Müəllim də ustaddır - Bayram Məmmədov yazır

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim


Tarixən böyük tarixi şəxsiyyətlərə dünyəvi, bəşəri sevgi olub. Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır". Müəllim öyrədir - elmi, milli-mənəvi dəyərləri, xalq fəlsəfəsini...
Müəllim ömrünə işıqlı ömür desək, suç olmaz. Axı, səndədir, məndədir müəllim ömrü...

Tofiq Nəsirov 1973-cü ilə kimi bu ad-soyadla yaşamışdı. 1973-cü ilin sentyabrından sonra bu ad-soyad həm də "Tofiq müəllim" müraciətlə qoşa işlədilib. Bu müraciət böyük bir sevginin başlanğıcıydı. Bu sevgi gözəl sevgiydi, minlərin sevgisini ümumiləşdirən dünyəvi sevgi idi...

Tofiq Cümşüd oğlu Nəsirov 1952-ci il mayın 22-də Zəngilanın Beşdəli kəndində anadan olmuşdu. Dünyanı kəndlərini əhatələyən təbiətlə təmasdan tanımışdı. İllər keçdikcə dünyaya deyil, təbiətə vurulmuşdu, sevmişdi təbiəti...

İndiki N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirmişdi. İnstitutda oxuyanda imtahanlardan birində müəllim Tofiqə əlavə suallar da verir. Assistent bunun səbəbini soruşanda professor deyir ki, Tofiqin təfəkkürü də, danışığı da, sözləri düzgün tələffüzetmə qabiliyyəti də könlümə yatır. Ona görə belə edirəm; belə tələbələr də olub, belə müəllimlər də. Tofiq müəllim belə müəllimlərdən öyrənirdi, belə püxtələşirdi.

Zəngilan şəhər 1 saylı tam orta məktəbində işləyirdi. Yazsam da, qələmimə yatsa da, "işləyirdi" ifadəsi könlümə yatmır - şagirdlərinin dilimizi, ədəbiyyatımızı mükəmməl mənimsəmələri üçün düşüncələrini, biliyini, səriştəsini şam-çıraq eləyirdi. Sinif otaqları ömür dünyasıydı, şagirdləri bu dünyanın səyyarələri. Məktəbi ömrünün kəhkəşanı bilirdi. Abdulla Şaiqin, S.M.Qənizadənin, F.Köçərlinin, digər pedaqoqlarımızın pedaqoji irsini öyrənə-öyrənə özünün pedaqoji üslubunu yaradırdı. Bu üslubda işıq qüdrəti vardı - şagird ömründən keçib gələcəyə çatası (və çatan!) işıq!..

Tofiq Nəsirov 1986-87-ci illərdə 3 saylı şəhər orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib (görəsən, Tofiq müəllim bu məktəbə keçəndə 1 saylı məktəbin şagirdlərinin təəssüfünü duyan olubmu?). "Ana dilini mükəmməl bilməyən, ədəbiyyatını sevməyən yaxşı vətəndaş ola bilməz, buna qüdrəti çatmaz...", - Tofiq müəllim belə deyərdi. Sevirdi - sevdirirdi, sinif otaqları, şagird baxışları mənə də tanışdı. O baxışlar duruluq çeşməsidi - məhəbbəti də səxavətlə yaşadır, ülviyyəti də. Müəllimin müəllimliyi bu məhəbbətlə, bu ülviyyətlə müəyyənləşdirilməlidi əslində. Şagird sevgisiylə əhatələnməyən müəllimə heç zaman yaxşı müəllim deyilməyib; Tofiq müəllim yaxşı müəllim idi. Onun neçə-neçə şagirdi də müəllim oldu. Müəllimlərinin - ustadlarının yolunun davamçıları kimi.

Yaxşı müəllim həm mükəmməl təhsilə malik olmalıdır, həm də özünəməxsus öyrətmə metodlarına (buna terminologiya olaraq metodika deyilir). Tofiq müəllim dilimizə də vaqif olan vətənpərvər müəllim idi, ədəbiyyatımıza da. Vətənimizi - Azərbaycanımızı sevdirməyi ən böyük, ən müqəddəs vəzifəsi bilirdi. "Müəllimliyim buna vasitədir", - deyirdi. Onun qabiliyyətində ahənrübalıq varmış - diqqəti özünə çəkməkdəymiş. 1988-ci ildə rayonun rəhbərliyi bu qabiliyyəti   təhsilin səviyyəsini daha da möhkəmlətmək, daha da yüksəltmək məqsədi ilə Tofiq Nəsirovun Zəngilan rayon maarif şöbəsinə metodist təyin olunmasına vəsatət qaldırdı; Tofiq Nəsirov bu vəzifəyə təyin edildi (1986-cı ildə "SSRİ maarif əlaçısı" fəxri adına layiq görülmüşdü Tofiq müəllim. Onun səriştəsi, qabiliyyəti rayonun məktəblərində rayon miqyasında metodiki tövsiyələr dərsliyiydi mahiyyəti etibarilə).

Hər xatirədə bir işıq var. Bu işıq işıqlı ömürləri daha aydınlığıyla tanıdır. Jurnalist Seymur Verdizadənin bir xatırlaması Tofiq Nəsirov ömrünə sevgidi, bu sevgi Seymurun timsalında minlərin sevgisini ifadə edir:

Orta məktəbdə oxuyanda Seymur Verdizadə də olimpiadalarda iştirak edirdi. Lakin ədəbiyyat fənni üzrə qalib ola bilmirdi. Biliyinə güvənən, xarakteri etibarilə iddialı olmasa da, hazırlıqlı şagird kimi tanınan Seymur bundan bir qədər pərişan olmuşdu. Maarif şöbəsinin inspektoru onun ovqatını duyunca təsəlli olsun deyə demişdi ki, ədəbiyyat üzrə birinci yeri Zəngilandan gəlmiş şagirdlər keçən ildən təmin ediblər. Bu təsəllidə nisbi təsdiq də vardı və bu nisbi təsdiq marağa, sorğuya dönüb Seymurun baxışlarına hopmuşdu. Onda inspektor gülümsünərək əlini Seymurun çiyninə qoymuşdu, gerçəkliyi belə bildirmişdi: Tofiq müəllimimin şagirdləri çox savadlıdı. Həm dili mükəmməl bilirlər, həm ədəbiyyatı, həm də söz ehtiyatları zəngindir. Tofiq müəllim kimi bir pedaqoqun belə şagirdləri olması təbiidir, həm də sevindiricidir. Seymur eşitdiyi kəlmələrdən qürurlanıb, pərişanlığını unudub. Atasının dostu haqqında eşitdikləri onun qəlbini dağa döndərib...



Tofiq müəllim də Zəngilanın müdafiəçilərinin sırasında olmaq istəyib. Ağsaqqallar onun məktəbdən uzaqlaşmasını məsləhət bilməyib: müharibə şagirdlərin təhsilini paralamamalıdır, sənin kimi müəllim sinif otaqlarında olmalıdır ki, şagirdlərin atası düşmənlə mərdliklə döyüşsün. Tofiq müəllim ağsaqqalların tövsiyəsinə etiraz edə bilməyib...

Zəngilan işğal edildi. Bu işğal onun da heysiyyətini silkələdi. Bu işğal onun da qürurunu titrətdi. Bütün zəngilanlılar kimi bu el adamının, elin sevdiyi müəllimin də ruhunu işğal küləkləri yerindən oynatdı. Onda bircə dəfə "Offf!" dedi Tofiq müəllim. Bu təəssüf qaçqınlığın ağrılarının duyulmasının təəssüfüydü. Araz çayını keçənlərin qəhərinin 27 il qövr edəcəyini heç kim güman edə bilməzdi. Hamı, hamı ümid edirdi ki, beynəlxalq təşkilatların təkidi ilə Ermənistan işğal etdiyi ərazilərdən çəkiləcək.

O da Zəngilana xitabən deyirdi ki, dönəcəyik, Zəngilanım, səni qoruyurduq, mühasirədə qalmışdıq, döyüşə-döyüşə Arazı keçdik. Sənə dönəcəyimiz günün intizarındayıq...

Tofiq Nəsirov 1994-cü ildə Zəngilan rayonunun 24 saylı məktəbində, 2012-ci ildən ömrünün sonunacan - 2015-ci ilə kimi 33 saylı məktəbdə müəllim işləyib. Nə deyirdi şagirdlərinə Tofiq müəllim? - "Sevin Vətəni, Zəngilan ruhunuzun göyqurşağıdı, ömrü o göyqurşağının altından keçmək üçün yaşayın. Göyqurşağının altından keçməyin nə demək olduğunu bilirsiniz. Sizə demişdim - inanclara görə, göyqurşağının altından keçənlər niyyətinə çatır. Sizin də ən gözəl niyyətiniz Zəngilana dönüşdür". Bu kəlmələr vətənpərvərliyin təzahürüydü, şagirdlərini belə formalaşdırırdı Tofiq müəllim.

Tofiq Nəsirov böyük maarif fədaisi Firidun bəy Köçərlinin bir kəlamını böyük sevgilərlə mətləbinə söykənəcək bilərmiş: "Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsənsə, müəllimini savadsız, həkimini isə kəmsavad eyləyin. Biri onun başını, o birisi canını zay eləsin..."

2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim" adına layiq görülüb. Bu, ona dövlətin verdiyi ad idi, xalqın verdiyi adı da heç kim unutmayıb: Müəllimlər müəllimi.

Zəngilan işğal edildikdən sonra dünyaya sığmayan Tofiq müəllim bir yataqxana hücrəsinə sığınmışdı.

Onunla eyni məktəbdə işləyən, onun müəllimliyinə (!) bələd olan müəllimlər sevgilərlə deyirlər ki, Tofiq müəllim həm geniş erodisiyaya, həm də yüksək pedaqoji məharətə malik olan müəllim idi. Onun dərslərdə tətbiq etdiyi üsullar, metodlar, vasitələr fərdi təfəkkürün təzahürü idi - o üsullar, metodlar, vasitələr elmi ədəbiyyatda yoxdur; Tofiq müəllim fitrətən müəllim idi. O, şagirdlərinə təkcə ana dilimizi, ədəbiyyatımızı öyrətməklə kifayətlənmirdi. O, bu fənnin imkanları ilə şagirdlərinin dünyagörüşünün formalaşmağı, xarakterlərini yüksək əxlaqi, etik keyfiyyətlərlə zənginləşdirməyi, onlara Vətəni Vətənin adına layiq sevmə qüdrəti aşılamağı həm vəzifə borcu bilirdi, həm də milli-xəlqi borc. "Milli-xəlqi borc son nəfəsəcən ödənilməli borcdur..." - Tofiq müəllim belə deyərdi. Belə yaşadı Tofiq müəllim. Bu kəlamı onun özünün 63 illik ömrünün Dan ulduzu oldu...

Tarixən öyrədənə ustad deyilib. Müəllim ustaddır. Tofiq müəllimin müəllimi olmuş filologiya üzrə fəlsəfə doktoru, tanınmış sair-publisist Nəriman Əliyev keçmiş şagirdi haqqında qürurla, sevgilərlə deyərdi: "Biz Tofiqə dərs demişik, ancaq indi ondan öyrənirik". Bu etirafdımı, şagirdinin uğurlarına sevincin kükrəyişidirmi, çəkilən zəhmətə görə şükranlığın ifadəsidirmi? - gözəl deyilib...

Tofiq müəllimin dərs dediyi şagirdlər də, müəllim yoldaşları da onun xarakterini müəyyənləşdirən cəhətləri böyük ehtiramla xatırlayırlar:

Tofiq müəllim humanist insan idi, doğruluğu, dürüstlüyü, gerçəkliyi, həqiqəti sevirdi, yalana, riyaya, riyakarlığa asi idi, sözü bütöv adam idi, sözübütövləri özünə həmsöhbət bilirdi, verdiyi vədi mütləq yerinə yetirərdi, bu xarakterləri şagirdlərinə də aşılayırdı, haqsızlıqla barışmazdı. "Nə yarımçıq söz danış, nə də yarımçıq iş gör" - Tofiq müəllim belə deyərdi. "Başladığın işi başa çatdırmaq sənin həyat düsturun olmalıdır", övladları da, şagirdləri də bu öyüdün mahiyyətini gözəl dərk edirdi...

Tofiq müəllim şair təbiətli idi. Şeiri, poeziyanı sevirdi. İlk şagirdlərindən olmuş, hazırda dil-ədəbiyyat müəllimi Sərdar Vəlioğlu xatırlayır ki, Tofiq müəllim dərsdə Cabir Novruzun "Qərbi Berlin" poemasını xüsusi diksiya-intonasiya ilə əzbər deyib. Sonra hamımız bu əsəri oxuduq.

Bəzən özü də düşündüklərini şeirləşdirirdi. "Şeir düşüncələrin musiqisidi, düşüncələri incələşdirir, təfəkkürü çevikləşdirir. Astronomiya dünyanın dərki üçün nədirsə, şeir duyğular üçün odur...", - Tofiq müəllimin kəlamlarındandır.

Tofiq Nəsirov böyük şair Səməd Vurğun haqqında yazdığı "Alovlu vətənpərvər" məqaləsində şairin bir fikrini də xatırladır: "Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan vətəndaşlıq haqqını dərk edə bilməz, ona vətənpərvər demək gülünc olar". Bu fikri Tofiq müəllimin heç zaman demədiyi, ancaq deməli olduğu bir fikrə işıq bilirəm: "Mən xalqımızın varlığıyla fəxr edirəm, onun eşqini müqəddəs məşəl kimi qəlbimdə yandırıram...". Tofiq müəllim əsl vətəndaş idi...

"Cəfər Cabbarlı yaradıcılığında maarif və mədəniyyətə çağırış motivləri", "Dünya səviyyəli sənətkar", "Görkəmli nasir Y.V.Çəmənzəminli", ... kimi məqalələri Tofiq Nəsirovun yaradıcılığının elmi, elmi-metodik səviyyəsinin təsdiqidir, şübhəsiz...

...Uğur üstə olanlardan soruşsan ki, yolun hayanadı, "işığa" - cavabı alarsan: Bilərsən ki, yol adamı müəlliminin ziyarətinə gedir.

Yaxşı müəllimlərin sağlığında özü, son nəfəsindən sonra ruhu qədirbilən şagirdlərinin könül ünvanıdı. Tofiq müəllim kimi...