"Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir"- Cəbi Quliyev

Novruz xalqımızın zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə əks etdirən ən qədim və ən əziz bayramlarımızdan biridir. Bu təbiət bayramı Azərbaycanla yanaşı, digər türk xalqlarında və bir çox qonşu ölkələrdə böyük təntənə ilə qeyd olunur. Novruz yeni ilin başlanğıcı, təbiətin oyanışı, həyatın canlanmasıdır.

“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” – Ulu Öndər Heydər Əliyev ("Azərbaycan" qəzeti, 24.03.1998)

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını  reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. 2021-ci ilin Novruz bayramında Prezident İlham Əliyev mədəniyyət paytaxtımız olan Şuşa şəhərinə gəldi və Cıdır düzündə Novruz tonqalı yandırdı.

    İstər qədim türk mifologiyasında, istərsə də islamın yaradılış haqqında görüşlərində canlıların var olması üçün su, torpaq, yel (hava) və od əsas ünsürlər hesab olunur. İnsanların qədim inanc və təbiət qüvvələrinə olan heyranlıqları min illər ərzində formalaşaraq bayramların yaradılmasında, adət-ənənələrin formalaşmasında xüsusi önəm daşıyıb.Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Tarixi İslamdan əvvələ qədər uzanan  Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Bu bayrama verilən dəyər kimi, 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. Milli-mənəvi dəyərlərimizə verilən dəyərin ən gözəl nümunələrindən biri də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsidir. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.

   Novruz bayramı həm də milli adət-ənənələrimizin bütün dolğunluğu ilə yaşandığı vaxtdır. Xalqımızın adətlərinə görə Novruz bayramında küsülülər barışmalı, qohum-qardaşlar bir-birini ziyarət edib xonça nemətlərindən pay tutmalıdır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”

    Bolluq-bərəkət bayramı olan Novruzda ailə böyükləri ziyarət edilər, onlardan xeyir-dua alınar. Kimsəsiz yaşlı insanları bayramda sevindirmək, onların könlünü almaq, hədiyyələr aparmaq bayramın ən gözəl adətlərindən hesab olunur.“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərinin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, Keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, Keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – “Çovqan” oyunu keçirilir. Novruz bayramı mədəniyyət xadimlərinin də yaradıcılığında da tərənnüm olunub. Xalq sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq kimi” Azərbaycan filmləri də çəkilib.

   Saflığı və səmimiyyəti ilə seçilən Novruzda ən çox sevinənlər isə uşaqlardır. Onların sevincinə səbəb olan ən gözəl Novruz ənənəsi sözsüz ki, papaqatmadır. Xüsusilə, kənd yerlərində ilaxır çərşənbədə bayram süfrəsi açılandan sonra uşaqlar müxtəlif geyimlərlə üz-gözlərini gizlədər, qonşulara, qohumlara papaq atmaqla onlardan bayram sovqatı alarlar. Milli bayramımız olan Novruzda qız-gəlinlər milli geyimlərə üstünlük verərlər. Bu bayram həm də soykökə bağlılıq təzahürüdür.    

    Novruz bayramı deyəndə ağıla gələn ilk atributlardan biri də bayram süfrəsidir. İnanclara görə süfrəyə düzülən nemətlər nə qədər bol çeşidli olarsa, həmin il də bərəkətli olar. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal - günəşi, şəkərbura - ayı, rənglənmiş yumurta - həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 8 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmə süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir.Novruz haqqında danışanda onun əsas atributu olan səmənini unutmaq olmaz. Yaşıllığı, təbiəti, yeni həyatı təmsil edən səməni həm də xoş arzu niyyət hesab olunur. Xalq inancına görə, hər kəs səmənini özü cücərtməlidir. Səməni cücərtmədən əvvəl tutulan niyyət səməni yaxşı cücərəndə qəbul olar. Yalnız Novruz bayramı ərəfəsində bişirilən səməni halvası da bu bayramın ən gözəl nemətlərindən hesab olunur.

    Baharın gəlişi ilə insanlar həm də torpağın əkilib-becərilməsinə başlayırlar. Tarlalarda şum qaldırılır, torpağa toxum səpilir, bağlarda ağaclar budanır, meşələrdə bayramın ilk müjdəçisi novruzgülü boy atmağa başlayır. Elliklə qeyd edilən bu bayramda hər kəsin dilində əsrlərdən süzülüb gələn Novruz nəğmələri oxunur.

    Birlik-bərabərlik bayramı olan Novruz hər il yurdumuzda xüsusi təntənə ilə qeyd edilir. Onun bütün inanclarını, adət-ənənələrini yerinə yetirməklə növbəti il üçün təbiətin xeyir-duası alınır. Qoy, bu bahar bayramı xalqımıza əmin-amanlıq gətirsin. Vətənimizdə təbiətin xoş ətri duyulsun, ocaqlarımız isti, süfrəmiz bərəkətli olsun. Novruz bayramınız mübarək!

 

Cəbi Quliyev

Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru