Novruzəli Aslanov: “Almaniyanın işgüzar dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar”

“Bu gün bəzi Qərb ölkələri tərəfindən Azərbaycana qarşı ifrat dərəcədə qərəzli mövqe nümayiş etdirildiyi, ikili standartların tətbiq olunduğu heç kim üçün sirr deyil. Digər tərəfdən isə, bir çox Avropa dövlətlərində belə yanaşma heç də birmənalı qarşılanmır. Məsələ bundadır ki, bu ölkələrin xüsusən işgüzar dairələrinin nümayəndələri müstəqil siyasət yürüdə bilməyən, müflis duruma düşmüş və hər zaman xarici himayədarlardan asılı olan Ermənistanla müstəqil, güclü və zəngin Azərbaycan arasında seçim etmək məqamında heç bir tərəddüd etmədən üstünlüyü məhz ölkəmizə verirlər. Elə fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyətinin ölkəmizə səfəri də bundan xəbər verir. Ölkə Prezidenti cənab İlham Əliyevin nümayəndə heyətini qəbul etməsi də bir daha onu göstərir ki, Azərbaycan hər zaman bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa açıqdır. Görüşdə iştirak edən Almaniya səfiri də qeyd etdi ki, iş adamlarından ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri də ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirməkdən ibarətdir. Xüsusi olaraq vurğulandı ki, Almaniya biznes dairələri və şirkətləri enerji sahəsində transformasiya məsələlərinə böyük töhfələrini verməyə hazırdırlar. Əlbəttə ki, Azərbaycan da Almaniya ilə iqtisadi əlaqələrin inkişafında çox maraqlıdır. Həmçinin bunu da nəzərə almaq lazımdır ki, bu ölkə bəzi digər dövlətlərdən fərqli olaraq Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı məsələlərin müzakirəsi zamanı daha çox neytrallığını qoruyub. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə ölkələrimiz arasında əlaqələrin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd etdi. Həmçinin dövlətimizin başçısı bildirdi ki, Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüş sülh prosesinə dinamizm gətirilməsi baxımından da önəm kəsb edib.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Daha sonra fikirlərini davam etdirən deputat bildirib ki, bəzi Avropa təsisatları tərəfindən Cənubi Qafqaz ölkələri arasında ayırıcı xətlər çəkmək cəhdləri açıq-aşkar islamofobiyanın təzahürlərini xatırladır: “Möhtərəm dövlət başçımız hər zaman olduğu kimi, bu qəbulda da öz fikirlərini aydın və birmənalı şəkildə ifadə etdi. İlk növbədə qeyd olundu ki, Cozef Borrelin Azərbaycanın guya ki, Ermənistana hücum etməyə hazırlaşması barədə məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə bir planları yoxdur. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə hesablanıb və bununla rəsmi Paris Ermənistanı silahlandırmaqla regionda vəziyyəti gərginləşdirmək cəhdlərinə don geyindirməyə çalışır. Digər tərəfdən də Avropa institutlarının Gürcüstan və Ermənistanı çox yaxın qəbul etmələri, Azərbaycanı təcrid etməyə çalışmaları son zamanlar Qərbdə getdikcə daha çox yayılan islamofobiyanın aşkar təzahürü kimi qiymətləndirilə bilər. Təəssüflər olsun ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib və bu qarşılıqlı əməkdaşlığın genişlənməsinə qətiyyən xidmət edə bilməz. Buna görə də əməkdaşlıqda maraqlı olan dövlətlər Cənubi Qafqaz regionunda aparıcı ölkə olan Azərbaycan ilə münasibətlərini bərabərhüquqlu əsalar üzərində qurmalıdırlar” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.