Novruzəli Aslanov: “Azərbaycan bərpaolunan enerji sahəsində də möhtəşəm uğurlara imza atacaq”

“Məlumdur ki, Azərbaycanın xarici əlaqələrinin dinamik inkişaf etdirilməsi, o cümlədən dost və qardaş müsəlman ölkələri ilə münasibətlərin yeni, strateji səviyyəyə yüksəldilməsi bu gün dövlətin xarici siyasətinin əsas prioritet istiqamətlərindəndir. Aydındır ki, bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin həmin ölkələrə etdiyi səfərlər xüsusi əhəmiyyət kəsb edir. Həmçinin dövlət başçımızın yanvar ayının 15-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) etdiyi iki günlük səfəri də ölkələrimiz arasında münasibətlərin bir çox sahələrdə strateji əhəmiyyət daşıdığını bir daha təsdiqlədi. Qeyd edək ki, BƏƏ Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin dekabr ayında tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabrında qurulsa da, yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə, 1997-ci ildə qəbul olunmuş Qanuna əsasən Respublikamızın Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilmişdir. İki ölkə arasında münasibətlərin müqavilə-hüquq bazası əsasında inkişafı isə artıq Azərbaycana cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə özünün daha dinamik fazasına keçid almışdır. Belə ki, 2003-cü ildən sonrakı dövr ərzində ölkələrimiz arasında bir çox əhəmiyyətli sahələri əhatə edən onlarla razılaşma, saziş, anlaşma memorandumu və digər vacib hüquqi sənədlər imzalanmışdır. Xüsusi olaraq qeyd etmək istərdim ki, hələ işğal dövründə Azərbaycanda baş verən hadisələri düzgün və olduğu kimi dünya ölkələrinə çatdırmaq məqsədilə BƏƏ müxbirləri dəfələrlə ölkəmizdə olmuşlar. Həmçinin BƏƏ-nin Qırmızı Aypara Cəmiyyəti Azərbaycanda erməni faşistlərinin törətdikləri cinayətlərdən əziyyət çəkən uşaqlara, qaçqınlara və döyüş meydanlarında yaralanan əsgərlərə ərzaq, geyim və zəruri dava-dərmanlar göndərmişlər. Bu gün isə Azərbaycan artıq öz ərazi bütövlüyünü öz gücünə bərpa etmiş, qalib dövlət olaraq bütün digər dost ölkələr kimi, Birləşmiş Ərəb Əmirlikləri ilə də münasibətlərini tamamilə yeni formatda inkişaf etdirir.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat qeyd edib ki, Prezident İlham Əliyevin Əbu-Dabidə keçirilmiş mötəbər beynəlxalq tədbirdə etdiyi çıxışında diqqət mərkəzinə gətirdiyi məqamlar Azərbaycan və BƏƏ arasında əməkdaşlıq əlaqələrinin bundan sonrakı əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir: “Yanvarın 16-da Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edən cənab Prezident bir daha vurğuladı ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçıları arasında bir gün öncə keçirilmiş görüş ölkələrimiz arasında münasibətlərin bir çox sahələrdə yeni, daha yüksək mərhələyə keçid aldığını bir daha təsdiqlədi. Həmçinin möhtərəm dövlət başçımız Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsinə dair həyata keçirilən layihələrdə əsas hədəfin heç də ölkənin daixili enerji təhlükəsizliyinin təmin edilməsi olmadığını diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycan özü üçün bu məsələni hələ bir neçə il əvvəl həll edib. Bu gün ölkəmiz nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam neftin, neft məhsullarının, təbii qazın, neft-kimya məhsullarının və elektrik enerjisinin qonşu dövlətlərə və Avropaya ixracatçısı kimi çıxış edir. Həmçinin cənab Prezident İlham Əliyev bərpaolunan enerji ilə bağlı dövlət proqramlarının tamamilə fərqli gündəliyə malik olduğunu vurğulayaraq bildirdi ki, ilk növbədə bu layihələr Azərbaycanın nəhəng potensialı nəzərə alınmaqla, enerji ixracının şaxələndirilməsini nəzərdə tutur. Təbii ki, nəticə etibarı ilə ölkə iqtisadiyyatının yeni, ekoloji təmiz sektorunun yaradılması da əsas hədəflərdəndir. Bu baxımdan Azərbaycan Dövlət Neft Şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında yanvarın 15-də dörd sənədin imzalanması mühüm addımdır. Bu sənədlər “Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair anlaşma”, “Bərpa olunan enerji və enerji səmərəliliyi”, “Bərk məişət tullantılarından enerji istehsalı”, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahələrində əməkdaşlığa dair” anlaşma memorandumlarıdır. Tərəflər arasınds ilkin mərhələdə 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzalanıb. Növbəti, ortamüddətli layihələrdə isə güclər artıq 10 qiqavata qədər artırılacaq. Dövlət başçımızın qeyd etdiyi kimi, “Masdar” ilə əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixracatçısına çevirəcəkdir. Təbii ki, bu irimiqyaslı layihələri xarici şirkətlər və investorlar üçün cəlbedici edən əsas məqam bu gün ölkəmizdə investisiya mühitinin çox müsbət olması ilə bağlıdır. Azərbaycan uzun illər ərzində özünü etibarlı tərəfdaş kimi təsdiq edərək neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. Bu gün isə qarşıda duran yeni hədəf artıq bərpaolunan enerji sahəsidir və heç bir şübhə yoxdur ki, Azərbaycan bu sahdə də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara imza atacaq”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.