"Niyyətlərinə nail ola bilməyəcəklər"

"Paşinyan hakimiyyətinin son vaxtlardakı hərəkətləri 44 günlük müharibə dövründəki hərkətləri xatırladır. Necə ki, o dövrdə İrəvandakılar telefon dəstəyindən sallanıb ən müxtəlif ölkə liderlərinin, təşkilatlarının rəhbərlərinə zəng edib zəhlələrini tökərək, Azərbaycandan xəbərçilik, demaqoqluq edirdisə, bu gün də eyni vəziyyətdir. Yenə özlərini yazıq obrazına girib, haray-həşir qoparırlar ki, ay amanın günüdür, guya Azərbaycan Qarabağda yaşayan bir ovuc erməninin yolunu kəsib. Bütün bunlar ağ yalandır. Əgər onların yolu bağlanıb, blokadaya alınsaydı, o zaman həmin yoldan indiyədək minə yaxın avtomobil keçməzdi. Bu bir daha göstərir ki, yol humanitar məqsədlər üçün bağlı deyil. Aksiyanın konkret hədəfi var və məqsədinə çatanadək davam edəcək. Sadəcə, hər zaman olduğu kimi ermənilər bundan öz məqsədləri üçün spekulyasiya etməyə çalışırlar. Amma niyyətlərinə nail ola bilməyəcəklər”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, ermənilər mənasız hay-küy salmaqdansa, üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirib sülh sazişini imzalasalar yaxşı olar. 

“Amma bilrisiniz ki, Ermənistan heç zaman müstəqil siyasət yürüdə bilməyib. Kiminsə əlində  alət olublar və öz milli, dövlət maraqlarını başqalarının maraqlarına qurban veriblər. Bunun da hər dəfə  ağır bədəlini ödəməli olublar. Bu gün də   həmin  siyasəti yürütməklə əslində erməniləri fəlakətə sürükləyirlər”, - o qeyd edib.

Deputat əlavə edib ki, Ermənistan Fransanın əlində oyuncağa çevrilməklə bölgədə sülh prosesini pozmağa çalışır: “44 günlük Vətən müharibəsinin bitməsindən iki ildən artıq müddət keçməsinə baxmayaraq, hələ də bəzi güclər və ölkələr Azərbaycanın qələbəsini, Cənubi Qafqazda yaratdığı reallığı həzm edə bilmir. Ona görə də oyuncaq Ermənistandan bir alət kimi istifadə edib bölgədə dayanıqlı sülhün əldə olunmasına hər vəchlə mane olmağa çalışırlar. Fransa və digər güclər bu cür təxribatçı fəaliyyətləri ilə sülh danışıqları prosesini dondurub uzada bilərlər, ancaq sonunda bunun qarşısını ala bilməycəklər. Çünki sülhün əldə olunmaması və prosesin dalana dirənməsindən uduzan tərəf ancaq və ancaq Ermənistan olacaq. Necə ki, zamanında həmin anti-Azərbaycan güclərin planlarını alt-üst etdik və  nəticədə himayə etdikləri Ermənistanı xilas edə bilmədilər. Növbəti mərhələdə də yenə elə olacaq. 

Azərbaycana qarşı məkrli, çirkin oyun quranların oyunları zaman-zaman pozulmaqdadır və gələcəkdə də pozulacaq. Fransanın 44 günülük Vətən müharibəsində və bu yaxınlarda BMT Təhlükəsizlik Şurasındakı cəhdləri Azərbaycan tərəfindən iflasa uğradıldı. Heç nə edə bilmədilər. Yenə də təxribata əl atıb, can-fəşanlıq etməkdədirlər. Yenə də oyunları pozulacaq. Bu gün sülh üzləşdiyi böhranlı vəziyyətdən çıxmaq üçün daha çox Ermənistana vacibdir. Azərbaycan inkişaf edir və inkişaf edib beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirməkdədir. Vaxt itkisi isə Ermənistanın ziyanına işləyir. Azərbaycanın məsələ ilə bağlı şərtləri ortadadır. Ermənistan həmin şərtlərə uyun sülh sazişini imzalamalıdır. Cənab Prezident Azərbaycanın bu qəti mövqeyini ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşündə də bir daha onun diqqətinə çatdırıb.

Ermənistanın Azərbaycanla sülh sazişi imzalamaqdan başqa alternativ yoxdur. Ermənistan tərəfi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə bağlı rəsmi mövqeyini dəfələrlə bəyan edib. Ona görə də nəyisə bəhanə edib telefonlardan sallanıb şikayət, xəbərçilik, demaqoqluq etməkdən əl çəkib, ortaya siyasi iradə qoyub sülh sazişinin imzalaması istiqamətində konkret addım atmalıdır. Yoxsa, yenə də  nəyəsə və ya kimlərinsə  vədinə ümid edirsə yanılır. Kimsə onları üzləşdiyi durumdan xilas edə bilməycək. Xilas edə biləcək bir  ölkə və ya güc varsa, o da Azərbaycandır. Azərbaycan Ermənistan və ermənilərə üzləşdikləri bu çətin vəziyyətdən çıxmağa hərtərəfli dəstək verməyə hazırdır. Bunu cənab Prezident də dəfələrlə bəyan edib. Artıq zaman getdikcə daralır. Ermənilər zaman darlığını nə qədər tez dəyərləndirib, nəticə çıxarsalar özləri üçün faydalı olar”.