Novruzəli Aslanov: “Prezident İlham Əliyev Azərbaycan xalqına Şuşadan müraciət etməklə bütün dünyaya növbəti mühüm mesaj ünvanladı”

 

“Bu il bütün Azərbaycan xalqı üçün xüsusi, tarixi əhəmiyyət kəsb edən əlamətdar bir ildir. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” elan olunmuş 2023-cü il həm Azərbaycanda, həm də xarici ölkələrdə keçirilən bir çox tədbirlərlə davam edir. May ayının 10-da bütün xalqımız, bütün dünya azərbaycanlıları Ulu Öndərimizin 100 illik yubileyini böyük təntənə ilə qeyd etdi. Cənab Prezident İlham Əliyev bu möhtəşəm gün münasibətilə Azərbaycan xalqına müraciət etmək üçün Şuşa şəhərini seçməklə Ümummilli Liderimizin ən böyük vəsiyyətinə əməl olunduğunu, ən böyük arzusunun gerçəkləşdiyini bir daha diqqət mərkəzinə çəkmiş oldu. Eyni zamanda da möhtərəm dövlət başçımız məhz Şuşanın tarixi Zəfərimizin rəmzi olduğunu vurğuladı. Şuşanın azad olunması Qələbəmizin kilid hadisəsi oldu. Bu hadisədən bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı. Bu gün isə artıq Qarabağ və Şərqi Zəngəzurda yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Müharibədən cəmi iki il yarım keçəndən sonra artıq keçmiş köçkünlərimiz iki kəndə qayıtmışlar. Son bir neçə gündə bilavasitə cənab Prezidentimizin iştirakı ilə daha 10 kəndin bünövrəsi qoyuldu. Bütün şəhərlərin Baş planları tərtib edilib və bütün şəhərlərdə indi genişmiqyaslı inşaat işləri aparılır. Bu gün Qarabağ və Zəngəzur yenidən dirçəlir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat Ümummilli Lider Heydər Əliyevin hələ sovet dövründə atdığı məqsədyönlü addımları ilə gələcək müstəqil Azərbaycan dövlətinin əsaslarını yaratdığını diqqət mərkəzinə çəkərək, Ulu Öndərimizin bu yolda çox böyük təzyiqlərə məruz qaldığını, həyati təhlükələrə sinə gərdiyini vurğulayıb: “Azərbaycana ilk dəfə rəhbərlik etdiyi sovet dönəmində, 1969-1982-ci illərdə Heydər Əliyev respublikamızın keçmiş İttifaqın ən geridə qalmış mənublarından ən qabaqcıl respublikalardan birinə çevrilməsinə nail olmuşdur. Müasir müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı da məhz o illərdə formalaşmışdır. Həmçinin 1982-1987-ci illər ərzində Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və Nazirlər Sovetinin sədrinin birinci müavini işlədiyi müddətdə Ulu Öndər daim Azərbaycana öz diqqətini, qayğısını göstərirdi. Məhz bu qayğı və diqqət nəticəsində Azərbaycan o illərdə də uğurla inkişaf edirdi. Ən əsası da bu idi ki, Heydər Əliyev SSRİ rəhbərliyində məsul vəzifədə olduğu müddətdə düşmənlərimiz Azərbaycana qarşı heç bir addım ata bilmirdilər. Öz çıxışında cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan xalqının faciələri Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başladı. Ulu Öndərimizin 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdılar və bununla Azərbaycanın faciələri başlandı. Lakin Ulu Öndərin SSRİ-nin siyasi hakimiyyətindən gedişi ilə öz xalqının azadlığı uğrunda mübarizədən də çəkiləcəyini düşünənlər çox yanılmışdılar. Qanlı 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz Ümummilli Liderimiz çatdırmışdır. Ulu Öndər yanvarın 21-də bütün risk və təhlükələrə rəğmən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir. 1990-cı ilin iyul ayında Ulu Öndər Moskvadan Bakıya gəldi. Lakin ovaxtkı antimilli Azərbaycan rəhbərliyi Heydər Əliyevi özləri üçün əsl təhlükə kimi görürdülər. Bu səbəbdən də Ulu Öndər Naxçıvana getmiş və orada yaşamağa başlamışdır. O zaman Naxçıvan da ağır günlərini yaşayırdı. Tam blokadada olan Naxçıvanın, ümumiyyətlə, gələcəkdə yaşaması ilə bağlı çox böyük təhlükələr var idi. Ulu Öndər Naxçıvanı qorudu və inkişaf etdirdi. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı. Azərbaycanda hakimiyyətdə olan qüvvələr isə hər vəchlə çalışırdılar ki, Heydər Əliyev Naxçıvandan uzaqlaşdırılsın. Naxçıvan blokadada boğulurdu, xain qüvvələr isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər. Sanki istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşdi. Möhtərəm dövlət başçımızın dediyi kimi, müstəqilliyə gedən yol məhz Naxçıvandan başlamışdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdır, Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılmışdır. Həmçinin unutmaq olmaz ki, 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına zəmin formalaşdırdı. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi.”

Daha sonra fikirlərini davam etdirən N.Aslanov 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışının dövlətçiliyimizin xilası üçün yeganə mümkün yol olduğunu qeyd edərək bunları deyib: “1991-1992-ci illərdə ölkə rəhbərliyində olan qüvvələr hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə də rəvac vermişdilər. Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verildi. Şuşa işğal olunandan on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Məhz belə bir ağır tarixi dövrdə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin simasında nicat yolunu görürdü. Xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev gənc, müstəqil Azərbaycan dövlətinin, sözün əsl mənasında, xilaskarına çevrildi. Öz dahi rəhbərinə inam göstərməklə xalqımız bir daha öz müdrikliyini nümayiş etdirdi. Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan dərhal sonra ölkədə ciddi islahatlara başlanıldı. Bütün azadlıqlar təmin edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu. Böyük diplomatik səylər göstərildi, Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, beynəlxalq təşkilatlar işğalla bağlı ədalətli və bizim mövqeyimizi gücləndirən qərar və qətnamələr qəbul etməyə başladılar. Möhtərəm dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi oldu. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir. Ulu Öndər Heydər Əliyevin neft strategiyası bu gün imkan verir ki, Azərbaycan Qarabağı, Zəngəzuru yenidən qursun. 1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt ölkəmizin bugünkü iqtisadi qüdrətini şərtləndirən əsas amildir. Cənab Prezident İlham Əliyevin çıxışında diqqət mərkəzinə çəkdiyi mühüm məqamlardan biri də bu gün ölkəmizdə görülən bütün işlərin təməlində
milli-mənəvi dəyərlərimizə bağlılığın durması barədə səsləndirdiyi fikirləridir. Dövlətimizin başçısı bildirdi ki, bu gün dünyada müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Azərbaycan isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyini çox möhkəm milli-mənəvi təməl üzərində qurur. Buna görə də Azərbaycan gəncliyinin öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlılığı hər zaman dövlətin xüsusi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində yetişmiş gənc nəsil İkinci Qarabağ müharibəsində böyük şücaət nümayiş etdirərək Vətən torpaqlarını düşməndən təmizlədi. Şuşa kimi alınmaz qala faktiki olaraq yüngül silahlarla, əliyalın azad edildi. Lakin Azərbaycanda ordu quruculuğu işi müharibədən sonra daha böyük vüsətlə davam etdirilir. Çünki bu gün müasir dünyada müxtəlif təhdid və təhlükələr getdikcə artır və xalqımız hər bir təhlükəni dəf etməyə, Ulu Öndərimizin bizlərə, gələcək nəsillərə miras qoyduğu müstəqil dövlətimizi qorumağa bundan sonra da hər zaman qadir olmalıdır”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.