Moskvada “Albert Rıji”ni öldürən qubalı killerin cinayət işinin istintaqı yekunlaşıb - VİDEO

Moskva şəhər İstintaq Komitəsi idman zalında “Albert Rıji” (“Kürən Albert”) ləqəbi ilə tanınan azərbaycanlı kriminal avtoritet Əli Heydərovu güllələyən killer Mətləb Sultanovun cinayət işinin istintaqını yekunlaşdırıb.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2021-ci il aprelin 12-də Moskvanın Aviasiya küçəsində yerləşən “Al Yelkən” elit yaşayış kompleksinin fitnes zalında Əli Heydərova tapançadan bir neçə dəfə atəş açıb.

Əli Heydərov (“Albert Rıji”) aldığı güllə yaralarından yerindəcə keçinib.

Cinayətin törədilməsinə səbəb Əli Heydərovun Moskva şəhərində və Moskva vilayətində sahibkarlıq fəaliyyəti ilə məşğul olması göstərilir.

İstintaq Komitəsinin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən daha iki şəxs barəsində cinayət işi açılıb. Onlar axtarışa veriliblər.

Rusiya mətbuatında yayılan digər məlumatlara görə, “Albert Rıji”nin qətli onun əzəli düşməni, cinayətkar aləmdə böyük nüfuzu olmuş “Lotu Quli”nin (əsl adı Nadir Səlifov - red.) öldürülməsinin qisası da ola bilər. 

Qeyd edək ki, “Lotu Quli” postsovet məkanında ən nüfuzlu “qanuni oğru” hesab olunurdu. Onu “Moskva bazarlarının kralı” adlandırırdılar.

“Albert Rıji”ni qətlə yetirən killerə gəldikdə isə əslən Quba rayonundan olan Mətləb Sultanov 2008-ci ildə bacısını öldürüb, yeznəsinin qulağını kəsib.