Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir

Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı ilə strateji xarakter alan münasibətlər hazırda keyfiyyətcə yeni müstəviyə yüksəlib. Yanvarın 16-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifənin açılmasının və iki ölkə arasında alternativ enerji sferası həmçinin əməkdaşlığın möhkəmləndirilməsi yolunda növbəti çox vacib addımın göstəricisidir.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova söyləyib.

Komitə sədri qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında ikitərəfli əməkdaşlıq əlaqələrin möhkəmliyini və ölkələr arasında münasibətlərin strateji əhəmiyyətini vurğulayıb.

Ölkə başçısı İlham Əliyevin fikirlərinə nəzər yetirək: "Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq.”

Hicran Hüseynova vurğulayıb ki, mərasimdə çıxışı zamanı dövlət başçısı İlham Əliyev Azərbaycanın qaz, neft, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji ixracatçısı kimi möhkəmlənən inkişaf mövqeyindən geniş bəhs etdi. Meqa enerji layihəsi haqqında xüsusi qeyd etdi ki, Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.
Bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin etmək gücündədir. Azərbaycanda ümumi iqtisadi artımdan danışarkən, biz enerji təhlükəsizliyi məsələsinə xüsusi toxunmalıyıq. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin bərpa olunan enerji sahəsində ən iri şirkəti olan "Masdar" hazırda Azərbaycanda 230 MVt gücünə malik "Qaradağ” günəş elektrik stansiyası layihəsini reallaşdırmaqdadır. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. "Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir. Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumlarına və sazişlərə əsasən 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanında olacaqdır.

Komitə sədri vurğulayıb, ölkə Prezidenti hər zaman mühüm məqamları diqqətə çatdıraraq bildirib ki, Azərbaycana etibarlı, uzunmüddətli və ədalətli nizamlama qanunvericilik olan bazarlar lazımdır. Azərbaycana etibarlı, uzunmüddətli və ədalətli nizamlama qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Danılmaz olan bu həqiqət də məlumdur ki, hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin struktur elementlə­rindən biri olaraq həlledici yerə və rola malikdir. Bu nöqteyi-nəzərdən Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bizim planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Azərbaycanın enerji istehsalı, ixracı, daşınması sahəsində qazandığı uğurlar hamıya məlumdur. Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmış Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər "Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş nümunə kimi göstərilə bilər

"Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edir. Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir.

Dövlət başçısı Azərbaycanla Ərəb Dövlətləri Liqasına üzv olan ölkələr arasında ikitərəfli əməkdaşlığa da xüsusi önəm verdiklərini qeyd edib: "Biz aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk”. Beləliklə, Prezident İlham Əliyevin bu beynəlxalq tədbirə dəvət olunması Azərbaycanın müsəlman və türk dünyasındakı roluna, regional əhəmiyyətinə verilən qiymətdir.

Biz ilk növbədə möhtərəm Prezidentimizə, cənab Ali Baş Komandana minnətdar olmalıyıq. Məhz onun xalqımızın milli maraqlarını qorumaq üçün əlindən gələni etməsi, həyata keçirdiyi müdrik daxili islahatlar, uzaqgörən dünyəvi siyasəti Azərbaycanı dünyada lider dövlətə çevrmişdir”- deyə H.Hüseynova qeyd edib.