Naxçıvana uçuşların sayının artması Muxtar Respublikanın cəlbediciliyindən xəbər verir

Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək üçün ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə olduqca vacibdir. İlk növbədətranzit və nəqliyyat xidmətlərinin inkişafı, bölgələrdə logistika mərkəzlərinin yaradılması əsas məqsədlərdən biridir. Bütün bunlar investorlar üçün ölkənin cəlbediciliyini artırır, məşğulluq imkanlarını genişləndirir. Xüsusilə də, yerli və beynəlxalq daşımaların idarə olunması mexanizmini təkmilləşdirmək, hava nəqliyyatını beynəlxalq nəqliyyat sisteminə inteqrasiya etmək, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətini artırmaq, sərnişindaşımada gediş haqqının ödənilməsi ilə bağlı müasir texnologiyalardan yararlanmaq olduqca vacibdir.

Cənab Prezident İlham Əliyevin sərəncamları ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” kimi strateji proqramlarda ölkədə hava nəqliyyatının hərtərəfli inkişaf planları göstərilmişdir.

Geniş təyyarə parkına sahib olan, dünyanın müxtəlif yerlərinə uçuşlar həyata keçirən hava nəqliyyatı şirkətlərinin mövcudluğu ölkənin nüfuzu hesab olunmaqla yanaşı, dövlətin iqtisadi, mədəni, humanitar siyasətinin möhkəmlənməsinə xidmət edir. Genişşaxəli marşrutların mövcudluğu Azərbaycanın iqtisadi potensialını və turizm imkanlarını əhəmiyyətli dərəcədə artırmağa imkan verir.

Həm Heydər Əliyev adına Beynəlxalq Aeroportda, həm də Naxçıvan Hava Limanınında xidmətlərin keyfiyyət və kəmiyyət baxımından genişləndirilməsi proqramları bu gün həyata keçirilməkdədir.

Naxçıvan Hava Limanı regionun aviasiya nəqliyyat əlaqəsi üçün yeganə vasitə olaraq 2004-cü ildən Beynəlxalq Hava Limanı statusu qazanıb. Hər kəsə bəllidir ki, Azərbaycanın digər bölgələri ilə Ermənistan tərəfindən az qala blokadada saxlanılan Naxçıvan arasında nəqliyyat əlaqələri daha çox

hava yolu mövcuddur. Naxçıvan Muxtar Respublikasına səfər edən fiziki şəxslərə gömrük güzəştlərinin edilməsi bu gün də aktual olaraq qalır. Naxçıvanda böyük ticarət mərkəzinin açılması, azad iqtisadi zonanın yaradılması ideyası dövlətimiz tərəfindən daim dəstəklənmiş və bu təkliflər inkişaf konsepsiyasında da öz əksini tapmışdır.

Bu arada onu da qeyd edək ki, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda açılan hava limanları gələcəkdə Naxçıvanın bölgədəki rolunu daha da artıracaqdır. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının istifadəyə verilməsinin və gələcəkdə Laçın Hava Limanın işə düşməsinin strateji və iqtisadi əhəmiyyəti bu gün də geniş müzakirə olunur. Təbii Hər bir bölgədə hava nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi sahibkarlığın inkişafında, həmin rayonların malik olduqları potensialdan səmərəli istifadə də mühüm rol oynayır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də Naxçıvan iqtisadi rayonunun inkişafı xüsusilə nəzərdə tutulmuşdur. Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda fəaliyyəti dövründə Ermənistan tərəfindən blokada şəraitində olan regionun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və tərəqqisi üçün əhəmiyyətli tədbirlər görülüb. Məhz Ulu Öndərin siyasəti sayəsində Naxçıvanın sosial-iqtisadi inkişafında möhkəm bünövrə formalaşıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması Zəngəzur dəhlizinin açılmasını qaçılmaz edib. Zəngəzur dəhlizi vasitəsilə digər bölgələrimizin Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqələrinin qurulması perspektivi çox yüksəkdir. Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” hazırlanıb.

Dövlət Proqramında Naxçıvan Hava Limanının fəaliyyətinin, xidmətlərinin genişləndirilməsi öz əksini tapmışdır. Bu gün sərnişinlərin artan tələbatına cavab olaraq Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik uçuşların sayı artırılıb. Bu istiqamətdə hər gün 4 müntəzəm reys yerinə ən azı 12 reysin yerinə yetirilməsi nəzərdə tutulub. Naxçıvana uçuşların sayının artması Muxtar Respublikanın cəlbediciliyindən xəbər verir. Naxçıvan həm sahibkarlar, həm də yerli və xarici turistlər üçün getdikcə daha cəlbedici olur. Təbii ki, bu da Azərbaycanda, o cümlədən Muxtar Respublikada aparılan genişmiqyaslı islahatların nəticəsidir.

Göründüyü kimi, Bakı-Naxçıvan və Naxçıvan-Bakı aviareyslərinə təlabat günü-gündən artır. Odur ki, AZAL təlabatı nəzərə alaraq öz fəaliyyətini günün tələbləri üzərində qurur. Vətəndaşların rahat və təhlükəsiz şəraitdə Naxçıvana gedib-gəlmələri üçün dövlətimizin hər cür imkanları var və zəruri tədbirlər həyata keçirilməkdədir.

Cəbi Quliyev

Milli Məclisin deputatı