“Niderland işi”ndə erməni əli…

 

 Erməni lobbisi ötən ilin dekabrın 12-də Laçın-Xankəndi yolunda Azərbaycanın faydalı qazıntılarının qanunsuz istismarına qarşı ekofəalların və QHT nümayəndələrinin etiraz aksiyası ilə bağlı qarayaxma kampaniyasını davam etdirirlər. Hətta bu kampaniyaya müxtəlif ölkələri, eləcə də beynəlxalq təşkilatları da cəlb ediblər. Yanvarın 18-də Avropa Partlamentinin, yanvarın 21-də isə Niderland parlamentinin Azərbaycanın əleyhinə növbəti ermənipərəst qətnamə qəbul etmələri bu kampaniyanın tərkib hissəsidir. Əlbəttə ki, bütün bu qarayaxma ideyaları Amerika Erməniləri Milli Komitəsindən (ANCA) qaynaqlanır. Çünki ANCA və partnyor təşkilat olan Erməni Gənclər Federasiyası (AYF) bu qətnamələri böyük sevinclə qarşılayaraq dünya KİV-lərində və sosial şəbəkələrində durmadan paylaşırlar. 

 Niderlandada isə Niderland Erməni Təşkilatları Federasiyası bu baxımdan fəallıq göstərərək ermənipərəst mediada və erməni profilli sosial şəbəkələrdə tez-tez paylaşımlar edirlər.

 Göründüyü kimi, “Niderland işi”ndə yenə də erməni əli var. Hətta ermənilərin təzyiqi altında bu qətnamələrin qəbul edildiyini demək olar. Çünki qətnamələrin qəbul edilməsindən əvvəl erməni icma strukturları Avropa Parlamentinin və Niderland parlamentinin binası qarşısında günlərlə sükut aksiyası keçiriblər.

 Niderland parlamentində bu məsələ ermənipərəst partiyaların nümayəndələri tərəfindən müzakirəyə çıxarılıb. Qəbul edilən qətnamədə parlament öz hökumətini, eləcə də digər Aİ ölkələrini Azərbaycana təzyiq göstərməyə çağırıb.

Qətnamənin təşəbbüskarı Xristian İttifaqı fraksiyası olub. Həmin fraksiyada da Xristian Birlik Partiyası və Xristian Demokratik Müraciət Partiyası bu baxımdan fəallıq göstərib. Sənədin müəllifi isə Xristian Birlik Partiyasında deputat Don Sederdir. Qətnaməni Xristian Demokratik Müraciət Partiyasından xanım Agnes Mulder imzalayıb. Təəssüf ki, Niderland parlamentində türk əsilli Tunahan Kuzunun rəhbəri olduğu Denk (Düşün) partiyası da qətnamənin lehinə səs verib…

 Xatırladaq ki, Xristian Birlik Partiyası hər zaman erməniprəstliyi ilə seçilib. Bu partiya rəsmiləri daima Qarabağdakı qondarma rejimlə əməkdaşlıq edir. Hətta, partiya tərəfindən bir neçə dəfə Niderlanda oradan rejim nümayəndələrinin səfəri təşkil edilib. Həmçinin partiya rəsmilərindən qanunsuz olaraq Qarabağa səfərlər edənlər də olub.

 Ümumiyyətlə, Niderland parlamentində çalışanların arasında ermənilər də çoxluq təşkil edir. Bir çox deputatların assisentləri elə ermənilərdir.

Önəmli məsələ budur ki, parlamentin belə qərar çıxarması heç də Niderland hökumətinin rəyini ifadə etmir. Çünki əvvəlki illərdə də Niderland parlamenti tərəfindən Azərbaycan əleyhinə belə həqiqəti əks etdirməyən qərəzli qətnamələr qəbul edilib. Xüsusən 44 günlük Vətən müharibəsi günlərində belə qətnamələr tez-tez qəbul edilmişdi. Məsələn, 2020-ci ilin oktyabr-noyabr aylarında Niderland parlamenti Azərbaycan və Türkiyə əleyhinə 17 qətnamə qəbul etmişdi. 

 Niderlandakı Azərbaycan diasporu son qətnaməyə öz etirazını bildirərək, parlamentdə görüşlə bağlı müraciət edib. Yanvarın 31-də 13:45-də diaspor üzvlərinin parlamentdə 15 dəqiqəlik görüşünə icazə verilib. Bununla yanaşı, soydaşlarımız yanvarın 30-dan başlayarq 3 gün Haqqa məhkəməsi qarşısında etiraz aksiyası keçirəcək.  

 

Fuad Hüseynzadə

Sabahinfo.az