tarazlı inkişafının təmin olunması əsas vəzifələrdən biridir. Təbii ki, bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılıb. Azad olunmuş ərazilərimizdə də bu mənada iqtisadi aktivliyin daha da artırılması, bütün resursların iqtisadi dövriyyəyə cəlb edilməsi ilə doğrudan da Qarabağ Azərbaycanın yeni iqtisadi drayverinə çevrilə bilər.

Könül Nurulayeva

Milli Məclisin deputatı

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-dən irəli gələn məsələlərin həllində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində çap olunur