Nərimanovda narkotikə görə 54 nəfər saxlanıldı - VİDEO

Nərimanov rayonunda sosial şəbəkələrdə müxtəlif şirnikləndirici vədlər müqabilində narkokuryerliyə cəlb olunan daha 54 nəfər saxlanılıb, barələrində cinayət işləri başlanılıb.

Bu barədə Sabahinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılan şəxslərdən ümumilikdə 8 kiloqram, o cümlədən 3 kiloqram heroin, 4 kiloqrama yaxın marixuana və 1 kiloqram metamfetamin aşkar edilib.

Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr vasitəsi ilə tanış olduqları xarici ölkələrdə, əsasən İranda yaşayan narkotacirlərin təsiri altına düşərək onların müxtəlif şirnikləndirici vədləri müqabilində Bakı şəhərində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.

Aşkar edilən faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının son dövrlərdə keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 17 kiloqram, cümlədən 9 kiloqram heroin və digər güclü təsiredici narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.