Novruzəli Aslanov: "Qələbəmizin təntənəli nümayişi ”

“İki il bundan əvvəl, 2020-ci il dekabr ayının 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradının mahiyyətini açıqlayan Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bu tarixi hadisə barədə demişdir: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.” Həqiqətən də Zəfər paradı xalqımız üçün, bütün dünya azərbaycanlıları üçün və əlbəttə ki, ümumilikdə Türk dünyası üçün yeni başlanğıcların möhtəşəm simvoludur. Bu parad uzun illərdən bəri torpaqlarımızın ermənilər tərəfindən davam edən işğalının sonunu bəyan etməklə, həm ölkəmizin, həm də bütün Türk dünyasının gücünə güc qatmış tarixi Qələbəmizin təntənəli nümayişi oldu.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat erməni işğalının səbəb olduğu fəsadlardan və uzun illər sonra tarixi Qələbəmizi şərtləndirən amillərdən danışaraq bunları qeyd edib: “1980-ci illərin sonlarından başlamış və artıq bir neçə il sonra, 90-cı illərin əvvəllərində açıq hərbi təcavüzə keçmiş Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti növbəti illərdə ərazilərimizin 20 faizinin zəbt olunması ilə nəticələnmişdi. Həm işğal edilmiş ərazilərimizdən, həm də Ermənistanın tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə, İrəvan mahallarından yüz minlərlə azərbaycanlı qovularaq öz dədə-baba torpaqlarından didərgin salınmışdır. Yalnız Ulu Öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra işğalın qarşısı alınmış, ümummilli liderimizin həyata keçirdiyi xarici siyasət kursu sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, baş verənlərə düzgün siyasi qiymət verilməsi istiqamətində beynəlxalq səviyyədə səmərəli iş aparılmağa başlanmışdı. Ulu Öndərin başladığı və 2003-cü ildən etibarən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzun illər ərzində uğurla davam etdirdiyi gərgin fəaliyyətin nəticəsi olaraq bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradıldı. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı. Buna paralel olaraq Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2003-2020-ci illərdə müharibəyə böyük hazırlıq işlərini həyata keçirdi. Bu illər ərzində ölkəmizin əsas büdcə xərcləri hərbi xərclər olmuşdur. Görülən tədbirlər sayəsində ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, qoşunlarımız müasir silah-sursat, texnika ilə təchiz edildi. Ölkədə siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Vacib islahatlar aparıldı və siyasi müstəvidə vəziyyət sağlamlaşdırıldı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi.”

Daha sonra N.Aslanov bildirib ki, Zəfər paradı dövlətimizin qətiyyətinin və ordumuzun gücünün bütün dünyaya nümayişi idi: “Otu il ərzində davam edən işğal dövründə bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar təkidlə bildirirdilər ki, münaqişənin hərbi yolla həlli variantı mövcud deyil. Yalnız Azərbaycan Prezidenti cənab İlham Əliyev hər dəfə bunun əksini söyləyirdi. Dövlət başçımız bütün bu illər ərzində bəyan edirdi ki, münaqişənin hərbi yolla həlli mümkündür və Azərbaycan bu hüququndan istənilən an istifadə edə bilər. Nəhayət 2020-ci ilin sentyabr-noyabr aylarında bütün dünya növbəti dəfə Azərbaycan Prezidentinin haqlı olduğunu gördü. Vətən müharibəsinin davam etdiyi 44 günün hər biri şanlı tariximizin bir silinməz səhifəsinə çevrildi. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın hücum əmrini və Qələbə gününü gözləyən Azərbaycan xalqı öz ordusunun və öz rəhbərinin ətrafında sıx birləşərək dəmir yumruq yaratdı. Vətənə və öz əsgər andına sadiq olan qəhrəman Azərbaycan hərbiçiləri arasında müharibə dövründə bir dənə də olsun fərarilik halı baş vermədi. Hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdi. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdu. Bu iki faktor bir tərəfdən Azərbaycan Ordusunun gücünü-qüdrətini, digər tərəfdən də dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi.”

Həmçinin deputat Zəfər paradının həm də Azərbaycan-Türkiyə qardaşlığının və müttəfiqliyinin daha bir nümayişi olduğunu vurğulayaraq bunları deyib: “Zəfər paradının siyasi-mənəvi önəmini vurğulayan məqmlardan biri də budur ki, Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı da parada gətirilmişdi. Bakıda keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri də iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə qəbul etmişdilər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan müharibənin ilk saatlarından Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır.”
Sonda N.Aslanov bunu da qeyd edib ki, Vətən müharibəsi başa çatdıqdan sonra dövlətimiz tərəfindən tarixi Qələbəmizin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır: “İlk növbədə Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlar və mülki işçilər müxtəlif orden və medallarla təltif edilmişdir. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunmuşdur. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.Bakıda, Yeni Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkında nümayiş etdirilən ələ keçirilmiş düşmən texnikası Azərbaycan Ordusunun gücünü və Ali Baş Komandanımızın düşməni diz çökdürən polad iradəsini bir daha bütün dünyaya göstərir. Hərbi Qənimətlər Parkı Azərbaycan tarixinin ən şərəfli səhifələrini özündə əks etdirən açıq havada yaradılmış əsl muzey kompleksidir və eyni zamanda da bu kompleks bundan sonra Azərbaycan torpaqlarına göz dikməyə cəsarət edə biləcək hər kəs üçün bir tarixi ibrət dərsi olacaq”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.