Müstəqil və qüdrətli Azərbaycanın qurucusu

Məlumdur ki, tarixi şəxsiyyətlər, o cümlədən liderlər xidmətlərinin miqyasına görə fərqli səviyyədə qəbul olunurlar. Elələri var ki, yalnız öz doğma  Vətənində tanınır, hörmətlə yad edilir,elə simalar var ki, onlar zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrilir. Ulu öndər Heydər Əliyevin bütün sahələrdə qurucu istiqamət üzrə təşəbbüskar aktivliyi, strateji hədəflərə doğru qətiyyətli irəliləyişi, Azərbaycanın perspektivləri üçün yorulmaz fəaliyyəti onu başqaları üçün də örnək simaya çevirib.

Azərbaycançılıq ideologiyasının inkişafında və yayılmasında göstərdiyi xidmətlər, ümumiyyətlə, bənzərsiz liderlik keyfiyyətləri ilə yanaşı, bir strateq olaraq da Ulu Öndər Azərbaycan coğrafiyasına, yalnız bir zamana sığmayan milli və milli olduğu qədər də bəşəri şəxsiyyət kimi qəbul edilir. Ulu öndər Azərbaycan SSR-in rəhbərliyinə gələrkən respublikada çox fərqli-millilikdən get-gedə uzaqlaşan, iqtisadiyyatı tənəzzülə uğrayan və mərkəzdən tam asılı bir idarəçilik mexanizmi mövcud idi. Məhz Heydər Əliyevin atdığı uzaqgörən addımlar, gələcək perspektivə hesablanmış işlər  Azərbaycanı fərqli məcraya yönəltdi. Bir xalq  iqtisadi, mədəni və mənəvi tənəzzüldən qurtulmuş oldu.

İmperiya siyasətinin müstəmləkə torpaqlarına yalnız xammal bazası kimi yanaşdığı, istehsal müəssisələrinin yaradılmasına hər cür maneçilik törədildiyi vaxtda Sovet rejiminin analoji addımı bu dəfə Heydər Əliyevin Azərbaycan təəssübkeşliyi, xalqın maraqlarını özündə əks etdirən qəti və uzaqgörən strategiyası qarşısında iflasa uğradı. Belə ki, ötən əsrin  70-ci illərinin sonu, 80-ci illərinin əvvəllərində əsası qoyulmuş və inşa edilmiş müəssisələr Azərbaycanı yalnız aqrar ölkə və xammal bazası rolu oynayan müstəmləkə çərçivəsindən çıxararaq  SSRİ-nin güclü iqtisadiyyata malik sənaye mərkəzlərindən birinə çevirmişdir. Ümummilli lider həmin dövrü belə səciyyələndirirdi: “O illər biz müstəqilliymizdən məhrum olsaq da, Azərbaycan xalqımızın, millətimizin daxili potensialını hərəkətə gətirərək inkişaf etmiş, böyük nailiyyətlər əldə etmiş və müstəqilliyini elan edərkən böyük iqtisadi və intellektual potensiala malik olmuşdur. Azərbaycanın müstəqil dövləti onun böyük iqtisadi və intellektual potensialı üzərində qurulubdur”. Bunlar azərbaycançılığın formalaşmasının sosia-iqtisadi əsaslarını təşkil edən xidmətlərin bir nümunəsi idi.

Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı. Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Məhz Heydər Əliyev belə bir məsuliyyətin öhdəsindən gələ bilərdi və gəldi də.

İlk gündən müdrik rəhbər xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi. Heydər Əliyev Azərbaycan gəncliyinə müraciət etdi, Vətənimizin təhlükədə olduğunu izah edərək millətin, dövlətin gənclərə də güvəndiyini bildirdi. Bu çağırışdan ruhlanan yüzlərlə, minlərlə gəncimiz silaha sarılıb müharibəyə yola düşdü. Artıq hər kəs bilirdi ki, dövlətin rəhbərliyi etibarlı əllərdədir və ordu  müdrik sərkərdənin komandanlığı ilə idarə olunur.

1994-cü ilin qışında Azərbaycan Ordusunun cəbhədəki ilk uğurlu əməliyyatının müəllifi məhz Ulu Öndərdir. Cəbhə xəttindəki hərbi hissələrə, təlim meydanlarına gedən komandan əsgər və zabitlərlə görüşüb onları müqəddəs bir amal naminə - gənc müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə ruhlandırırdı. Həmin döyüşlərdə öndə gedən komandirlərin əksəriyyəti isə Heydər Əliyev Məktəbinin - C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri idi. Bu təhsil ocağının ildönümü mərasimlərindən birində salonda əyləşən zabitlərə, kursantlara xitabən dahi rəhbər təsadüfi  demirdi: "Sizlərə baxanda sonsuz fərəh hissi duyuram ki, mən Azərbaycanda belə bir məktəb yaratdım və bu məktəbin yetirmələri mənə doğma övladlarım qədər əzizdir".

İndi  Azərbaycan xalqı Prezident İlham Əliyevin timsalında Ulu Öndərin layiqli davamçısını görür və onun siyasətini qətiyyətlə dəstəkləyir. Təsadüfi deyil ki, ömrünün son günlərində, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutub demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək".

Bəli, məhz Azərbaycanın qüdrətlənməsi, işğaldakı torpaqlarımızın azad edilməsi kimi əhəmiyyətli işləri ləyaqətlə yerninə yetirən  Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Ulu Öndərin etimadını doğruldaraq xalqımsızın adını tarixin qürurverici səhifələrinə həkk etdi.

Elnur Əmiraslanov,
YAP Hacıqabul rayon təşkilatının sədri