"Ödəniş xidmətlərinə çıxış imkanları genişləndiriləcək" - Tahir Mirkişili

Milli Məclisin bu gün keçirilən iclasında yeni hazırlanan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Sabahinfo.az xəbər verir ki, qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

O bildirib ki, qanu layihəsi 9 fəsil və 68 maddədən ibarətdir. Dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minir.

Qanun qüvvəyə minənədək fəaliyyət göstərən subyektlər qanun qüvvəyə minəndən 6 ay ərzində öz fəaliyyətlərini bu qanunun tələblərinə uyğunlaşdırmalıdırlar. Layihə ödəniş xidmətlərinin növlərini, bu xidmətlərin göstərilməsi zamanı ödəniş xidməti təchizatçılarının hüquq və vəzifələrini, ödəniş təşkilatları, elektron pul təşkilatları və ödəniş sistemi operatorlarının yaradılması və fəaliyyətlərinin iqtisadi, hüquqi və təşkilati əsaslarını, bu təşkilatlar üzərində həyata keçirilən dövlət tənzimlənməsi və nəzarətinin əsas aspektlərini, habelə ödəniş sistemlərinin təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi üzrə tələbləri müəyyən edir.

Layihənin hazırlanması zamanı Avropa Parlamenti və Avropa Şurası tərəfindən qəbul olunmuş “Daxili bazarda ödəniş xidmətləri” və “Elektron pul təşkilatlarının fəaliyyətinin təşkil edilməsi və prudensial nəzarət haqqında” adlı direktivlər, habelə qabaqcıl ölkələrin ödəniş sistemləri sahəsində təcrübələri əsas götürülüb. Layihənin hazırlanmasında  texniki ekspertiza çərçivəsində Dünya Bankının, habelə Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri cəlb olunub. Beynəlxalq təcrübənin təhlili məqsədilə qabaqcıl Avropa ölkələri ilə yanaşı, Gürcüstan, Türkiyə kimi yaxın qonşu ölkələrin təcrübələri də araşdırılıb.

Layihənin qəbul olunması ölkədə ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, nağdsız ödənişlərin əhatə dairəsinin innovativ texnologiyalar və rəqəmsal ödəniş alətləri əsasında daha da artırılmasına  təkan verəcək.

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.