Müasir milli dövlətçilik tariximiz silsiləsindən...

Xalqımız bugünlərdə dövlət müstəqilliyimizin xilası məqamı olan və ən yeni tariximizə Milli Qurtuluş Günü kimi yazılmış 15 iyun 1993-cü ilin 29-cu ildönümünü təntənə ilə qeyd etdi, ümummilli lider Heydər Əliyevin o zaman gerçəkləşdirdiyi xilaskarlıq missiyasını qədirbilənliklə yada saldı. Çağdaş tariximizdə həlledici dönüşün başlanğıcı olan bu hadisənin davamı olaraq, 24 iyun 1993-cü ildə Azərbaycanda daha bir zəruri siyasi hadisə baş vermişdi.

Həmin gün Milli Məclis 9 gün əvvəl Ali Sovetin sədri seçilən, xalqın dəstəyi ilə ölkəyə nəzarəti təmin edən ulu öndər Heydər Əliyevə Azərbaycan Respublikasının prezidentinin səlahiyyətlərinin verilməsi barədə qərar qəbul etmişdi. Beləliklə, Azərbaycanın başı üstünü almış təhlükənin sovuşdurulması yolunda daha bir təxirəsalınmaz addım atılmışdı.

Müstəqilliyinin itirilmə, ölkənin parçalanma təhlükəsinin bir anında xalqın əziz və böyük övladı Vətəninin faciəli taleyinə sahib çıxmışdı. Fikir dühası Tomas Karleyl qeyd edirdi ki, dünya tarixi dahi insanların tərcümeyi-halıdır. Şübhəsiz ki, dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin siyasi bioqrafiyası da çağdaş Azərbaycanın siyasi tarixi deməkdir. Tarixin heç bir vaxtında Azərbaycanı Heydər Əliyev kimi sevən, onun taleyində və tərəqqisində bu qədər böyük rol oynamış ikinci azərbaycanlı olmamışdır. Elə bu xidmətlərinə görə xalqımızın bu qüdrətli oğlu ümummilli lider kimi fövqəl status qazanmışdır.

Görkəmli dövlət xadimi, öz xalqının xilaskarı ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi tarixi zərurətdən yaranmış böyük Qayıdış oldu. 90-cı illərin əvvəllərində, demək olar ki, bütün sahələr böhranla üzləşmiş, ölkə çöküş günlərini yaşayırdı. Ümummilli lider Heyder Əliyevin xalqın vahid iradəsi ilə Qayıdışı məhz Azərbaycan dövlətinin və xalqının həyatında dönüş məqamı oldu. O dönüş ki, bugünkü müstəqil Azərbaycanın əsası məhz həmin dövrdə qoyuldu.

Ümummilli lider Heydər Əliyev həmin tarixi sınaq günlərində ölkənin üstünə yeriyən xəyanət və fəlakət kabusunun qarşısıalınmaz sədd kimi kəsdi, bütün həmlələrə, təhdidlərə mətin dayanaraq xalqı yumruq kimi birləşdirib öz gücünə inandıran məfkurənin – azərbaycançılıq fəlsəfəsinin dövlət idarəçiliyinə gətirilməsinin banisi oldu.

Ulu öndər Heydər Əliyevin ölkənin siyasi, iqtisadi, mədəni sahələrində gördüyü işlərin misilsizliyi danılmazdır və bu örnək ölkəmizdə uğur, qələbə simvoluna çevrilib. Onun siyasi fəaliyyəti xalqın öyünc salnaməsi timsalındadır. Müstəqil dövlətimiz bu fövqəlinsanın bizə ən qiymətli töhfəsi və müqəddəs əmanətidir. O, dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun mənimsənilməsinə, araşdırılmasına, tətbiq edilməsinə zaman-zaman ehtiyac duyulacaq. Onun fitri istedadı, şəxsi nüfuzu daxili və xarici siyasətin istənilən məsələsində hədəfə çatmağa yetərli idi.

Böyük rəhbərin “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” ifadəsi məhz millətinə, dövlətinə sevgisinin, bağlılığının bariz nümunəsi idi. 1993-cü ilin böhranlı yayında ölkədə baş qaldırmış vətəndaş qarşıdurması, xarici müdaxilə, müstəqilliyimizin itirilməsi təhlükəsi yalnız onun dərin zakası və sarsılmaz iradəsi ilə aradan qaldırıldı, xalq rahat nəfəs aldı, gələcəyinə ümidlə baxdı.

O zaman bu təhlükəyə qarşı dayanacaq ikinci bir şəxsiyyət və siyasi qüvvə olmadığına görə sarsılmış xalq təkidlə ümummilli lider Heydər Əliyevi hakimiyyətə çağırdı. Həmin fəlakətli günlərdə xalqın harayına yetişərək 15 iyunda Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçilən ümummilli lider Heydər Əliyev çökmüş bir dövlətin rəhbərliyini qəbul edərkən bildirmişdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm”.

Ulu öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm prinsiplərinə sadiq qalaraq aşkarlığa, açıqlığa üstünlük vermişdi. Həmin dövrdə bütün yüksək səviyyəli görüşlər, iclaslar, mətbuat konfransları birbaşa canlı olaraq televiziya vasitəsilə yayımlanaraq xalqın gözü önündə baş vermişdi. İyunun 24-də prezident səlahiyyətlərini öz üzərinə götürəndən sonra isə ulu öndər Azərbaycanda ali dövlət idarəçiliyinə yeni, sağlam nəfəs gətirdi. Prezident səlahiyyətləri böyük siyasi xadimə bu dönəmdə ən zəruri qərarların qəbul etməsi imkanı yaratdı. Prezident səlahiyyətlərinin Ali Sovetin iclas zalında gerçəkləşdirilməsi zərurəti bu dövrdə yeni parlamentarizm ənənəsinin əsasını qoydu.

Prezident səlahiyyətləri ilə birlikdə Ali Baş Komandan vəzifəsini də icra edən Heydər Əliyev ordu quruculuğu sahəsində də mühüm tədbirlər həyata keçirdi, mövcud silahlı qüvvələri, nəzarətdən çıxmış hərbi dəstələri vahid komandanlığa tabe etdi. Unudulmaz lider dövlətin gücünü bərpa etməklə vətəndaş həmrəyliyi yolu ilə ölkəmizi parçalamağa cəhd edən xarici qüvvələrin əsirinə çevrilmiş dağıdıcı separatçılığın və vətəndaş qarşıdurmasının qarşısı kəsdi.

Cəmi 4 ay Ali Sovetin Sədri vəzifəsində çalışan ulu öndər çevik siyasət, özünəməxsus bir zəka ilə dövlət idarəçiliyinin gücləndirilməsinə, qanunların işlənməsinə nail olaraq, sabitliyə və dirçəlişə təminat yaratdı. Xalq bir daha əmin oldu ki, ölkə tam etibarlı əldədir, nicatımız, xilasımız Heydər Əliyevlə bağlıdır. Onun varlığı titanik bir güc, əfsanəvi bir inam və imid qaynağı idi.

Çox keçmədən o ağrılı-acılı günlərdə ölkənin daxili və xarici siyasətində zəruri dönüş yaradıldı, ciddi nailiyyətlər əldə olundu. İctimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində canlanma yarandı, ölkə dəyişməyə başladı.

Bütün bunlar bir daha təsdiq edir ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət xadimində cəmləşməsi bəşər tarixində nadir rast gəlinən hal olsa belə, Tanrı ulu öndər Heydər Əliyevin timsalında Azərbaycan xalqına bunu nəsib etdi.

Beləliklə, ulu öndər xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi kimi dünyanın çağdaş siyasi tarixinə də öz adını əbədilik həkk edən dahi azərbaycanlı oldu. Ulu öndər Heydər Əliyev zamanın fövqündə dayanaraq Azərbaycan xalqının və bütövlükdə insanlığın yaddaşında əbədilik qazandı. Dünya durduqca Heydər Əliyev dühası yaşayacaq!

Rəşad Mahmudov,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü