“Münxendə Ermənistanın blokada ilə bağlı cəfəng ittimahlarının heç biri qəbul olunmadı”

Laçın-Xankəndi yolundakı etiraz aksiyaları əsaslıdır və burada hər hansı blokadadan söhbət getmir. Prezident İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli görüşdə bir daha bəyan etdi. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınlarının keçməsi reallığı Ermənistanın məqsədli şəkildə yaydığı dezinformasiyaların heç bir əsası olmadığını təsdiqləyir. Dövlət başçımızın fikirlərindən də aydın olur ki, bütün görüşlərdə bu mövqe beynəlxalq ictimaiyyət tərəfindən anlayışla qarşılanır. Ən əsası, Avropa İttifaqı da rəsmi Bakının mövqeyini anlayır. Münxen görüşlərində bir daha Azərbaycana məxsus yataqların qanunsuz istismarının dayandırılmasının vacibliyi gündəmdə oldu. Tələb kifayət qədər anlaşılandır – ekoloji terrora son qoyulmalıdır.

59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin vasitəciliyi ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş Azərbaycanın üstünlüyü ilə yadda qaldı. Burada ən vacib məsələ Bakının qəti şəkildə sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsinə diqqəti yönəltməsidir. Prezident İlham Əliyev qəti şəkildə bəyan etdi ki, Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir: “Biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır!”

Sülh sazişinin imzalanması, bunun üçün lazım olan şərtlərin mövcudluğu Münxendə bir daha gündəmə gəldi. Ümumilikdə rəsmi Bakı Ermənistanın bir neçə gün əvvəl verdiyi təklifləri nəzərdə alaraq, İrəvanın mövqeyində tərərqqi olduğunu güman edir. Amma Prezident İlham Əliyevin də söylədiyi kimi, bu tərəqqi kifayət etmir. Ermənistan daha tutarlı addımlar atmalı cə prosesin sürətlənməsində hər kəsdən daha çox maraqlı olmalıdır.

Münxendə keçirilən görüşdə əsas yeniliklərdən biri də sərhəddə Ermənistan və Azərbaycanın ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə bağlı təklifdir. Rəsmi Bakı Münxen platformasında bir daha bu təklifi səsləndirdi. Avropa və ABŞ-da bu təklifin məntiqli hesab olunduğu bir daha qətişləşdi.

Ermənistan tərəfinin də bu məsələyə müsbət yanaşması qaçılmazdır. Çünki dövlət başçımızın da söylədiyi kimi, sərhədlərin delimitasiyası bunu şərtləndirir.

“Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik” deyə Prezdient İlham Əliyev bəyan etdi. Münxen Təhlükəsizlik Konfransında aparılan müzakirələr bir daha göstərdi ki, Azərbaycanın mövqeyi kifayət qədər açıq və birmənalıdır. Beynəlxalq tərəfdaşlar bunu təqdir edir. Ermənistanın qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamaları isə ciddi qəbul edilmir.