Ölkədə koronavirusa yoluxmada artım müşahidə edilir? - RƏSMİ

Hazırda yeni növ koronavirus infeksiyası ilə əlaqədar epidemioloji durum qənaətbəxş hesab edilir. Uzun müddətdir ki, yeni yoluxma hallarının sayı minimal-iki rəqəmli həddədir.

Sabahinfo.az xəbər verir ki, bunu  Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, yoluxan insanların böyük əksəriyyəti xəstəliyi yüngül keçirir, xəstəxanalara yatış sayı çox kiçik həddədir:

"Hətta bir neçə vaxt davam edən bayram günlərində insanlar arasında təmasların sayının artmasına baxmayaraq, yoluxma hallarında artım müşahidə edilmədi. Bu, onu deməyə əsas verir ki, vəziyyət kifayət qədər dayanıqlıdır".

T.Eyvazov qeyd edib ki, səbəb isə əhalinin əksər hissəsində xəstəliyə qarşı immunitetin formalaşmasıdır ki, bu da bir tərəfdən xəstəliyi keçirmə, digər tərəfdən isə və əsasən kütləvi vaksinasiya hesabına əldə edilib:

"Təsadüfi deyil ki, Nazirlər Kabineti son vaxtlarda karantin rejiminin yumşaldılması istiqamətində qərarlar qəbul edir və son günlərdə də bu istiqamətdə addımlar atılmaqdadır".