Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın növbəti diplomatik uğuru oldu

Azərbaycan Prezidenti İlham Əliyev praqmatik və uzaqgörən siyasəti, diplomatik məharəti ilə bir çox dövlət başçılarına nümunədir. Onun dünyada gedən prosesləri düzgün təhlil edərək atdığı addımlar, qəbul etdiyi qərarlar, həyata keçirdiyi mühüm layihələr ölkəmizin nüfuzunu gündən–günə artırır. Bu gün Azərbaycan enerji təhlükəsizliyi istiqamətində bütün dünya, xüsusi ilə də Avropa üçün çox vacib ölkədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova söyləyib.

Komitə sədri qeyd edib ki, Azərbaycanda elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda ölkənin ümumi generasiya gücü 7200 meqavatdır. Qeyd etmək lazımdır ki, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdıq və artıq 10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir.44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən qısa müddət keçməsinə baxmayaraq, Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılmış və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaqdır. Həmçinin, Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı 500 meqavata qədər generasiya gücləri yaratmağa imkan verəcəkdir. Bununla yanaşı, bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var. Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Hazırda 470 meqavatlıq günəş və külək stansiyaları inşa edilir. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlanacaq, o da təqribən 240 meqavat əlavə güc verəcək. Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur. Beləliklə, belə bir imkanlara malik olan Azərbaycan hazırda bir çox dövlətlər üçün etibarlı tərəfdaşa çevrilmişdir. Elə ölkə başçısı İlham Əliyevin fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak etməsi də buna əyani misaldır. Belə bir mühüm tədbirdə çıxış edən Prezident İlham Əliyev ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni vurğulamaqla yanaşı, Azərbaycanın orta və uzunmüddətli perspektivdəki hədəflərindən də bəhs etmişdir. Ölkə başçısı qeyd etdi ki, 2027-ci ilədək TAP-la qaz nəqlini indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Əlbəttə ki, dövlətimiz hər zaman öz tərəfdaşlarına, imzasına hörmətlə yanaşan və məsuliyyətli bir ölkədir. Keçən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandıqdan sonra atılan addımlar, həyata keçirilən layihələr bu fikri bir daha təsdiqləyir.

Dəyirmi masada çıxış edən mötəbər şəxslərin Azərbaycanın ötən dövrdə, xüsusilə keçən il Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi vurğulamaları, ölkəmizlə bu sahədə əməkdaşlığı yüksək qiymətləndirmələri və onun davamlı olacağına əminliklərini bildirmələri bir daha ölkə başçısı İlham Əliyevə olan inamdan, etibardan irəli gəlir. Bu gün qarşılıqlı iqtisadi maraqların təmin edilməsi, bu sahədə mühüm layihələrin həyata keçirilməsi çox önəmlidir, hətta bunun siyasi qərarlara təsir etdiyini də deyə bilərik.

Üç il bundan əvvəl fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrini hər birimiz böyük fəxr hissi ilə izləmişdik. Bu, bizim ilk böyük siyasi Qələbəmiz idi. Artıq iki ildən çoxdur ki, biz Qarabağ və Şərqi Zəngəzuru erməni işğalından azad etmişik. Bu il Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ölkə başçısının bir sıra iki və çoxtərəfli görüşlər keçirməsi hər birimizdə müsbət gözləntilər yaradır.