Mühüm beynəlxalq platforma

Azərbaycanda 10-cu ildir Qlobal Bakı Forumu keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən 60 ölkədən 350 nəfərin qatıldığı X Qlobal Bakı Forumunda Prezident İlham Əliyev və tədbir iştirakçıları tərəfindən səsləndirilən fikirlər bir daha sübut edir ki, dünya ictimaiyyəti, siyasi elitalar Azərbaycanı Cənubi Qafqazda güclü dövlət, Avrasiya geostrateji məkanında həyata keçirilən çox mühüm qlobal layihələrin əsas təşəbbüskarı kimi tanıyır və onunla hesablaşırlar. Bakı artıq dünyanın qlobal məsələlərin müzakirə edildiyi və problemlərdən çıxış yolunun tapıldığı siyasi mərkəzinə çevrilib. Forum həmçinin həm Azərbaycan, həm də dünya ölkələri üçün siyasi-sosial və geosiyasi, eyni zamanda, humanitar aspektdən önəmlidir. Hər dəfə Azərbaycanda keçirilən bu cür qlobal miqyaslı tədbirlərdə iştirak etmək üçün gələn qonaqlar ölkəmizin inkişafını, sosial-iqtisadi tərəqqisini əyani olaraq görürlər. Nəzərə alsaq ki, beynəlxalq tədbirlərdə iştirak edənlər ayrı-ayrı siyasi quruluşların, mədəniyyətlərin nümayəndələridir, o zaman Azərbaycanımızın birbaşa təqdimatı xüsusi hal kimi dəyərləndirilməlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forumdakı məzmunlu və əhatəli çıxışı iştirakçıların, ölkə ictimaiyyətinin və KİV-lərin böyük marağına səbəb olub. Hər bir beynəlxalq tədbirdə olduğu kimi bu dəfə də cənab prezident Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında geniş danışdı. Dövlət başçısı İlham Əliyev dünyanı sarsıdan münaqişələrin həlli yollarından bəhs edərək bunun iki - dinc  və qeyri-dinc yolunun olduğunu diqqətə çatdırdı. Ölkə Prezidenti artıq tarixə gömülmüş Qarabağ münaqişəsinin timsalında  belə münaqişələrə yanaşmanı və çağırışları ifadə etdi. Azərbaycan 30 il münaqişənin sülh yolu ilə ədalətli həllini tapacağına ümid etdi. Bu dövrdə danışıqların imitasiya naminə aparıldığı diqqətdən yayınmasa da rəsmi Bakı ədalətin sonda qalib gələcəyinə,  məsələnin sülh danışıqları əsasında həll ediləcəyinə böyük ümid bəslədi. Lakin 2020-ci ildə erməni silahlı birləşmələri növbəti dəfə təxribatlar törədilməsinə cəhdlər göstərməklə Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Belə ki,  Ermənistan silahlı qüvvələrinin  2020-ci il sentyabrın 27-də  Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları  Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri əsasında   əks-hücum əməliyyatına başlaması ilə nəticələndi. Ölkə başçısı ötən dövrdə Cənubi Qafqaz regionu üçün sülh imkanlarının yarandığını da bəyan etdi. 

Forumun mövzusundan da bəlli oldu ki, səsləndirilən çağırışlar sadəcə bir fikir olaraq deyil, gələcəklə bağlı ümidlərin yaranmasına, bu arzu və istəklərin reallıqda öz əksini tapmasına xidmət etməlidir. Bu gün Azərbaycan təkcə sivilizasiyalararsı dialoq deyil, əməkdaşlıqlar üçün də müəyyən bir şərait yaradır. Bakının son zamanlar bir sıra önəmli tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın dünyada strateji tərəfdaşlığın inkişafında oynadığı roldan xəbər verir. Qarşıdurmalar, dünyanı təhdid edən təhlükələrin qarşısını almaq üçün birgə fəaliyyət mütləqdir. Çünki hazırkı dünyanın qlobal problemlərinin həlli də məhz bu yoldan keçir.  Bu forumların da əhəmiyyəti sülh şəraitinin formalaşmasıdır. Rəsmi Bakı öz baxışları ilə dünyanın tanınmış siyasi liderlərinə mühüm ismarıclar verə bildi.

Anar Məmmədov

Milli Məclisin deputatı